AİLƏLƏRƏ KÖMƏK | NİKAH
Bir-birinizə dəyər verin
PROBLEM
Minnətdarlıq sözləri ailənin xoşbəxtliyində vacib rol oynayır. Ancaq əksər ər-arvadlar vaxt keçdikcə bir-birilərinin yaxşı cəhətlərinə fikir vermirlər, qaldı ki, bir-birlərini qiymətləndirsinlər. Bir məsləhətçi fikir vermişdi ki, onun yanına gələn cütlüklər «diqqətlərini [nikahlarında] olmayan şeylərə cəmləyirlər». O deyir: «Qəbulumda olan cütlüklər elə ancaq nəyisə dəyişmək istəyirlər, biri də demir ki, “bax, ailəmizin bu cəhəti yaxşıdır”. Bu ər-arvadların hamısının səhvi ondadır ki, sevgilərini heç vaxt minnətdarlıq bildirməklə göstərmirlər» («Emotional Infidelity»).
Bu tələdən necə yan qaça bilərsiniz?
NƏ EDƏ BİLƏRSİNİZ?
Minnətdarlıq sözləri ailədəki gərginliyi yüngülləşdirir. Ər-arvad bir-birinin yaxşı keyfiyyətini görməyə çalışarsa və bunu bir-birinə deyərsə, onların münasibətləri yaxşılaşar. Onlar bir-birilərinin etdiklərini qiymətləndirərsə, hətta ən gərgin vəziyyətlər belə öz həllini tapacaq.
Arvadlar üçün. Əksər qadınlar ərlərinin ailəni dolandırmaq üçün nə qədər məsuliyyət hiss etdiklərinə önəm vermirlər» («Emotional Infidelity»). Hətta ailədə qadın da işləsə belə, kişilər yenə də özlərində bu məsuliyyəti hiss edirlər.
Ərlər üçün. Kişilər yoldaşlarının çəkdikləri zəhməti — uşağa baxmasını, ev işlərini görməsini və işləyib pul qazanmasını çox vaxt qiymətləndirmirlər. Üç ildir ki evli olan Fiona * adlı bir qadın deyir: «Səhv etməyən insan yoxdur. Nəyisə düz etməyəndə dilxor oluram. Amma yoldaşım gördüyüm hansısa işə görə, məsələn, ev işlərinə görə tərifləyəndə onun məni səhvlərimə baxmayaraq, hələ də sevdiyini hiss edirəm. Onun dayaq olduğunu görmək çox xoşdur, bu, mənə qol-qanad verir».
Əgər ər və ya arvad yoldaşının onun çəkdiyi zəhmətə qiymət vermədiyini hiss edirsə, bu, xəyanətə gətirib çıxara bilər. Valeriya adlı bir qadın deyir: «Əgər insan yoldaşının ona dəyər vermədiyini hiss edirsə, asanlıqla ona qiymət verən başqa bir insana meyil sala bilər».
NƏ EDƏ BİLƏRSİNİZ?
Müşahidəçi olun. Üzünüzə gələn həftə yoldaşınızın müsbət cəhətlərinə fikir verin. Həmçinin baxın görün o, ailənizdə hər şeyin qaydasında olması üçün nələr edir. Ola bilsin, indiyə kimi bu şeylərə fikir verməmisiniz. Həftənin sonunda isə siyahı tutun. Siyahının birində yoldaşınızda bəyəndiyiniz xüsusiyyətləri, ikinci siyahıda isə, onun ailəniz naminə nələr etdiyini yazın (Müqəddəs Kitab prinsipi: Filippililərə 4:8).
Nəyə görə müşahidəçi olmaq lazımdır? Erika adlı bir qadın deyir: «Evləndikdən bir neçə il sonra yoldaşının etdikləri insanın gözündə adiləşir. İnsan artıq diqqətini onun etdiyi yox, etmədiyi şeylərə cəmləyir».
Özünüzdən soruşun: «Yoldaşımın çəkdiyi zəhmət gözümdə adiləşməyib ki?» Məsələn, əriniz evdə nəyisə təmir edəndə ona minnətdarlığınızı bildirirsiniz, yoxsa düşünürsünüz ki, bu, onun borcudur? Ya da arvadınız uşağa baxırsa, buna görə onu tərifləyirsiniz, yoxsa fikirləşirsiniz ki, bu, onun işidir, eləməlidir? Məqsəd qoyun ki, ailənizin rifahı üçün yoldaşınızın etdiyi ən kiçik işə belə, fikir verib onu qiymətləndirəsiniz (Müqəddəs Kitab prinsipi: Romalılara 12:10).
Tərifə qənaət etməyin. Müqəddəs Kitaba əsasən, biz «şükür edənlərdən» olmalıyıq (Koloslulara 3:15). Bunu ürəkdə etmək kifayət deyil. Buna görə yoldaşınıza təşəkkür etməyi vərdiş edin. Ceyms adlı bir kişi deyir: «Yoldaşım çəkdiyim zəhmətə görə mənə minnətdarlığını bildirəndə istəyirəm yaxşı ər olmaq üçün daha çox çalışım və ailəmiz üçün daha artığını edim» (Müqəddəs Kitab prinsipi: Koloslulara 4:6).
Bir-birlərinə minnətdarlığını bildirən ər-arvadlar ailə tellərini möhkəmləndirirlər. Maykl adlı bir kişi deyir: «Düşünürəm ki, ər-arvadlar həmişə bir-birində yaxşı şeylər görməyə çalışsaydı, bu qədər ailə dağılmazdı. Çünki diqqətini həyat yoldaşının gözəl xüsusiyyətlərinə cəmləyən insan problem yarananda heç vaxt bunun həllini ayrılmaqda görməz».
^ abz. 9 Bəzi adlar şərtidir.