Kontentə keç

Mündəricatı göstər

Şeytanla mübarizə aparıb qalib gələ bilərsən!

Şeytanla mübarizə aparıb qalib gələ bilərsən!

«Güclü imanla... [Şeytana] müqavimət göstərin» (1 BUT. 5:9).

1. a) Nəyə görə Şeytanla mübarizə aparmaq indi xüsusilə vacibdir? b) Haradan bilirik ki, Şeytanla mübarizədə qalib gələ bilərik?

ŞEYTAN məsh olunmuşlarla və «başqa qoyunlar»la müharibə aparır (Yəh. 10:16). İblisin vaxtına az qalıb və onun məqsədi Yehovanın daha çox xidmətçisini udmaqdır. (Vəhy 12:9, 12 ayələrini oxuyun.) Ancaq biz Şeytanla mübarizədə qalib gələ bilərik! Müqəddəs Kitabda deyilir: «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaq. 4:7).

2, 3. a) Şeytanın mövcud olmadığı fikri nəyə görə ona əl verir? b) Şeytanın mövcud olduğunu haradan bilirsən?

2 Çoxları Şeytanın mövcudluğu fikrinə istehza ilə yanaşır. Onların fikrincə, Şeytan və cinlər romanlarda, qorxulu filmlərdə və video oyunlarda olan uydurma personajlardır. Həmin insanlar fikirləşir ki, ağlı başında olan adam belə şeylərə inanmaz. Bəs səncə, Şeytanın və onun gözəgörünməz tərəfdarlarının nağıllar aləminə aid edilməsi onu dilxor edir? Bu heç onun vecinə də deyil. Əksinə, onun mövcudluğuna şübhə edən insanların zehnini kor etmək Şeytana daha asan olur (2 Kor. 4:4). Şeytan şər ruhların mövcud olmadığı fikrini insanlara təlqin edərək onları aldadır.

3 Yehovanın xidmətçiləri olan bizlər isə aldanan insanlardan deyilik. Biz bilirik ki, İblis mövcuddur. İlan vasitəsilə Həvva ilə danışan məhz o idi (Yar. 3:1—5). Şeytan Əyyub peyğəmbərlə bağlı Yehova Allaha meydan oxumuşdu (Əyy. 1:9—12). İsanı günaha sürükləməyə çalışan da Şeytan olmuşdu (Mət. 4:1—10). 1914-cü ildə göydə Allahın Padşahlığı qurulandan sonra Şeytan məsh olunmuşlara qarşı «vuruşmağa» başladı (Vəhy 12:17). Həmin müharibə hələ də davam edir. Belə ki, Şeytan 144 000 məsh olunmuşun yerdə qalan üzvlərinin və «başqa qoyunlar»ın imanını məhv etməyə çalışır. Bu döyüşdə qalib gəlmək üçün biz Şeytana müqavimət göstərməli və imanda möhkəm qalmalıyıq. Bu məqalədə bunun üç üsulunu araşdıracağıq.

QÜRURU BOĞ

4. Şeytan qürurlu olduğunu necə göstərir?

4 Şeytanda zərrə qədər də həlimlik deyilən şey yoxdur. Ruhani varlığın hünər edib Yehovanın hakimiyyətinə meydan oxuması və Onunla rəqabətə girməsi göstərir ki, o, qürurun və təkəbbürün təcəssümüdür. Buna görə də Şeytana müqavimət göstərməyin bir üsulu qüruru boğmaq və həlim olmaqdır. (1 Butrus 5:5 ayəsini oxuyun.) Bəs qürur nədir? Qürur həmişə pisdir?

5, 6. a) Qürur həmişə pisdir? İzah edin. b) Hansı halda qürur təhlükəlidir və Müqəddəs Kitabda qələmə alınan hansı nümunələr bunu göstərir?

5 Bir lüğətə əsasən, qürur «mənlik, ləyaqət hissi» və «özünün, yaxud yaxın adamlarının yaxşı əməlinə görə və ya yaxşı bir şeyə sahib olduğuna görə duyulan fəxr»dir. Bunda pis bir şey yoxdur. Həvari Bulus Salonikidəki məsihilərə yazmışdı: «Allahın yığıncaqlarında sizinlə fəxr edirik, çünki bütün təqiblərə və çəkdiyiniz əziyyətlərə baxmayaraq, siz dözüm və iman göstərirsiniz» (2 Salon. 1:4). İnsanın başqaları ilə fəxr etməsində, hətta özü ilə müəyyən dərəcədə qürur duymasında pis heç nə yoxdur. Bizim ailəmizlə, mədəniyyətimizlə və ya doğulub boya-başa çatdığımız yerlə fəxr etməyimiz ayıb şey deyil (Həv. 21:39).

6 Ancaq bəzi hallarda qürur münasibətləri poza, Yehova ilə dostluğumuzu korlaya bilər. Belə ki, məsləhət veriləndə insan qulaq asmaq əvəzinə, qürurdan irəli gələrək inciyə və məsləhəti rədd edə bilər (Zəb. 141:5). Belə qürura «özündən razılıq» və ya «çox vaxt əsassız yerə özünü başqalarından üstün hesab etmək, təkəbbür» kimi tərif verilir. Yehova Allah təkəbbürə nifrət edir (Hizq. 33:28; Ams. 6:8). Lakin insanların lovğalıq etməsi, təkəbbür göstərməsi Şeytanın ürəyincə olur, çünki bununla insanlar onun xasiyyətini əks etdirirlər. Nəmrudun, fironun və Absalamın lovğalığını görəndə yəqin ki, Şeytanın sevincinin həddi-hüdudu olmurdu. Bu adamların hər biri öz qürurunun qurbanı olmuşdu! (Yar. 10:8, 9; Çıx. 5:1, 2; 2 İşm. 15:4—6). Qabilin də axırına çıxan qürur idi. Allah şəxsən Özü ona məsləhət vermişdi, amma o, qürurundan bu məsləhəti qəbul etməmişdi. O, tərslik edib Yehovanın nəsihətini saya salmamış və üzüaşağı uçuruma yuvarlanmışdı (Yar. 4:6—8).

7, 8. a) İrqçilik nədir və bunun qürurla nə əlaqəsi var? b) Qürur yığıncaqdakı sülhü necə poza bilər?

7 Bu gün insanlar çox şeydə qürur göstərirlər. Bəzi halda qürur özünü irqçilikdə göstərir. Bir lüğətə əsasən, irqçilik «başqa irqə mənsub olan insanlara qarşı qərəz və ədavət hissi», həmçinin «müxtəlif irqlərə mənsub olan insanların fərqli xasiyyət və bacarığa sahib olması, eləcə də bəzi irqlərin üstün və ya aşağı olması fikri»dir. İrqçilik iğtişaşlara, müharibələrə, hətta soyqırıma gətirib çıxarır.

8 Əlbəttə ki, bu kimi şeylərə məsihi yığıncağında yer yoxdur. Buna baxmayaraq, bəzi hallarda dindaşlar arasında qürurdan doğan mübahisələr məcrasından çıxa bilər. Görünür, birinci əsrdə də bəzi məsihilər arasında bu baş vermişdi. Məsihin şagirdi Yaqub onlara belə bir düşündürücü sual vermişdi: «Aranızdakı dava-dalaş, çəkişmələr haradandır?» (Yaq. 4:1). Ürəyimizdə kök salmış ədavət və özündən razılıq ona gətirib çıxara bilər ki, biz sözlərimiz və hərəkətlərimizlə başqalarını yaralaya bilərik (Məs. 12:18). Aydındır ki, qürur yığıncaqdakı sülhü pozur.

9. Müqəddəs Kitab irqçiliyə və qürura qalib gəlməyə necə kömək edir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

9 Əgər biz özümüzü başqalarından üstün saymağa meyilliyiksə, yadda saxlamalıyıq ki, «ürəyi təkəbbürlü adamdan Yehova ikrah edir» (Məs. 16:5). Həmçinin yaxşı olar ki, özümüzü yoxlayaq, görək, başqa irqdən, millətdən və mədəniyyətdən olan insanlara necə yanaşırıq. Əgər bizdə irqçilik, yaxud millətçilik varsa, deməli, biz yadımızdan çıxardırıq ki, Allah bütün xalqları bir insandan yaradıb (Həv. 17:26). Bu prizmadan baxanda cəmi bir irq mövcuddur, çünki bütün bəşəriyyətin bir əcdadı var, o da Adəmdir. Buna görə də hansısa irqin üstün və ya aşağı olduğunu düşünmək ağılsızlıqdır. Bu cür düşüncə Şeytanın məsihilər arasındakı məhəbbəti və birliyi məhv etmək məqsədinə xidmət edir (Yəh. 13:35). Şeytanla mübarizə aparmaq və qələbə çalmaq üçün biz ürəyimizdəki qüruru boğmalıyıq (Məs. 16:18).

MALPƏRƏSTLİKDƏN VƏ DÜNYAYA MƏHƏBBƏTDƏN QAÇ

10, 11. a) Nəyə görə bizdə asanlıqla dünyaya sevgi yarana bilər? b) Dimas dünyanı sevdiyini necə göstərmişdi?

10 Şeytan bu dünyanın hökmdarıdır və dünya onun əlindədir (Yəh. 12:31; 1 Yəh. 5:19). Buna görə də bu dünyanın aşıladığı şeylərin əksəriyyəti Müqəddəs Kitaba ziddir. Əlbəttə, bu, o demək deyil ki, dünyanın təklif etdiyi hər şey pisdir. Ancaq biz ehtiyatlı olmalıyıq, Şeytan bu dünyanın vasitəsilə bizdə öz məqsədinə xidmət edən arzular oyadıb bizi günaha sürükləyə bilər, yaxud da ürəyimizdə bu dünyaya məhəbbət oyadıb bizi Yehova Allaha ibadətdən soyuda bilər. (1 Yəhya 2:15, 16 ayələrini oxuyun.)

11 Görünür, birinci əsrdə yaşayan bəzi məsihilər də dünyanı sevməyə başlamışdılar. Məsələn, həvari Bulus yazmışdı: «Dimas dünyanı sevib məni tərk etdi» (2 Tim. 4:10). Müqəddəs Kitabda deyilmir ki, Dimas dünyada konkret olaraq nəyi sevib Bulusu tərk etmişdi. Ola bilsin, o, malı-pulu ruhani işlərdən çox sevməyə başlamışdı. Əgər belə idisə, onda Dimas bir çox ruhani nemətlərdən özünü məhrum etmişdi. Heç buna dəyərdi? O, Bulusla əməkdaşlıq etsəydi, Yehova Öz nemətlərini onun başından tökərdi. Bəs bu dünya ona Yehovanın verəcəyi nemətlərdən yaxşı nə verə bilərdi? (Məs. 10:22).

12. Biz «var-dövlətin aldadıcı qüvvəsi»nə necə qurban gedə bilərik?

12 Buna bənzər şey bizimlə də baş verə bilər. Məsələn, biz özümüzü, ailəmizi dolandırmaq istəyirik (1 Tim. 5:8). Yehova da bizim yaxşı yaşamağımızı istəyir. Bu, ondan görünür ki, O, Adəmlə Həvvanı cənnətdə, gözəl bir məkanda yaratmışdı (Yar. 2:9). Lakin Şeytan «var-dövlətin aldadıcı qüvvəsi» ilə bizdə öz məqsədinə xidmət edən arzular oyada bilər (Mət. 13:22). Çoxları düşünür ki, pul onları xoşbəxt edəcək, yaxud da var-dövlət əsil səadətə yol açacaq. Bu cür düşüncə ağ yalandır və bu, sahib olduğumuz ən dəyərli şeyi — Yehova Allahla dostluğu itirməyimizə səbəb ola bilər. İsa davamçılarına xəbərdarlıq etmişdi: «Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz» (Mət. 6:24). Əgər biz yalnız var-dövlətə qulluq etsək, onda Yehovaya xidmət etməyi dayandırmış olacağıq. Şeytanın da istədiyi elə budur! Gəlin heç vaxt yol verməyək ki, pul, yaxud pulla alınan şeylər Yehova ilə dostluğumuzu kölgədə qoysun. Şeytanla mübarizə aparmaq üçün biz mala-pula tarazlı yanaşmalıyıq. (1 Timutiyə 6:6—10 ayələrini oxuyun.)

ƏXLAQSIZLIĞI RƏDD ET

13. Bu dünyada insanlara nikaha və cinsi yaxınlığa hansı münasibət aşılanır?

13 Şeytan dünyasının digər bir tələsi əxlaqsızlıqdır. Bu gün bir çox insanlar həyat yoldaşına sadiq qalmağa və hətta nikaha dəbdən düşmüş, insanın əl-ayağını bağlayan bir şey kimi baxırlar. Məsələn, bir məşhur aktrisa demişdi: «Həm kişi, həm də qadın üçün təknikahlılıq mümkün olmayan bir şeydir. Mən hələ öz həyat yoldaşına sadiq qalan və ya qalmaq istəyən adama rast gəlməmişəm». Digər bir aktyor isə demişdi: «Mənə elə gəlir ki, ömrünün axırına kimi bir nəfərlə yaşamaq insan təbiətinə xas deyil». Nüfuzlu insanların Allahın ənamı olan nikahı gözdən salması Şeytanın lap ürəyincədir. Nikah quruluşunu dəstəkləmək İblisin nəyinə lazımdır? O ki ailələrin dağılmasını istəyir. Şeytanla mübarizə aparıb qalib gəlmək üçün nikaha Allahın istədiyi kimi baxmalıyıq.

14, 15. Əxlaqsızlığı necə rədd edə bilərik?

14 Evli və ya subay olmağımızdan asılı olmayaraq, var gücümüzlə əxlaqsızlığın hər bir növünü rədd etməliyik. Bu mübarizə heç də asan deyil! Əgər sən gəncsənsə, yəqin yoldaşların sekslə, yaxud bir çox ölkələrdə uşaq pornoqrafiyasını yaymağa bərabər hesab edilən sekstinqlə (elektron formada seksual xarakterli şəkil və mətnlərin göndərilməsi) məşğul olmaları barədə yanında lovğalanırlar. Müqəddəs Kitabda deyilir: «Əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işləyir» (1 Kor. 6:18). Zöhrəvi xəstəliklər iztirablara və ölümə səbəb olur. Bakirəliyini itirən subay gənclərin əksəriyyəti çox peşman olduqlarını deyirlər. Mediada qeyri-qanuni cinsi əlaqə ilə bağlı təsvir olunanlar əslində reallıqdan çox-çox uzaqdır. Onlar bizi inandırmaq istəyir ki, Allahın qanununu pozmağın heç bir zərəri yoxdur. Bu cür düşüncə insanları «günahın tovlayıcı qüvvəsi»nin qurbanı edir (İbr. 3:13).

15 Əgər əxlaqsız hərəkət səni özünə cəlb edirsə, nə edə bilərsən? Öz zəifliyinə göz yumma (Rom. 7:22, 23). Duada Allahdan güc istə (Filip. 4:6, 7, 13). Əxlaqsızlığa sürükləyən vəziyyətlərdən qaç (Məs. 22:3). Belə bir vəziyyətlə qarşılaşanda onu dərhal rədd et (Yar. 39:12).

16. İsa Şeytana necə cavab verdi və biz bundan nə öyrənə bilərik?

16 İsa günahı rədd etməkdə çox gözəl nümunədir. O, Şeytanın vədlərinə aldanmadı, nə də onların xeyrini, zərərini götür-qoy etmədi. Əksinə, o, dərhal «yazılıb» deyə cavab verdi. (Mətta 4:4—10 ayələrini oxuyun.) İsa Allahın Kəlamını yaxşı bilirdi və bunun sayəsində günaha sürükləyən vəziyyətlə üzləşəndə dərhal Müqəddəs Yazılardan sitatlar gətirirdi. Şeytanla mübarizə aparıb qalib gəlmək üçün biz yol verməməliyik ki, nə isə bizi əxlaqsız hərəkətə sürükləsin (1 Kor. 6:9, 10).

DÖZÜMLÜ OLUB MÜBARİZƏDƏ QALİB GƏL

17, 18. a) Şeytanın cəbbəxanasında hansı silahlar var və bu, bizi nəyə görə təəccübləndirməməlidir? b) Şeytanı nə gözləyir və bu, sənə dözməyə necə kömək edir?

17 Qürur, malpərəstlik və əxlaqsızlıq Şeytanın silahlarından sadəcə üçüdür. Əslində Şeytanın silahı çoxdur. Məsələn, bəzi məsihiləri ailə üzvləri təqib edir, sinif yoldaşları məsxərəyə qoyur, yaxud da ki, bəzi ölkələrdə təbliğ işinə qadağalar qoyulur. Bu kimi çətinliklər bizi təəccübləndirmir. Çünki İsa Məsih davamçılarına xəbərdarlıq etmişdi: «Mənim adıma görə hamı sizə nifrət edəcək. Ancaq axıra kimi dözən xilas olacaq» (Mət. 10:22).

Şeytan həmişəlik məhv olacaq (18-ci abzasa baxın)

18 Bəs biz Şeytanla necə mübarizə aparıb qələbə çala bilərik? İsa şagirdlərinə demişdi: «Dözümlə həyatınızı xilas edəcəksiniz» (Luka 21:19). Heç bir insan bizə sağalmaz yara vura bilməz. Özümüz yol verməsək, heç kəs Yehova ilə dostluğumuzu poza bilməz (Rom. 8:38, 39). Hətta Yehovanın xidmətçisinin ölümü belə Şeytanın qələbəsi demək deyil. Çünki Yehova Öz xidmətçisini mütləq dirildəcək (Yəh. 5:28, 29). Şeytanın isə gələcəyi yoxdur. Allahsız dünya məhv ediləndən sonra Şeytan 1000 illiyə dibsiz quyuya atılacaq (Vəhy 20:1—3). İsanın Minillik Hökmranlığının sonunda Şeytan qısa müddətə zindandan buraxılacaq və kamil insanları Allahın yolundan azdırmaq üçün sonuncu dəfə cəhd göstərəcək. Bundan sonra Şeytan əbədilik məhv ediləcək (Vəhy 20:7—10). Bəli, Şeytanın aqibəti pis olacaq, amma sənin yox! Şeytana qarşı dur, imanda möhkəm qal. Sən Şeytanla mübarizə aparıb qalib gələ bilərsən!