Bilirsiniz?
Həm qumru quşu, həm də göyərçin qurbanı gətirməyə izin verən qanunun müsbət cəhəti nə idi?
MUSANIN qanununda Yehovaya həm qumru quşu, həm də göyərçin qurbanı gətirmək məqbul hesab olunurdu. Qurbanla bağlı qanunda bu iki quşun adı həmişə yanaşı çəkilirdi və ikisindən birini gətirmək olardı (Lav. 1:14; 12:8; 14:30). Bu qanunun hansı müsbət cəhəti var idi? Bir müsbət cəhəti o idi ki, qumru quşunu istənilən vaxt tapmaq mümkün deyildi. Nəyə görə?
Köçəri quşlar olan qumru quşları ilin mülayim fəsillərində İsrail ərazisində yaşayır. Hər il oktyabr ayında onlar cənuba, mülayim iqlimli ölkələrə köç edir, yazda isə yenidən İsrailə qayıdır (Nəğ. 2:11, 12; Ərm. 8:7). Bu, o deməkdir ki, qədimdə israillilər üçün qışda qumru quşu qurbanı gətirmək müşkül məsələ idi.
Göyərçinlər isə adətən köç etməyən quşlardır. Ona görə də İsraildə onları bütün il boyu tapmaq mümkün idi. Bundan əlavə, göyərçinləri evdə də saxlayırdılar. (Yəhya 2:14, 16 ayələri ilə əlaqələndirin.) Bir kitabda deyilir ki, «Fələstinin hər kəndində, hər şəhərində evdə saxlanılan göyərçinlər olub. Hər ev sahibinin evində göyərçin yuvası, yaxud divarda quşların yaşaması üçün dəlik olurdu» («Bible Plants and Animals»). (Əşiya 60:8 ayəsi ilə əlaqələndirin.)
Buradan Yehovanın necə məhəbbətli və anlayışlı Allah olduğunu görürük. O, israillilərdən bütün il boyu rahatlıqla tapa biləcəkləri quşların qurbanlığını qəbul edirdi.