Kontentə keç

Mündəricatı göstər

QAYDA 1

Övladınıza özünə hakim olmağı öyrədin

Övladınıza özünə hakim olmağı öyrədin

ÖZÜNƏ HAKİM OLMAQ NƏ DEMƏKDİR?

Özünə hakim olan adam...

  • istədiyini əldə edənədək gözləməyi bacarır

  • hisslərini cilovlayır

  • xoşuna gəlməyən tapşırıqları sonadək yerinə yetirir

  • başqalarını özündən üstün tutur

ÖZÜNƏ HAKİM OLMAQ NƏ ÜÇÜN VACİBDİR?

Özünə hakim olan uşaqlar pis şeyə «yox» deməyi bacarırlar, hətta bu onların xoşuna gələn bir şey olsa da. Özünə hakim olmayan uşaqlarda isə növbəti meyillər müşahidə olunur:

  • aqressivlik

  • depressiya

  • siqaretə, narkotikə aludə olmaq, əyyaşlıq etmək

  • nə ilə qidalandığına fikir verməmək

Bir araşdırmaya əsasən, özünə hakim olan uşaqların, adətən, böyüyəndə sağlamlıqla, maddiyyatla bağlı problemləri olmur və qanuna riayət edən vətəndaşlar olurlar. Pensilvaniya universitetinin əməkdaşı olan Ancela Darkvors apardığı araşdırma əsasında belə bir nəticəyə gəlmişdi: «Özünə hakim olmaq heç vaxt insana artıqlıq etmir».

ÖZÜNƏ HAKİM OLMAĞI NECƏ ÖYRƏTMƏLİ?

«Yox» deməyi öyrənin və dediyinizin üstündə durun.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun» (Mətta 5:37).

Uşaqlar bəzən istədiklərinə nail olmaq üçün ağlayır, özlərini ora-bura çırpırlar, hətta bunu adam içində də edirlər. Bu zaman valideyn bezib uşağın istədiyini etsə, onda uşaq fikirləşəcək ki, bu cür davranmaqla dediyini etdirə bilər.

Lakin valideyn «yox» desə və dediyinin üstündə dursa, uşaq vacib bir dərsi mənimsəyəcək: insan həmişə istədiyini əldə edə bilməz. Doktor Deyvid Volşun sözlərinə əsasən, «bunu başa düşən insanlar, adətən, daha xoşbəxt olurlar. Biz övladlarımıza öyrədəndə ki, həyat istədikləri hər şeyi onların qabağına gümüş boşqablarda gətirəcək, əslində, onlara pislik edirik» *.

Övladınıza indi «yox» deməklə ona kömək edirsiniz ki, gələcəkdə özü özünə «yox» deyə bilsin. Məsələn, o özünü saxlayıb narkotikə, əxlaqsızlığa, yaxud digər pis işlərə «yox» deyə biləcək.

Övladlarınıza davranışının həm yaxşı, həm də pis nəticəsini başa salın.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

Uşaq başa düşməlidir ki, hər hərəkətin müəyyən nəticəsi olur, buna görə də təmkinlə davranmasa, xoşagəlməz nəticələr biçəcək. Məsələn, əgər oğlunuz dilxor olanda, adətən, özündən çıxırsa, onda ətrafdakılar ondan yan gəzəcək. Ancaq belə hallarda özünü ələ almağı öyrənsə, yaxud danışanın sözünü kəsməyib səbirlə gözləsə, başqalarına xoş təsir bağışlayacaq. Övladınıza başa salın ki, təmkinlə davranmağı bacarsa, yaxşı bəhrələr biçəcək.

Övladınıza həyatda nələrin vacib olduğunu öyrədin.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10).

Özünə hakim olmaq, sadəcə, özünü yanlış hərəkətdən saxlamaq demək deyil, həmçinin xoşuna gəlməsə də, lazım olan işi görməkdir. Uşaq gərək vacib işləri müəyyən etməyi və onları yerinə yetirməyi öyrənsin. Övladınıza, ilk növbədə, vacib işləri gördürün. Məsələn, o, əvvəlcə ev tapşırıqlarını yerinə yetirməli, sonra əylənməlidir.

Yaxşı nümunə olun.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın» (Yəhya 13:15).

Övladınız xoşagəlməz hal yarananda sizin necə davrandığınızı görür. Öz nümunənizlə göstərin ki, özünə hakim olmağın nəticəsi yaxşı olur. Məsələn, uşaq sizi hövsələdən çıxaranda siz qəzəblənirsiniz, yoxsa sakit qalırsınız?

^ abz. 20 Sitat «Yox — Nə üçün bütün yaşda olan uşaqlar bu sözü eşitməlidir və valideynlər bunu necə deməlidir?» adlı kitabdandır («No: Why Kids—of All Ages—Need to Hear It and Ways Parents Can Say It»).