Kontentə keç

Mündəricatı göstər

Dünyadan xəbərlər

Dünyadan xəbərlər

BİRLƏŞMİŞ ŞTATLAR

2012-ci il oktyabrın 29-dan başlanan həftədə Nyu–York şəhərində qətl hadisələrinin, hücum çəkmə və soyğunçuluq hallarının sayı 2011-ci ilin eyni beş günü ilə müqayisədə kəskin şəkildə azalmışdır. Bunun səbəbi Birləşmiş Ştatların şərq sahillərini öz cənginə alan «Sendi» qasırğası ucbatından bir çox ərazilərin işıqsız qalması idi. «Təbii fəlakətdən və ya [2001-ci il sentyabrın 11-də baş verən terror hadisəsi] kimi irimiqyaslı faciədən sonra gündəlik törədilən cinayətlərin sayı azalır», — deyə Nyu-York Polis Departamentinin təmsilçisi Pol Braun qeyd etmişdi. Lakin ev yarma hallarında artım müşahidə olunması Braunu təəccübləndirməmişdi. O demişdi: «Çox yerlərdə işıq yoxdur».

ANTARKTİDA

Alimlər narahatdırlar ki, Antarktidanın ekologiyası yad canlıların axını ucbatından təhlükə altındadır. Hər il materikə gələn on minlərlə insanın hər biri özləri də bilmədən ayaqqabılarına və ya çantalarına yapışmış, orta hesabla, 9,5 toxum gətirir. Yad bitkilər populyasiyaları artıq Qərbi Antarktida yarımadasında aşkar olunub.

NİDERLAND

83 yaşlı qadın 3D lazer printerinin köməyi ilə titandan hazırlanmış alt çənə sümüyünün köçürüldüyü ilk insan olub. İnfeksiya ucbatından çənəsi sıradan çıxmış bu pasient indi normal yeyə, nəfəs ala və danışa bilir. Lazer printeri əridilmiş titanı laybalay tökərək qadının çənə sümüyünün oxşarını yaratmış və həmin sümük cərrahiyyə yolu ilə xəstəyə köçürülmüşdür.

ALMANİYA

Bir qrup insan arasında aparılan tədqiqatlar göstərir ki, Almaniyanın bəzi ictimai yerlərində siqaret çəkmək qismən qadağan edildikdən sonra bir il ərzində xəstəxanalara stenokardiya ilə müraciət edən insanların sayı 13,3 faiz, ürək tutması ilə müraciət edənlərin sayı isə 8,6 faiz azalmışdır.