Kontentə keç

Mündəricatı göstər

KƏDƏRLİ İNSANLARA KÖMƏK

Kədərlə mübarizə. Bu gün nə edə bilərsiniz?

Kədərlə mübarizə. Bu gün nə edə bilərsiniz?

Kədərlə mübarizə aparmaq üçün məsləhət axtarsanız, ehtimal ki, saysız-hesabsız fikirlər tapacaqsınız. Onlardan bəziləri digərlərinə nisbətən daha faydalı ola bilər. Yəqin bunun səbəbi, əvvəlki məqalədə də vurğulandığı kimi, hər kəsin kədəri müxtəlif cür yaşamasıdır. Bir insan üçün işə yarayan məsləhət digəri üçün işə yaramaya bilər.

Buna rəğmən, bir çoxlarına xeyri dəyən bəzi əsas tövsiyələr mövcuddur. Bu tövsiyələr məsləhətçilər tərəfindən tez-tez vurğulanır və onlar hikmətlə zəngin olan qədimi kitabdakı, Müqəddəs Kitabdakı zaman tanımayan prinsiplərlə üst-üstə düşür.

1. AİLƏNİZİN VƏ DOSTLARINIZIN KÖMƏYİNİ QƏBUL EDİN

  • Bəzi mütəxəssislər bunun kədərlə mübarizədə ən vacib üsul olduğunu düşünürlər. Buna baxmayaraq, hərdən tək qalmaq istəyə bilərsiniz. Hətta ola bilsin, sizə kömək etməyə çalışan insanlara əsəbiləşəsiniz. Bu normaldır.

  • Elə düşünməyin ki, həmişə insanların arasında olmalısınız, eyni zamanda da onları özünüzdən tamamilə uzaqlaşdırmayın. Axı gələcəkdə onların dəstəyinə ehtiyac duya bilərsiniz. Qoyun başqaları sizin hal-hazırda nəyə ehtiyacınız olub-olmadığını öyrənsin.

  • Ehtiyacınıza uyğun olaraq başqaları ilə keçirdiyiniz vaxtla tək olduğunuz vaxt arasında tarazlıq yaradın.

PRİNSİP: «İki nəfər bir nəfərdən yaxşıdır... Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq» (Vaiz 4:9, 10).

2. QİDALANMAĞINIZA DİQQƏT YETİRİN VƏ İDMANA VAXT AYIRIN

  • Düzgün qidalanmaq kədərlə mübarizədən yaranan stressin öhdəsindən gəlməyə kömək edəcək. Müxtəlif növ meyvə-tərəvəz yeyin və yağsız zülal tərkibli qidalar qəbul edin.

  • Bolluca su və başqa sağlam içkilər için.

  • Əgər iştahadan kəsilmisinizsə, onda gün ərzində az miqdarda olmaqla tez-tez yemək yeyin. Siz həkiminizdən qida əlavələri haqda da məsləhət ala bilərsiniz *.

  • Sürətli yeriş və digər idman hərəkətləri mənfi emosiyaları azalda bilər. Bu hərəkətlər əzizini itirmiş bəzi insanlara hazırkı vəziyyəti haqda düşünməyə, bəzilərinə isə bir müddət əzizinin ölümü ilə bağlı fikirlərdən uzaq olmağa kömək edə bilər.

PRİNSİP: «Elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır» (Efeslilərə 5:29).

3. DOYUNCA YATIN

  • Yatmaq hər zaman vacibdir, xüsusilə də kədərli insanlar üçün, çünki kədər insanı daha da əldən salır.

  • Nə qədər kofein və spirtli içki qəbul etdiyinizə diqqət yetirin. Çünki bunlar yuxunu qaçırır.

PRİNSİP: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6).

4. VƏZİYYƏTƏ TEZ UYĞUNLAŞIN

  • Hər kəsin kədəri müxtəlif cür yaşadığını qəbul edin. Özünüz üçün vəziyyətinizi nəyin yüngülləşdirdiyini müəyyən edin.

  • Çoxları kədəri başqaları ilə bölüşməyin faydalı olduğunu düşünür, bəziləri isə kədəri bölüşməməyə üstünlük verir. Kədərlə mübarizədə hissləri ifadə etməyin faydalı olub-olmadığına dair mütəxəssislərin fikirləri fərqlidir. Əgər kiməsə ürəyinizi boşaltmaq istəyir, amma çəkinirsinizsə, onda yaxın dostunuzla ürəyinizdəkiləri bölüşməyin sayəsində bunu etmək sizə get-gedə asan gələ bilər.

  • Bəzi insanlar kədərdən qurtulmağın çarəsini ağlamaqda görür. Digərləri isə düşünür ki, nə qədər az ağlasa, kədərdən bir o qədər tez qurtulacaq.

PRİNSİP: «Ürək öz dərdini bilir» (Məsəllər 14:10).

5. ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN UZAQ DURUN

  • Doğmasını yenicə itirmiş bəzi insanlar dərdlərini yüngülləşdirmək üçün spirtli içkiyə və ya narkotikə aludə olur. Bu cür dırnaqarası çıxış yolu insana zərərdən başqa heç nə gətirmir. İnsanın bunlardan duyacağı rahatlıq müvəqqətidir və ciddi fəsadlara səbəb ola bilər. Dərdinizi yüngülləşdirmək üçün zərərsiz yollardan istifadə edin.

PRİNSİP: «Gəlin cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək» (2 Korinflilərə 7:1).

6. VAXT MƏSƏLƏSİNDƏ TARAZLIĞI QORUYUN

  • Çoxları hüzn və kədər dövrünü müvəqqəti fasilələrlə, yəni onları ağrı-acıdan müvəqqəti də olsa, uzaqlaşdıran məşğuliyyətlərlə əvəz etməyin faydasını görürlər.

  • Dostluq münasibətləri qurmaqla, bu münasibətləri gücləndirməklə, yeni bacarıqlara yiyələnməklə və ya əyləncəyə vaxt ayırmaqla müvəqqəti olaraq rahatlıq tapa bilərsiniz.

  • Vaxt keçdikcə vəziyyət dəyişəcək. Siz görəcəksiniz ki, yuxarıda haqqında danışdığımız fasilələr daha uzun çəkəcək və daha tez-tez olacaq. Bu isə sağalma prosesinin bir hissəsidir.

PRİNSİP: «Hər şeyin öz vaxtı var... Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı; fəğan etməyin öz vaxtı, rəqs etməyin öz vaxtı» (Vaiz 3:1, 4).

7. REJİMLƏ YAŞAYIN

  • Tez bir zamanda normal həyat rejiminə qayıdın.

  • Yuxu, iş və digər məşğuliyyətlərlə bağlı rejimə riayət edəndə, ehtimal ki, əvvəlki həyat rejiminə qayıdacaqsınız.

  • Faydalı məşğuliyyətlər ağrı-acınızı yüngülləşdirə bilər.

PRİNSİP: «Allah onun başını sevinclə qarışdırdığı üçün ömrünün necə keçdiyindən xəbər tutmayacaq» (Vaiz 5:20).

8. VACİB QƏRARLAR VERMƏYƏ TƏLƏSMƏYİN

  • Doğmasını itirəndən qısa müddət sonra vacib qərarlar verən əksər insanlar sonradan bu qərarlara görə peşmançılıq çəkiblər.

  • Mümkünsə, köçməyə, işinizi dəyişməyə və ya itirdiyiniz əzizinizin şəxsi əşyalarını atmağa tələsməyin, gözləyin kifayət qədər vaxt keçsin.

PRİNSİP: «Çalışqanın niyyəti uğur gətirər, tələskən ehtiyaca yuvarlanar» (Məsəllər 21:5).

9. ÖLƏN ƏZİZİNİZİ XATIRLAYIN

  • Yaslı insanların əksəriyyəti ölən əzizlərinin xatirəsini yaşadan şeyləri etməyin faydalı olduğunu görürlər.

  • Ölən insanın şəkillərini və ondan yadigar qalan əşyaları toplamaq, yaxud xatırlamaq istədiyiniz hadisələrin və ya hekayələrin gündəliyini yaratmaq sizə rahatlıq gətirə bilər.

  • Xoş xatirələri yadınıza salan əşyaları saxlayın və özünüzü mənən hazır hiss edəndə onlara baxın.

PRİNSİP: «Keçmiş çağları yada salın» (Qanunun təkrarı 32:7).

10. İSTİRAHƏTƏ VAXT AYIRIN

  • Tətilə çıxmaq haqda fikirləşə bilərsiniz.

  • Əgər uzunmüddətli tətilə çıxmaq alınmırsa, onda ən azından, bir-iki günlük istirahət edə bilərsiniz. Məsələn, parkda, dəniz kənarında gəzişə və ya dostlarınızla birgünlük harasa gedə bilərsiniz.

  • Hətta əvvəllər etmədiyiniz bir işlə məşğul olmaq sizə kədərdən qurtulmağa kömək edə bilər.

PRİNSİP: «Gəlin sakit bir yerə gedək, bir az dincinizi alın» (Mark 6:31).

11. BAŞQALARINA KÖMƏK EDİN

  • Unutmayın ki, başqalarına vaxt ayırıb kömək etsəniz, özünüzü daha yaxşı hiss edə bilərsiniz.

  • İlk olaraq əzizinizin ölümünə görə kədərlənən və təsəlliyə ehtiyac duyan insanlara, məsələn, dostlarınıza, qohumlarınıza kömək edə bilərsiniz.

  • Başqalarına dəstək olmaq və təsəlli vermək sevincinizi və həyat amalınızı sizə geri qaytaracaq.

PRİNSİP: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

12. NƏYİN DAHA VACİB OLDUĞUNU MÜƏYYƏN EDİN

  • Kədər əslində nəyin vacib olduğunu daha yaxşı başa düşməyə kömək edə bilər.

  • Bundan sonra necə həyat sürəcəyiniz haqda düşünün.

  • Lazım gəlsə, vacib saydığınız şeylərdə dəyişiklik edin.

PRİNSİP: «Yas evinə getmək ziyafət evinə getməkdən yaxşıdır, çünki hər kəsin axırı budur. Hər bir yaşayan bunu yadında saxlamalıdır» (Vaiz 7:2)

Düzünü desək, heç nə ağrı-acınızı tamamilə aradan qaldıra bilməz. Bununla belə, əzizini itirən insanların çoxu bu məqalədə sadalanan addımların onlara təsəlli verdiyini öz təcrübələrində görə bilər. Söz yox ki, bu məqalədə kədərdən qurtulmağın bütün yollarından danışılmır. Amma bu məsləhətlərdən bəzilərinə əməl etsəniz, müəyyən qədər təsəlli tapa bilərsiniz.

^ abz. 13 «Oyanın!» jurnalı konkret bir müalicə üsulunu dəstəkləmir.