Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 40

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

Yehova «qəlbisınıqlara şəfa verir»

Yehova «qəlbisınıqlara şəfa verir»

«O, qəlbisınıqlara şəfa verir, sızıldayan yaralarını sarıyır» (ZƏB. 147:3).

ƏSAS FİKİR

Yehovanın gözündə qəlbisınıq insanlar çox dəyərlidir. Məqalədən görəcəyik ki, O bizim emosional yaralarımızı necə sarıyır və başqalarına təsəlli verməyimizə necə kömək edir.

1. Yehova xidmətçilərinə necə yanaşır?

 YEHOVA yer üzündəki xidmətçilərinə nəzər salanda nə görür? O bizim həm sevincli, həm də kədərli anlarımızdan agahdır (Zəb. 37:18). Yehova görəndə ki, emosional yaralarımız ola-ola xidmətdə əlimizdən gələni edirik, bizimlə qürur duyur. Bundan əlavə, O bizə kömək etməyə, bizə təsəlli verməyə hazırdır.

2. Yehova qəlbisınıq insanlar üçün nə edir və biz Onun qayğısını necə duya bilərik?

2 Zəbur 147:3 ayəsində deyilir ki, Yehova qəlbisınıqların «yaralarını sarıyır». Bu ayədə Yehovanın emosional yarası olan insanlara nəvazişlə qayğı göstərdiyi təsvir olunub. Bəs Yehovanın bu qayğısını necə duya bilərik? Gəlin bir nümunəyə baxaq. Təcrübəli həkim yaralı insanı sağaltmaq üçün çox şey edə bilər, amma sağalmaq üçün gərək həmin insan həkimin məsləhətlərinə dəqiqliklə əməl etsin. Bu məqalədən görəcəyik ki, Yehova emosional yarası olan insanlara Kəlamı vasitəsilə nə deyir və Onun məsləhətlərinə necə əməl etmək olar.

YEHOVA BİZƏ DƏYƏRLİ OLDUĞUMUZU XATIRLADIR

3. Nəyə görə bəzi insanlar özlərini dəyərsiz hiss edirlər?

3 Yaşadığımız dünyada insanların bir-birinə sevgisi, demək olar, heç dərəcəsindədir. Bunun da nəticəsində insanlar özlərini dəyərsiz hiss edirlər. Helen a bacı deyir: «Valideynlərimdən sevgi görməmişəm. Atam çox əzazil insan olub. O, hər gün sözləri ilə bizi alçaldırdı». Ola bilsin, Helen kimi sizinlə də uşaqlıqda amansız rəftar ediblər, hey alçaldıblar, sevilmədiyinizi hiss etdiriblər. Belə halda, kiminsə sizi həqiqətən sevdiyinə inanmaq çətin ola bilər.

4. Zəbur 34:18 ayəsinə əsasən Yehova bizi nəyə əmin edir?

4 İnsanların sizinlə necə rəftar etməsindən asılı olmayaraq, Yehovanın sizi sevdiyinə, dəyər verdiyinə əmin ola bilərsiniz. O, «qəlbisınıqlara yaxındır». (Zəbur 34:18 ayəsini oxuyun.) Əgər özünüzü pərişan hiss edirsinizsə, unutmayın ki, Yehova ürəyinizdə yaxşı şeyləri görüb və sizi Özünə şəxsən cəlb edib (Yəh. 6:44). O sizə kömək etməyə həmişə hazırdır, çünki Onun gözündə dəyərlisiniz.

5. İsa başqalarının xor baxdığı insanlara necə yanaşırdı və biz bundan nə öyrənirik?

5 İsanın nümunəsindən Yehovanın bizə olan münasibəti barədə öyrənə bilərik. Yer üzündə olarkən İsa başqalarının xor baxdığı insanlara diqqət göstərirdi, onların halına acıyırdı (Mət. 9:9—12). Məsələn, ciddi xəstəliyi olan bir qadın sağalmaq ümidi ilə İsanın paltarına toxunanda o, qadını imanına görə tərifləmişdi və ona ürək-dirək vermişdi (Mark 5:25—34). İsa Atasının xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi (Yəh. 14:9). Buna görə də Yehovanın sizə dəyər verdiyinə əmin ola bilərsiniz. Yehova imanınızı, Ona olan sevginizi və digər gözəl xüsusiyyətlərinizi görür.

6. Dəyərsizlik hissinin öhdəsindən necə gəlmək olar?

6 Əgər vaxtaşırı özünüzü dəyərsiz hiss edirsinizsə, onda nə edə bilərsiniz? Yehova üçün dəyərli olduğunuzu göstərən ayələri oxuyub üzərində düşünün b (Zəb. 94:19). Əgər hansısa məqsədinizə çata bilməmisinizsə, yaxud başqaları qədər çox şey edə bilmirsinizsə, buna görə özünüzü qınamayın. Yehova sizdən gücünüz çatmayan bir şeyi etməyinizi gözləmir (Zəb. 103:13, 14). Əgər kimsə sizə qarşı keçmişdə zorakı davranıbsa, həmin insanın hərəkətinə görə özünüzü günahlandırmayın. Siz bu cür rəftara layiq deyildiniz! Yehova pisliyi törədən həmin insanlarla haqq-hesab çəkəcək, onların qurbanları ilə yox (1 But. 3:12). Bunu həmişə yadınızda saxlayın. Sandra adlı bacı uşaq vaxtı amansız rəftara məruz qalmışdı. O deyir: «Tez-tez dua edib Yehovaya yalvarırdım ki, özümə tarazlı yanaşmağa, Onun nəzəri ilə baxmağa kömək etsin».

7. Keçmişdə yaşadıqlarınız Yehovaya xidmətdə hansı faydanı verə bilər?

7 Əmin olun, Yehova sizin vasitənizlə başqalarına kömək edə bilər. O sizi təbliğ işində Onun əməkdaşı olmaq şərəfinə layiq görüb (1 Kor. 3:9). Həyatda yaşadıqlarınıza görə insanların hisslərini başa düşə, onların halına acıya bilərsiniz. Sizin onlara böyük köməyiniz dəyə bilər. Bayaq adı çəkilən Helen vaxtilə Yehovanın və bacı-qardaşların dəstəyini görmüşdü. İndi o özü insanlara kömək edir. Helen deyir: «Dəyərsiz olduğumu düşünürdüm, amma Yehovanın sayəsində sevildiyimi, yararlı olduğumu hiss edirəm». Helen hal-hazırda öncül kimi xidmət etməkdən böyük sevinc duyur.

YEHOVA ONUN ƏFVİNİ QƏBUL ETMƏYİMİZİ İSTƏYİR

8. Əşiya 1:18 ayəsində Yehova bizi nəyə əmin edir?

8 Yehovanın bəzi xidmətçiləri vəftizdən əvvəl və hətta sonra işlədikləri günahlara görə dərin peşmançılıq hissi keçirirlər. Amma unutmamalıyıq ki, Yehova bizə olan əngin məhəbbətindən irəli gələrək fidyə verib. Sözsüz, O bizim bu hədiyyəni qəbul etməyimizi istəyir. Yehova bizi əmin edir ki, əgər Onunla aramızdakı «məsələləri həll» etsək c, O, günahlarımızı tamamilə bağışlayacaq. (Əşiya 1:18 ayəsini oxuyun.) Yehovanın keçmiş günahlarımızı yada salmadığını biləndə ürəyimiz minnətdarlıqla dolur! Bundan əlavə, O, gördüyümüz yaxşı işləri heç vaxt unutmur (Zəb. 103:9, 12; İbr. 6:10).

9. Nəyə görə diqqətimizi keçmişimizə yox, bu günümüzə və gələcəyimizə cəmləməliyik?

9 Hələ də keçmiş səhvlərinizə görə peşmançılıq çəkirsinizsə, bacardığınız qədər çalışın diqqətinizi keçmişə yox, bu gününüzə və gələcəyinizə cəmləyəsiniz. Gəlin həvari Bulusun nümunəsinə baxaq. O bir zamanlar məsihiləri amansızcasına təqib etdiyi üçün peşman idi, lakin bilirdi ki, Yehova onu bağışlayıb (1 Tim. 1:12—15). Bəs o, keçmişdəki günahları barədə düşünməyə davam edirdi? Necə ki Bulus nüfuzlu fərisi olmaq üçün əldə etdiyi nailiyyətləri yada salmırdı, eynilə keçmiş günahları barədə çox düşünmürdü (Filip. 3:4—8, 13—15). Əksinə, o, xidmətini canla-başla yerinə yetirirdi. Həmçinin diqqətini gələcəyə kökləmişdi. Bulus kimi siz də keçmişi dəyişə bilməzsiniz, amma indiki şəraitinizdə Yehovanı şərəfləndirə bilərsiniz. Həmçinin Onun vəd etdiyi gözəl gələcək barədə düşünə bilərsiniz.

10. Nə vaxtsa kiminsə qəlbini yaralamışıqsa, nə edə bilərik?

10 Ola bilər, nə vaxtsa kiminsə qəlbini yaralamısınız və buna görə vicdan əzabı çəkirsiniz. Bu zaman nə edə bilərsiniz? Vəziyyəti düzəltmək üçün əlinizdən gələni edin. Həmçinin peşman olduğunuzu həmin insana səmimi şəkildə bildirin (2 Kor. 7:11). Qəlbini yaraladığınız insana kömək olması üçün Yehovaya dua edin. Yehovanın sayəsində həm o, həm də siz rahatlıq tapa və xidmətinizi davam etdirə bilərsiniz.

11. Yunus peyğəmbərin hadisəsindən nə öyrənə bilərik? (Şəklə baxın.)

11 Keçmişdə etdiyiniz səhvlərdən nəticə çıxarın və Yehovanın verdiyi istənilən tapşırığı yerinə yetirin. Yunus peyğəmbərin hadisəsini yadımıza salaq. Allah ona Neynəvaya getməyi buyursa da, o, tamamilə əks istiqamətə qaçmışdı. Yehova Yunusu cəzalandırdı və o, səhvini başa düşdü (Yun. 1:1—4, 15—17; 2:7—10). Yehova bu peyğəmbərindən əlini üzmədi, Neynəvaya getmək üçün ona daha bir fürsət verdi. Bu dəfə Yunus dərhal Allahın sözünə itaət etdi. O, yol vermədi ki, keçmişdəki səhvinə görə çəkdiyi peşmançılıq Yehovadan gələn tapşırığı yerinə yetirməyə mane olsun (Yun. 3:1—3).

Yunus cəza olaraq balığın qarnına düşəndən sonra Yehova yenidən ona Neynəvaya getməyi və Onun xəbərini çatdırmağı tapşırır (11-ci abzasa baxın)


YEHOVA MÜQƏDDƏS RUHU VASİTƏSİLƏ BİZƏ TƏSKİNLİK VERİR

12. Emosional travma və ya itki ilə üzləşəndə Yehova bizə necə təskinlik verir? (Filippililərə 4:6, 7).

12 Emosional travma alanda və ya yaxınımızı itirəndə Yehova müqəddəs ruhu vasitəsilə bizə təskinlik verir. Ron və Karol adlı bir ər-arvadın ailəsində faciə baş vermişdi: onların oğlu intihar etmişdi. Onlar deyir: «Başımız çox bəla görüb, amma bu, yaşadığımız ən betər dərd idi. Günlərlə gözümüzə yuxu getmədi. Həmin gecələri elə hey dua edirdik. Nəticədə, Filippililərə 4:6, 7 ayələrində təsvir olunan qəlb rahatlığını duyduq». (Ayələri oxuyun.) Ola bilsin, hal-hazırda qəlbinizi paramparça edən bir sınaqla üzləşirsiniz. Onda dua edib ürəyinizi Yehovaya boşaldın. Yehovaya istədiyiniz qədər, uzun-uzun dualar edin (Zəb. 86:3; 88:1). Ondan dönə-dönə müqəddəs ruh istəyin. Yehova heç vaxt sizin xahişinizi geri çevirməz (Luka 11:9—13).

13. Müqəddəs ruh bizə Yehovaya xidmətimizi sədaqətlə davam etdirməyə necə kömək edə bilər? (Efeslilərə 3:16).

13 Üzləşdiyiniz hansısa ağır sınaq sizi taqətdən salıb? Müqəddəs ruhun verdiyi güclə siz Yehovaya xidmətinizi davam etdirə bilərsiniz. (Efeslilərə 3:16 ayəsini oxuyun.) Görün Flora adlı bacının başına nə gəlmişdi. O, əri ilə birlikdə xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdi. Bir gün bacı öyrənir ki, əri ona xəyanət edib; nəticədə, onlar boşanırlar. Bacı deyir: «Onun xəyanəti mənə elə böyük zərbə oldu ki, başqa heç nə fikirləşə bilmirdim. Bu dərdə dözə bilmək üçün durmadan dua edib Yehovadan müqəddəs ruh diləyirdim. O, yaralı qəlbimə şəfa verdi. Əvvəl-əvvəl buna tab gətirə bilməyəcəyimi düşünsəm də, Yehovanın verdiyi güc sayəsində bunu bacardım». Flora bacı Yehovanın köməyi ilə Ona daha çox etibar etdiyini hiss edir. O əmindir ki, Yehova bütün sınaqları boyu ona dayaq olacaq. Flora sözünə əlavə edir: «Zəbur 119:32 ayəsindəki sözlər mənə aiddir. Orada deyilir: “Əmrlərinin yolunda qaçacağam, çünki Sən bu istəyi ürəyimə qoymusan”».

14. Yehovadan müqəddəs ruh almaq üçün nə edə bilərik?

14 Yehovadan müqəddəs ruh diləyəndən sonra duanıza uyğun necə davrana bilərsiniz? Yehovanın müqəddəs ruhunu daha çox ala biləcəyiniz işlərlə məşğul olun. Məsələn, ibadət görüşlərinə və təbliğə gedin. Hər gün Müqəddəs Kitabı mütaliə etməyin sayəsində ağlınızı Yehovaya məqbul fikirlərlə doldura biləcəksiniz (Filip. 4:8, 9). Oxuyan zaman sınaqlarla üzləşən insanların hadisələrinə diqqət yetirin və Yehovanın onlara necə dözüm verdiyi barədə dərindən düşünün. Bayaq adı çəkilən Sandra bacı çoxlu şiddətli sınaqlarla üzləşmişdi. O deyir: «Yusifin hadisəsi məni çox ruhlandırır. Yusif yol vermədi ki, üzləşdiyi haqsızlıqlar və çətinliklər Yehova ilə münasibətini zəiflətsin» (Yar. 39:21—23).

YEHOVA DİNDAŞLARIMIZ VASİTƏSİLƏ BİZƏ TƏSƏLLİ VERİR

15. Bizə kimlər təsəlli verə bilər və bunu necə edə bilərlər? (Həmçinin şəklə baxın.)

15 Biz əzab çəkəndə Yehova dindaşlarımız vasitəsilə bizə təsəlli verir (Kol. 4:8). Bacı-qardaşlar Yehovanın bizə olan məhəbbətinin canlı nümunələridir. Onların bizə vaxt ayırması, bizi canıyananlıqla dinləməsi qəlbimizi ovundura bilər. Dindaşlarımız hansısa ruhlandırıcı ayə oxuya, bizimlə birgə dua edə bilərlər d (Rom. 15:4). Bəzən hansısa bacı və ya qardaş bizə Yehovanın düşüncəsini xatırladaraq tarazlığı qorumağımıza kömək edə bilər. Həmçinin dindaşımız əməli kömək göstərməklə, məsələn, bizə yemək bişirməklə dayaq ola bilər.

Etibarlı, yetkin dostlarımız bizə təsəlli və dayaq ola bilər (15-ci abzasa baxın)


16. Dindaşlarımızdan dəstək almaq üçün nə etmək lazım gələ bilər?

16 Başqalarından dəstək görmək üçün bəzən bunu onlardan istəmək lazım gəlir. Bacı-qardaşlar bizi sevir və onlar bizə kömək etmək istəyirlər (Məs. 17:17). Amma, ola bilsin, onlar nə hisslər keçirdiyimizi, nəyə ehtiyac duyduğumuzu bilməsinlər (Məs. 14:10). Mənəvi cəhətdən əzab çəkirsinizsə, hisslərinizi yetkin məsihilərlə bölüşün. Hansı sahədə köməyə ehtiyac duyduğunuzu onlara açıq bildirin. Ola bilsin, dərdinizi özünüzə yaxın hiss etdiyiniz bir-iki ağsaqqala danışasınız. Bəzi bacılar hisslərini başqa yetkin bacı ilə bölüşəndə rahatlıq tapır.

17. Bacı-qardaşlardan dəstək almağımıza nələr mane ola bilər və bu maneələri necə aşa bilərik?

17 Nə qədər istəsəniz də, özünüzü başqalarından təcrid etməyin. Bəlkə də, o qədər kədərlisiniz ki, heç kimi görmək, heç kimlə danışmaq istəmirsiniz. Ola bilsin, bəzən bacı-qardaşlar hisslərinizi başa düşməsin və ya düzgün sözlər işlətməsin (Yaq. 3:2). Amma qoymayın, bu kimi şeylər sizi bacı-qardaşlardan uzaqlaşdırsın, onların verə biləcəyi dəstəkdən sizi məhrum etsin. Depressiyadan əziyyət çəkən Qavin adlı ağsaqqal deyir: «Çox vaxt ən istəmədiyim şey dostlarımla vaxt keçirmək olur». Bununla belə, Qavin qardaş bu hisslərinə qalib gəlib bacı-qardaşlarla vaxt keçirir və bunun ona böyük xeyri olur. Emi adlı bacı deyir: «Keçmişdə yaşadıqlarıma görə insanlara etibar etmək mənə çətindir. Amma çalışıram, dindaşlarımı Yehova kimi sevməyi, onlara etibar etməyi öyrənim. Bilirəm ki, bu, Yehovanı sevindirir. Mən özüm də bundan sevinc duyuram».

YEHOVANIN VƏDLƏRİ SİZƏ ŞƏFA VERSİN

18. Gələcəkdə nəyin olmasını səbirsizliklə gözləyirik və bunun üçün indidən nə edə bilərik?

18 Əminik ki, Yehova tezliklə fiziki və emosional yaralarımızı tamamilə sağaldacaq (Vəhy 21:3, 4). Həmin vaxt keçmişdə yaşadığımız dəhşətli şeylər artıq xatırlanmayacaq (Əşy. 65:17). Gördüyümüz kimi, Yehova sızıldayan yaralarımızı indidən sarıyır. Odur ki, Onun sizə təsəlli vermək və kömək etmək üçün gördüyü tədbirlərdən tam yararlanın. Yehovanın qayğınızı çəkdiyinə bir an belə şübhə etməyin (1 But. 5:7).

NƏĞMƏ 7 Yehova gücümüz, qüvvətimiz

a Bəzi adlar şərtidir.

b « Siz Yehova üçün dəyərlisiniz» adlı çərçivəyə baxın.

c Yehova ilə «aramızdakı məsələləri həll» etmək üçün biz doğrudan da tövbə etdiyimizi sübut etməliyik. Bunun üçün günahlarımıza görə Ondan üzr istəməli və davranışımızı dəyişməliyik. Əgər ciddi günah işləmişiksə, yığıncaqdakı ağsaqqallardan da kömək istəmək lazımdır (Yaq. 5:14, 15).

d Məsələn, «Həyat bələdçimiz olan ayələr» kitabından «Narahatlıq» və «Təsəlli» adlı mövzulardakı ayələrə baxa bilərsiniz.