Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

Portuqaliyada Padşahlıq toxumu. İlk səpin

Portuqaliyada Padşahlıq toxumu. İlk səpin

ATLANTİK dənizinin dalğaları Avropaya istiqamət alan gəmiyə çırpınır, sərnişinlərdən biri — Corc Yanq fikrə dalıb. O, geridə qoyduğu Braziliya ölkəsində Allahın Padşahlığı uğrunda gördüyü işləri böyük məmnunluqla xatırlayır *. Sonra Corc qardaş diqqətini yeni təyinatına cəmləyir. İndi o, təbliğçilərin, demək olar ki, ayaq basmadığı İspaniya və Portuqaliya ölkələrinə üz tutub. O, həmin ölkələrdə Cozef Ruterford qardaşın məruzələr söyləməsi üçün tədbir görməyi və 300 000 buklet paylamağı planlaşdırır.

Corc Yanq qardaş təbliğ üçün getdiyi bir çox ölkələrə dəniz yolu ilə səyahət etmişdi

1925-ci ilin yaz aylarıdır. Corc qardaş Lissabona çatanda qarmaqarışıqlığın şahidi olur. 1910-cu ildə baş verən respublika inqilabı monarxiyaya son qoymuş və nəticədə katolik kilsəsinin nüfuzunu zəiflətmişdi. Əhali daha çox azadlıq əldə etsə də, ölkədə vətəndaş iğtişaşları səngimək bilmirdi.

Corc qardaş Ruterford qardaşın məruzə söyləməsi üçün təzəcə tədbir görmüşdü ki, hökumət ölkədə baş verən çevriliş cəhdinə görə hərbi vəziyyət elan edir. Britaniya və Ümumdünya Bibliya Cəmiyyəti Corc qardaşı burada böyük təqiblərlə üzləşəcəyi barədə xəbərdar edir. Buna baxmayaraq, Corc qardaş Kamoeş adına orta məktəbin idman zalında görüş keçirmək üçün icazə istəyir və xahişi təmin olunur!

Mayın 13-ü, Ruterford qardaşın məruzə söyləməsi üçün təyin olunan gün yetişir. Hamını maraq bürümüşdü. Binaların üstündə asılan afişalarda, qəzetlərin elan bölmələrində əhali «Yer üzündə əbədi yaşamağın yolu» adlı məruzəyə dəvət olunurdu. Din xadimləri öz qəzetlərində dərhal məqalə dərc edib oxucularını xəbərdar etmişdilər ki, özlərini yeni gəlmiş «yalançı peyğəmbərlərdən» gözləsinlər. Əleyhdarlar idman zalının girişində dayanıb Ruterford qardaşın öyrətdiyi təlimlərə zidd məlumatlarla dolu minlərlə buklet paylayırdı.

Bununla belə, zalda təxminən 2000 nəfər var idi, yer olmadığına görə bir o qədər adam da içəri girə bilməmişdi. Bəzi maraq dolu insanlar kəndirdən olan nərdivanlara dırmaşıb qulaq asırdı, digərləri idman avadanlıqlarının üstünə çıxıb oturmuşdu.

Lakin hər şey yağ kimi getmədi. Əleyhdarlar hay-küy salır, oturacaqları sındırırdı. Amma Ruterford qardaş təmkinini pozmurdu. İnsanların onu daha yaxşı eşitməsi üçün masanın üstünə çıxmışdı. Qardaş məruzəsini gecəyarısına az qalmış bitirdi. 1200-dən çox insan Müqəddəs Kitab dərsinə başlamaq üçün adlarını və ünvanlarını yazıb saxladı. Növbəti gün bir qəzetdə Ruterford qardaşın məruzəsi barədə məqalə dərc olundu («O Século»).

1925-ci ilin sentyabr ayından «Gözətçi qülləsi» jurnalının portuqal dilində buraxılışı Portuqaliyada çap olunmağa başlayır. (Əvvəllər portuqal dilində olan nəşrlər Braziliyada çap olunurdu.) Həmin vaxtlar Braziliyada yaşayan Vircilyo Ferquson adlı bir Müqəddəs Kitab Tədqiqatçısı Padşahlığın işinə kömək etmək üçün Portuqaliyaya köçməyi planlaşdırır. Bundan öncə o, Müqəddəs Kitab tədqiqatçılarının Braziliya filialında Corc qardaşla birgə çiyin-çiyinə çalışmışdı. Çox keçməmiş Vircilyo qardaş həyat yoldaşı Lizi ilə birgə yola düşərək yenidən Corc qardaşla əməkdaşlığa başlayır. Onlar bura lap vaxtında gəlmişdi, çünki tezliklə Corc qardaş təbliğ etmək üçün başqa ərazilərə, o cümlədən Sovet İttifaqı ölkələrinə gedəcəkdi.

Lezzi və Vircilyo Ferqusonların yaşayış üçün icazə vəsiqəsi, 1928-ci il

Portuqaliyada hərbi çevriliş zamanı diktaturanın qurulması ilə təbliğ işimizə təqiblər çoxalır. Vircilyo qardaş cəsarətlə Müqəddəs Kitab tədqiqatçılarından ibarət kiçik bir qrupu qorumaq üçün tədbirlər görür. O, evində müntəzəm olaraq ibadət görüşlərinin keçirilməsi üçün icazə istəyir. 1927-ci ilinin oktyabr ayında icazə verilir.

Portuqaliyada diktatorluğun birinci ilində «Gözətçi qülləsi» jurnalına abunə olanların sayı təxminən 450 nəfərə çatır. Bundan əlavə, bukletlər və broşürlər vasitəsilə həqiqət sözü Portuqaliya müstəmləkələrinin dörd bir yanına — Anqola, Azor adaları, Kabo-Verde, Qoa, Madeyra, Mozambik, Şərqi Timor ərazilərinə yayılır.

1929-cu ildə Manuel de Silva Jordan adlı portuqaliyalı bir bağban Lissabona gəlir. Braziliyada yaşadığı vaxt o, Corc qardaşın etdiyi məruzələri eşitmiş və bunun həqiqət olduğunu dərhal anlamışdı. O, təbliğ işini genişləndirməkdə Vircilyo qardaşa kömək etməyi arzulayırdı, buna görə də kitabpaylayan kimi xidmət etməyə başlayır. (O vaxtlar öncüllər kitabpaylayan adlanırdı.) Beləcə, Müqəddəs Kitaba əsaslanan nəşrlərin çapı və paylanılması işinin yaxşı təşkil olunması ilə Lissabondakı yeni yığıncaq gündən-günə çiçəklənməyə başlayır!

1934-cü ildə Ferquson ailəsi Braziliyaya qayıtmalı olur. Artıq Padşahlıq toxumu səpilmişdi. İspaniya vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi dövründə Avropanı bürüyən çevrilişlər zamanı Portuqaliyadakı kiçik qrup ruhani cəhətdən sağ qaldı. Onlar müəyyən müddət kömür kimi közərsələr də, 1947-ci ildə bura ilk Gilad məzunu xüsusi təyinatlı müjdəçi Con Kuk gələndə bu ocaq yenidən alovlanmağa başladı. Bundan sonra Padşahlıq müjdəçilərinin sayı durmadan artdı. Hətta 1962-ci ildə hökumət Yehovanın Şahidlərinin fəaliyyətini qadağan edəndə də artım davam edir. 1974-cü ilin dekabr ayında Yehovanın Şahidləri rəsmi qeydiyyatdan keçən zaman ölkədə 13 000-dən çox təbliğçi var idi.

Bu gün Portuqaliyada, həmçinin Azor və Madeyra adaları da daxil, portuqaldilli bir neçə adada Allahın Padşahlığı haqda xoş xəbəri yayan 50 000-dən çox təbliğçi var. Bu təbliğçilərin arasında 1925-ci ildə Ruterford qardaşın tarixi məruzəsini dinləyənlərin üçüncü nəsil övladları da var.

Biz Allahımız Yehovaya və «başqa xalqlar üçün Məsih İsanın xidmətçisi» kimi xoş xəbərin yayılması işində öndərlik edən cəsarətli bacı-qardaşlara ürəkdən minnətdarıq (Rom. 15:15, 16). (Portuqaliyadakı arxivimizdən.)

^ abz. 3 «Gözətçi qülləsi» jurnalının 2014-cü il 15 may sayının 31 və 32-ci səhifələrində yerləşən «Hələ görüləsi çox iş var» adlı məqaləyə baxa bilərsiniz.