Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | DÜRÜST OLMAQ LAZIMDIR?

Nadürüstlüyün zərəri

Nadürüstlüyün zərəri

«Kiçik nadürüstlük insanı çətin vəziyyətdən çıxara bilər» (Samanta, Cənubi Afrika).

Bəs siz bu fikirlə razısınız? Hər birimiz Samanta kimi bəzən çətin vəziyyətə düşürük. Nadürüstlüyə vadar edən vəziyyətlərdə necə davrandığımız dəyərlərimizi üzə çıxarır. Məsələn, ad-sanımız hər şeydən önəmlidirsə, onda nadürüstlüyə bir vasitə kimi baxacağıq. Ancaq həqiqət üzə çıxanda başımız yaman ağrıyacaq. Gəlin görək necə.

NADÜRÜSTLÜK ETİBARI SARSIDIR

Münasibətlər etibar üzərində qurulur. İki adam bir-birinə etibar edəndə rahatlıq və məmnunluq duyur. Amma etibarı bir günün içində qazanmaq mümkün deyil. Bunun üçün birgə vaxt keçirmək, səmimi ünsiyyət etmək və fədakar olmaq gərəkdir. Lakin bircə nadürüst hərəkət bütün etibarı sarsıdır. İtirilmiş etibarı isə qazanmaq çox çətindir.

Nə vaxtsa yaxın dostunuz sizə xəyanət edib? Həmin vaxt hansı hissləri keçirmisiniz? Onun hərəkəti yəqin qəlbiniz qırıb, bəlkə də özünüzü aldadılmış hiss etmisiniz. Sizin hisslərinizi başa düşmək olar. Şübhəsiz, nadürüstlük dəyərli münasibətləri darmadağın edə bilər.

NADÜRÜSTLÜK YOLUXUCUDUR

Kaliforniya Universitetinin iqtisadiyyat üzrə professoru Robert İnes araşdırma nəticəsində görüb ki, «nadürüstlük yoluxucudur». Onu virusa bənzətmək olar. Yalançı adamla nə qədər çox oturub-dursanız, nadürüstlüyə yoluxmaq ehtimalı da bir o qədər çox olacaq.

Nadürüstlük tələsinə düşməmək üçün nə edə bilərik? Bu işdə Allahın Kəlamının köməyi əvəzsizdir. Gəlin bir neçə ayənin üzərində düşünək.