Kontentə keç

Mündəricatı göstər

Bilirsinizmi?

Bilirsinizmi?

Roma imperiyasında qullarla necə rəftar edirdilər?

ROMA QULLARININ BOYNUNDAN ASILAN XALTA

Roma imperiyası dövründə müharibələrdə minlərlə insanlar əsir götürülür və ya insan oğurluğunun qurbanı olurdu. Onlar qul kimi satılırdı və bir daha doğmalarını görmürdülər.

Mədəndə ölənə kimi işləyən qullara baxanda, fermalarda çalışan və ya evlərdə nökər olan qulların vəziyyəti bir az yaxşı idi. Bəzi sahiblər öz qullarının boynundan üzərində yazı, yaxud da yarlığı olan dəmir xalta asırdılar. Yarlığın üzərində qaçan qulu sahibinə qaytaranı mükafat gözlədiyi qeyd olunurdu. Dəfələrlə qaçmağa cəhd göstərən qulun alnına çox vaxt «fugitivus», yəni «qaçaq» mənasını verən «F» hərfi formasında damğa vururdular.

Müqəddəs Kitabda qeyd olunur ki, həvari Pavel Filimona yazdığı məktubda ondan qaçmış qulu Onisimi qəbul etməsini rica edir. Filimonun Onisimə ağır cəza verməyə haqqı çatsa da, Pavel ondan aralarındakı qardaşlıq məhəbbəti və dostluqları xatirinə Onisimi mehribanlıqla qarşılamağı xahiş edir (Filimona 10, 11, 15—18).

Nəyə görə qədim Finikiya bənövşəyi boya ilə məşhur idi?

Finikiya (indiki Livan) Tir şəhərinin adından götürülən Tir bənövşəyi boyası ilə məşhur idi. Qədim İsrail padşahı Süleymanın Yerusəlimdə tikdirdiyi məbəddə Tir (Sur) ustalarının hazırladığı «bənövşəyi... parça»dan istifadə olunmuşdu (2 Salnamələr 2:13, 14).

O vaxtlar Tir bənövşəyi boyası ən bahalı boya idi. Bunun əsas səbəbi o idi ki, bu rəngdə boyanı istehsal etmək çox çətin idi. Əvvəlcə balıqçılar külli miqdarda dənizdən mureks molyuskları * toplamalı idilər. Bir paltarı rəngləyəcək qədər boya istehsal etmək üçün 12 000 molyusk yığmaq lazım idi. Sonra bu dəniz ilbizlərini boya vəzlərinə görə çanaqlarından ayırırdılar. Boya hazırlayanlar bu kütləyə duz qatıb üç gün açıq havada, günəşin altında saxlayırdılar. Sonra isə bütün bu kütləni ağzı qapaqlı böyük çənlərə töküb, içinə dəniz suyu qatıb daha bir neçə gün zəif odun üstündə dəmə qoyurdular.

Yüzilliklər ərzində finikiyalılar ticari əlaqələri və müstəmləkələri hesabına Tir bənövşəyi boya bazarında və onun hazırlanmasında öz yerlərini qorumuşdular. Onların boya istehsalının qalıqları Aralıq dənizi ətrafında, hətta qərbdə yerləşən Kadisdə (İspaniya) tapılmışdır.

^ abz. 8 Bu molyuskların uzunluğu 5—8 santimetr olur.