TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Dəniz samurunun xəzi
SOYUQ sularda yaşayan bir çox məməli heyvanlar dərialtı piy təbəqəsinin qalınlığı sayəsində bədənlərini isti saxlaya bilirlər. Dəniz samuru isə başqa bir izolyasiya üsulunun — qalın xəzin sayəsində isti qalır.
Məlumat. Dəniz samurunun xəzindəki tüklər digər məməli heyvanlarınkı ilə müqayisədə daha sıxdır. Dərisinin hər kvadrat santimetrində 155 000 tük var. Dəniz samuru üzərkən dərisinin tükləri bədəninə yaxın nahiyədə hava təbəqəsi yaradır. Hava izolyasiya rolunu oynayaraq soyuq suyun heyvanın dərisi ilə birbaşa təmasının qarşısını alır. Bunun sayəsində bədənin temperaturu sabit qalır.
Alimlər inanır ki, dəniz samurunun xəzindən öyrəniləsi çox şey var. Belə ki, onlar tükləri müxtəlif uzunluqda və tüklər arası məsafəsi fərqli olan bir sıra süni xəzlər hazırlayaraq üzərində təcrübələr aparıblar. Nəticədə, belə qənaətə gəliblər ki, «tüklər nə qədər sıx və uzun olarsa, dərinin səthi bir o qədər sukeçirməz və quru qalar». Bir sözlə, dəniz samurları, sözün əsl mənasında, öz mükəmməl xəzləri ilə öyünə bilərlər.
Alimlər ümid edir ki, onların tədqiqatları sukeçirməz materialların istehsalı sahəsində inkişafa səbəb olacaq. Kimsə düşünə bilər ki, soyuq sularda üzməli olan insanlar dəniz samurunun xəzinə oxşar tüklü dalğıc kostyumları geyinsələr, daha yaxşı olar.
Necə fikirləşirsiniz? Dəniz samurunun soyuqkeçirməz xəzi təkamül nəticəsində yaranıb, yoxsa yaradılış möcüzəsidir?