Fəsillər və ayələr. Bu bölgü nə vaxtdan yaranıb?
TƏSƏVVÜR edin ki, siz birinci əsrdə yaşayırsınız və yığıncağınıza həvari Bulusdan məktub gəlib. Məktub oxunan zaman eşidirsiniz ki, həvari Bulus dəfələrlə Müqəddəs Yazılardan sitatlar gətirir (2 Timutiyə 3:15). Bu dəm siz öz-özünüzə deyirsiniz: «Kaş mən onun haradan sitat gətirdiyini görərdim». Ancaq bu, elə də asan olmayacaq. Nə üçün?
NƏ FƏSİL, NƏ DƏ AYƏ VAR İDİ
Gəlin baxaq görək, Bulusun dövründə mövcud olan Tövratın əlyazmalarının görünüşü necə idi. Onlardan birinin şəkli bu səhifədə göstərilir. Bu, Ölü dəniz əlyazmalarından biri olan Əşiya kitabının bir parçasıdır. Siz nə görürsünüz? Bütöv bir mətn! Orada bir dənə də olsun durğu işarəsi yoxdur. Mətn nə fəsillərə, nə də ayələrə bölünüb.
Müqəddəs Kitabı yazanlar mətni fəsillərə və ya ayələrə bölmürdülər. Onlar sadəcə olaraq Allahdan nazil olan hər kəlməni yazırdılar. Bunun sayəsində oxucular məlumatı hissə-hissə yox, tam şəkildə alırdılar. Bəs siz sevdiyiniz birisindən məktub alsaydınız, onu necə oxumaq istəyərdiniz? Çox ehtimal ki, hissə-hissə yox, tam şəkildə.
Lakin fəsillərin və ya ayələrin olmaması çətinlik yaradırdı. Həvari Bulus Müqəddəs Yazılardan gətirdiyi sitatların yerini yalnız «necə ki yazılıb» və ya «Əşiya belə deyib» kimi sözlərlə göstərə bilərdi (Romalılara 3:10; 9:29). Əgər siz Müqəddəs Yazılara bələd deyildinizsə, çətin ki həmin sitatların yerini tapardınız.
Bundan əlavə, həmin Müqəddəs Yazılar Allahdan nazil olan bir xəbərdən ibarət deyildi. Eramızın birinci əsrinin sonunda onlar artıq 66 kitabdan ibarət bir kolleksiyanı təşkil edirdi! Buna görə də əksər oxucular Müqəddəs Kitabda fəsillərin və ayələrin olmasına çox sevinirlər. Çünki bunun sayəsində onlar konkret məlumatı, məsələn, həvari Bulusun öz məktubunda gətirdiyi sitatları asanlıqla tapa bilirlər.
Sizdə belə bir sual yarana bilər: «Bəs Müqəddəs Kitabı fəsillərə və ayələrə kimi bölüb?»
FƏSİLLƏRƏ KİM BÖLÜB?
Müqəddəs Kitabı fəsillərə bölən şəxs Kentenberrinin sonradan arxiyepiskopu olmuş ingiltərəli din xadimi Stefan Lanqton idi. O, bunu eramızın 13-cü əsrinin əvvəllərində Fransanın Paris universitetində müəllim kimi işləyərkən etmişdi.
Hələ Lanqtondan əvvəl alimlər Müqəddəs Kitabı cürbəcür üsullarla kiçik bölmələrə və ya fəsillərə ayırmışdılar. Görünür, əsas məqsəd, lazım olan yeri tez tapmaq idi. Sizcə, hansısa fikri bütün kitabda, məsələn, Əşiya kitabının 66 fəslində axtarmaq asan olardı, yoxsa konkret bir fəsildə?
Amma bu bölgülərin də bir əmması var idi. Alimlər bir-birinə uyğun gəlməyən bölgü üsulları icad etmişdilər. Məsələn, hal-hazırda 16 fəsildən ibarət «Markın müjdəsi» haradasa 50 fəsilə bölünmüşdü. Lanqtonun dövründə Parisdə müxtəlif ölkələrdən olan tələbələr var idi. Onlar özləri ilə
doğma yurdlarından Müqəddəs Kitab nüsxələri gətirmişdilər. Amma müəllimlərlə tələbələr arasında ayələri tapmaqda problem yaranırdı. Çünki hərədə fəsillər bir cür bölünmüşdü.Beləcə, Lanqton təkmilləşmiş yeni bölgü sistemi yaratdı. Bu üsul «oxucuların və mirzələrin lap ürəyincə oldu» və beləcə, «tez bir zamanda bütün Avropaya yayıldı» («The Book — A History of the Bible»). Bu gün əksər Müqəddəs Kitab nüsxələrində bu bölgü sistemini görmək olar.
AYƏLƏRƏ KİM BÖLÜB?
Təxminən 300 il sonra, yəni 16-cı əsrin ortalarında Fransanın tanınmış tipoqraf-alimi Robert Estyen işi daha da asanlaşdırdı. Məqsədi o idi ki, daha çox insan Müqəddəs Kitabı oxuyub araşdırsın. O, nömrələnmiş fəsil və ayələrin vahid bir sistemə salınmasının böyük fayda gətirəcəyini dərk edirdi.
Müqəddəs Kitab mətnini ayələrə ayırmaq fikri Estyenə məxsus deyildi. Ondan əvvəl artıq başqaları bu fikri reallaşdırmışdılar. Misal üçün, əsrlər öncə yəhudi çapçıları Əhdi-Ətiqin, yəni Tövratın bütün mətnini fəsillərə yox, sadəcə ayələrə bölmüşdülər. Ancaq yenə də vahid bir sistem yaranmamışdı.
Estyen Əhdi-Cədidi, yəni İncili yeni üsulla ayələrə böldü və onu Tövratın bölgü üsulu ilə tutuşdurub vahid bir sistemə saldı. O, 1553-cü ildə Müqəddəs Kitabı tam şəkildə fransız dilində nəşr etdi. Həmin sistem müasir Müqəddəs Kitab nüsxələrinə də tətbiq olunub. Bəziləri bunun əleyhinədir: onların fikrincə, Müqəddəs Kitabın mətnini ayələrə böləndə mətn sanki parçalanır və bir-biri ilə əlaqəsi olmayan fikirlər meydana çıxır. Lakin digər naşirlər Estyenin bu sistemini tez bir zamanda mənimsədilər.
MÜQƏDDƏS KİTAB TƏDQİQATÇILARI ÜÇÜN BİR HƏDİYYƏ
Nömrələnmiş fəsillər və ayələr çox sadə bir ideya kimi görünür. Bunun sayəsində sanki hər ayənin Müqəddəs Kitabda öz poçt ünvanı var. Düzdür, fəsil və ayələrin bölgüsü Allah tərəfindən ilham almayıb və onlar bəzən Müqəddəs Kitab mətnlərini qəribə yerlərdə kəsirlər. Ancaq bizim üçün əhəmiyyət kəsb edən sitatlar gətirəndə, hansısa ayəni vurğulayanda və kiminləsə bölüşəndə bu, işimizi asanlaşdırır. Sanki hansısa bir kitabda və ya sənəddə yadda saxlamaq istədiyimiz ifadələrin altından xətt çəkirik.
Müqəddəs Kitabın fəsillərə və ayələrə bölünməsi işi asanlışdırsa da, unutmamalıyıq ki, tam şəkli görmək — Allahın xəbərini tam başa düşmək lazımdır. Buna görə də ayrı-ayrı ayələri oxumaq əvəzinə, özünüzdə konteksti oxumaq vərdişi yaradın. Belə etsəniz, xilas üçün sizə «hikmət verməyə qadir olan Müqəddəs Yazıları» getdikcə daha yaxşı biləcəksiniz (2 Timutiyə 3:15).