Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Münasibətləriniz həddi aşıbsa

Münasibətləriniz həddi aşıbsa

PROBLEM

Sizi çox yaxşı başa düşən əks cinsdən olan bir nəfərlə dostluq edirsiniz. İkiniz bir yerdə olanda istənilən mövzuda rahat danışırsınız. Və öz-özünüzə deyirsiniz: «Sadəcə söhbətimiz yaxşı tutur», halbuki həyat yoldaşınız sizin uzun-uzadı ünsiyyətinizi görsəydi, başqa cür fikirləşərdi.

Əgər dostluq münasibətləriniz həddi aşıbsa, vəziyyəti düzəltməlisiniz. İlk növbədə, vəziyyətin bu yerə gəlib çıxmasına nəyin səbəb olduğunu müəyyən etməlisiniz.

PROBLEMİN KÖKÜ

Daha çox diqqət görmək istəyi. Qısaca desək, əks cinsdən diqqət görmək çox xoşdur. Kiminsə bizə dəyər verdiyini biləndə əhvalımız qalxır və özümüzü cəlbedici hiss edirik. Ola bilsin, evləndikdən bir müddət sonra əks cinsdən olan dostunuzdan komplimentlər eşitmək üçün fürsətlər axtarmağa başlamısınız. Amma bir şeyi bilməlisiniz ki, həyat yoldaşınızdan görməli olduğunuz diqqəti başqasından ummaq sizə baha başa gələcək. Başqasına bağlandıqca həyat yoldaşınızdan uzaqlaşırsınız. Bununla siz həyat yoldaşınızı onun haqqı olan diqqətdən məhrum edirsiniz.

• Özünüzdən soruşun: «Bu münasibətdə nə tapmışam? Məgər onu öz ailəmdə axtarmalı deyiləm?»

Ailədəki boşluq. Müqəddəs Kitabda açıq-aşkar göstərilir ki, evlənənlər müəyyən «çətinliklərlə üzləşəcəklər» (1 Korinflilərə 7:28). Misal üçün, ola bilsin, siz bəzən həyat yoldaşınızdan özünüzə qarşı soyuqluq, laqeydlik hiss edirsiniz, yaxud da həll olunmamış problem ucbatından ürəyinizdə ona qarşı kin yaranıb. Həyat yoldaşınız bu məsələləri danışıb öz yoluna qoymaqdan qaçır. Buna görə də siz dilxor olursunuz və biixtiyar başqasının göstərdiyi diqqətə hay verirsiniz. Bəzi mütəxəssislərin fikrincə, qəliz məsələləri müzakirə etməkdən boyun qaçırmaq ailənin xoşbəxtliyinə xələl vura, hətta dağılmasına gətirib çıxara bilər.

• Özünüzdən soruşun: «Məni əks cinsdən olan insanla düzgün olmayan dostluq münasibəti qurmağa vadar edən nikahımda yaranmış boşluq deyil ki?»

NƏ EDƏ BİLƏRSİNİZ?

Vəziyyətin təhlükəli olduğunu boynunuza alın. Müqəddəs Kitabda deyilir: «Bir kişi qoynuna od alanda əyin-başı yanmazmı?» (Süleymanın məsəlləri 6:27). Danılmaz faktdır ki, insanın evli ola-ola başqasına meyil salması onu məhvə yuvarlayır (Yaqub 1:14, 15). Fərqi yoxdur, axırı necə olacaq. Əsas bu gün baş verənlərdir. Başqasına diqqət göstərməklə siz həyat yoldaşınızın payından kəsib ona vermiş olursunuz.

Boş xəyallarla özünüzü aldatmayın. Yaxın münasibətdə olduğunuz insanla bağlı sizdə belə bir fikir yarana bilər: «Görəsən, onunla evlənsəydim, bu gün həyatım necə olardı?» Çox güman ki, siz həmin adamın yaxşı xüsusiyyətlərini həyat yoldaşınızın zəif cəhətləri ilə müqayisə edirsiniz. Bu isə böyük haqsızlıqdır! Unutmayın ki, dostunuzu düşündükcə qəlbinizdə oyanan xoş hisslər həyat yoldaşınızla təzə-təzə görüşəndə ona qarşı bəsləyirdiniz həmin hisslərdir. (Müqəddəs Kitab prinsipi: Yeremya 17:9.)

Sədd qoyun. Adətən, insanlar evlərini və maşınlarını qorumaq üçün təhlükəsizlik sistemi quraşdırırlar. Siz də ailəniz naminə, müəyyən mənada, bu kimi tədbirlər görməlisiniz. Allahın Kəlamı bizə ürəyimizi qorumağı məsləhət görür (Süleymanın məsəlləri 4:23). Bunu necə edə bilərsiniz? Növbəti məsləhətləri tətbiq etməyə çalışın:

  • Qoy ətrafınızdakılar aydın görsün ki, siz artıq evlisiniz. Misal üçün, həyat yoldaşınızın şəklini iş yerinizdə hər kəsin görə biləcəyi bir yerə qoyun. (Müqəddəs Kitab prinsipi: Yaradılış 2:24.)

  • Əks cinsdən olan insanla münasibətinizdə hansı hərəkətlərin yolverilən olub-olmadığını müəyyən edin. Məsələn, münasibətləriniz yaxşı olsa da, onunla dərddaş olmaq, ər-arvad arasındakı problemləri bölüşmək heç də düzgün deyil. Eləcə də iş yoldaşınızla harasa gedib nəsə içmək də müdriklik olmazdı.

  • Əgər münasibətiniz artıq həddi aşıbsa, buna son qoyun. Bunu etmək sizə çətin gəlirsə, səbəbini özünüzdən soruşun. Kiminləsə dostluğunuzu müdafiə etmək əvəzinə, həyat yoldaşınıza dayaq olun və ailənizi qoruyun. (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 5:18, 19.)