İsa Məsihin görünüşü necə idi?
Əsrlərdir rəssamlar öz əsərlərində İsa Məsihi canlandırır. Lakin onun əslində necə göründüyü heç kəsə məlum deyil. Çünki o nə portretini çəkdirib, nə də heykəlini düzəltdirib.
Rəssamlar əslində Məsihin necə göründüyünü bilməsələr də, mədəniyyət, dini ehkamlar və sifarişçilərin istəyi onların əsərlərinə əsaslı təsir edib. Bu da İsa Məsih və onun təlimləri haqqında insanların düşüncəsini formalaşdırıb, hətta yanlış təəssürat oyadıb.
Bəzi rəssamlar İsa Məsihi cılız, uzunsaçlı, nazik saqqallı və qəmgin görünüşə sahib biri kimi təsvir ediblər. Bəzi şəkillərdə isə İsa Məsih fövqəltəbii gücə malik, nur içində, yaxud da əlçatmaz biri kimi təsvir olunub. Bəs bu kimi şəkillərdə Məsih düzgünmü təsvir edilib? Bunu necə müəyyən etmək olar? Müqəddəs Kitaba nəzər salsaq, onun necə göründüyünü təxmin edə, həmçinin onun haqda düzgün təsəvvürə yiyələnə bilərik.
«MƏNƏ BƏDƏN HAZIRLADIN»
İsa Məsih bu sözləri vəftiz olunan zaman duasında demişdi (İbranilərə 10:5; Mətta 3:13—17). Bəs Allah İsaya necə bədən hazırlamışdı? İsa Məsih doğulmazdan öncə Cəbrayıl mələk Məryəmə növbəti sözləri söyləmişdi: «Sən hamilə qalıb oğul doğacaqsan... o, Allahın Oğlu * adlanacaq» (Luka 1:31, 35). Bəli, Məsih ilk insan olan Adəm kimi qüsursuz idi (Luka 3:38; 1 Korinflilərə 15:45). Çox güman ki, o, yaraşıqlı idi və anası Məryəmə bənzər cizgiləri var idi.
Məsih yəhudi adəti üzrə saqqal saxlayırdı. Bu adətə görə, saqqal saxlamaq ləyaqət və hörmətin rəmzi sayılırdı və adətən, uzun və səliqəsiz olmurdu. Şübhəsiz ki, İsa da saç-saqqalını həmişə səliqəli saxlayırdı. Çünki başına ülgüc vurmamaq yalnız nəzirilərdən tələb olunurdu (Saylar 6:5; Hakimlər 13:5).
İsa Məsih həyatının çox hissəsini dülgər işləyib (Mark 6:3). Nəzərə alsaq ki, o, bu işi müasir avadanlıqlar olmadan edirdi, gərək ki, onun möhkəm bədəni olub. Bir dəfə o, təkbaşına məbəd alverçilərinin «hamısını qoyun, mal-qara qarışıq məbəddən qovdu. Sərrafların masalarını çevirib pullarını yerə dağıtdı» (Yəhya 2:14—17). Belə şücaəti yalnız güc-qüvvətli insan edə bilərdi. Məsih həmçinin Allahın ona hazırladığı «bədənlə» vacib buyruğu həyata keçirmişdi. O demişdi: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43). Bəli, bütün Fələstini piyada dolanıb müjdəni çatdırmaq üçün xüsusi güc tələb olunurdu.
«YANIMA GƏLİN, MƏN SİZƏ TƏRAVƏT VERƏCƏYƏM»
İsa Məsihin xoş davranışı və gülər üzü zəhmətkeş və yükü ağır olanları bu dəvətə hay verməyə təşviq etmişdi (Mətta 11:28—30). Məsihin mehribanlığı və xeyirxahlığı ondan öyrənmək istəyən insanlara təravət verəcəyinə etibarı daha da artırırdı. Müqəddəs Kitabda hətta uşaqların da İsanın yanında olmağa can atdığı və onun uşaqları qucağına aldığı yazılır (Mark 10:13—16).
İsa Məsihin ölümqabağı çəkdiyi iztirablar onun simasında əks olunsa da, bu, o demək deyil ki, Məsih qəmgin insan olub. Misal üçün, o, Qanə şəhərində keçirilən toyda suyu şəraba çevirmiş və toyun şən keçməsinə öz töhfəsini vermişdi (Yəhya 2:1—11). Başqa mərasimlərdə isə Məsih yaddaqalan öyüd-nəsihətlər verirdi (Mətta 9:9—13; Yəhya 12:1—8).
Ən əsası, İsa Məsihin təbliği insanların ürəyində əbədi həyatda yaşamaq ümidi oyadırdı (Yəhya 11:25, 26; 17:3). Yetmiş şagirdi təbliğdən qayıdarkən o, sevincdən cuşa gəlib deyir: «Adınızın göylərdə yazıldığına görə sevinin» (Luka 10:20, 21).
«SİZ İSƏ BELƏ OLMAMALISINIZ»
İsanın günlərindəki din rəhbərləri səlahiyyətlərini qabardır və özlərinə daha çox diqqət çəkmək üçün cürbəcür yollara əl atırdılar (Saylar 15:38—40; Mətta 23:5—7). İsa Məsih isə davamçılarına ağalıq etməməyi öyrədirdi (Luka 22:25, 26). Hətta o demişdi: «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun əbalarda gəzməyi, bazar meydanlarında camaatdan salam almağı [sevirlər]» (Mark 12:38).
İsa Məsih onlardan fərqlənirdi. O sadə xalqın arasında gəzərkən çalışırdı ki, diqqəti özünə çəkməsin. Hətta bir dəfə heç kim onun bayramda iştirak etdiyini bilməmişdi (Yəhya 7:10, 11). Məsih on bir sadiq davamçısı arasında da görünüşcə fərqlənmirdi. Xain Yəhuda İsanın kim olduğunu işarə vermək üçün onu öpəcəyini demişdi (Mark 14:44, 45).
Bir çox detallar bizə məlum olmasa da, bəllidir ki, İsa Məsih rəssamların təsvir etdiyi kimi görünmürdü. Vacib olan onun görkəmi yox, bizim onu necə təsəvvür etməyimizdir.
«BİR AZDAN DÜNYA ARTIQ MƏNİ GÖRMƏYƏCƏK»
İsa Məsih bu sözləri dediyi gün edam edilmiş və dəfn olunmuşdu (Yəhya 14:19). O «bir çoxları uğrunda həyatını fidyə» verdi (Mətta 20:28). Allah onu üçüncü gündə «ruh olaraq» diriltdi və bəzi şagirdlərinə «görünməsinə izin verdi» (1 Butrus 3:18; Həvarilərin işləri 10:40). Şagirdlərinə görünən zaman onun görünüşü necə idi? Çox güman ki, o, fərqli görünürdü, çünki şagirdləri onu dərhal tanımamışdılar. Məcdəlli Məryəm onun bağban olduğu düşünmüşdü, İmmasa gedən iki şagirdi isə elə bilmişdi ki, o qəribdir (Luka 24:13—18; Yəhya 20:1, 14, 15).
Bəs biz İsa Məsihi təsəvvürümüzdə necə canlandırmalıyıq? Məsihin ölümündən altmış il sonra həvari Yəhyaya vəhy nazil olmuşdu. Bu vəhydə o, İsa Məsihi xaç üzərində can verən biri kimi yox, tezliklə Allaha düşmən kəsilən cinlər və pis insanlar üzərində zəfər çalaraq, bəşəriyyətə sonsuz nemətlər bəxş edən Allahın Padşahlığının hökmdarı, «padşahlar Padşahı və ağalar Ağası» kimi görmüşdü (Vəhy 19:16; 21:3, 4).
^ abz. 6 İsa Məsih bilavasitə Allah tərəfindən yaradılmış yeganə varlıq olduğuna görə Allahın Oğlu adlanır. Ətraflı məlumat üçün jw.org/az saytında dərc olunan «Nəyə görə İsa Məsih Allahın Oğlu adlanır?» adlı məqaləyə baxın. (MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB bölməsinə daxil olun.)