Kontentə keç

Mündəricatı göstər

Zir-zibilin içindən tapılan ləl-cəvahirat

Zir-zibilin içindən tapılan ləl-cəvahirat

ZİBİLXANA dedikdə ağlınıza nə gəlir? Yəqin ki, üfunət iy gələn murdar bir yer. Heç ağlınızın ucundan belə keçməz ki, bu cür yerdən qiymətli bir şey tapmaq olar.

Bir əsr əvvəl məhz belə bir yerdən, zibillikdən tayı-bərabəri olmayan bir şey tapılmışdı. Düzdür, bu daş-qaş deyildi, amma onun qədər dəyərli idi. Gəlin görək, bu nə tapıntı idi və nəyə görə bizim üçün əhəmiyyət kəsb edir?

GÖZLƏNİLMƏZ TAPINTI

XX əsrin başlanğıcına yaxın Oksford Universitetinin alimləri Bernard Qrenfel və Artur Hant Misirə səyahət edirlər. Nil vadisinin yaxınlığındakı zibillikdə onlar bir neçə papirus fraqmentləri tapırlar. Sonra 1920-ci ildə bu alimlər bir kataloq üçün kolleksiya yığan ərəfədə Bernard Qrenfel Mançesterdə (İngiltərə) yerləşən Con Raylands Kitabxanasının adından Misirdə qazıntılar nəticəsində tapılmış daha bir neçə fraqment əldə edir. Lakin bu alimlər kataloqu bitirməmiş vəfat edirlər.

Bu işi Oksford Universitetinin digər alimi Kolin Roberts tamamlayır. Fraqmentləri növlərə ayırdığı zaman gözü 9x6 santimetr olan bir papirusa sataşır. Alim gözlərinə inanmır, çünki bu yunan əlyazmasında tanış sözlər görür. Papirusun bir tərəfində İncildən olan Yəhya 18:31—33 ayələrindəki sözlər, o biri tərəfində isə 37 və 38-ci ayələrinin bəzi hissələri yazılıb. Roberts başa düşür ki, əlindəki bu fraqment olduqca dəyərlidir.

YAŞIN MÜƏYYƏN EDİLMƏSİ

Roberts ehtimal edir ki, bu, qədimi fraqmentdir. Amma neçənci əsrə aid olduğunu dəqiq bilmir. Buna görə də yaşını müəyyən etmək üçün bu əlyazmanı yaşı məlum olan digər qədimi əlyazmalarla müqayisə edir. Elmdə bu üsul paleoqrafiya * adlanır. Bu üsulla o, həmin papirusun təxmini yaşını müəyyən edir. Ancaq daha da əmin olmaq üçün fraqmentin şəklini çəkib papirologiya elmi ilə məşğul olan üç alimə göndərir. Görəsən, bu mütəxəssislərin cavabı nə olur?

Mütəxəssislərin üçü də fraqmentin hərflərin qrafik formasını və yazı xətlərini araşdırandan sonra qənaətə gəlirlər ki, bu əlyazma eramızın II əsrinin birinci yarısına, yəni həvari Yəhyanın ölümündən cəmi bir neçə onillik sonraya təsadüf edir. Lakin paleoqrafiya elmi manuskriptlərin vaxtını müəyyən etməyin tam dəqiq üsulu deyil. Başqa alimin fikrincə isə, bu mətn ikinci əsrin istənilən ilində də yazıla bilərdi. Hər necə olursa olsun, bu kiçik papirus parçası İncilin indiyə kimi tapılan ən qədim parçasıdır.

RAYLANDS FRAQMENTİ NƏYİ SÜBUT EDİR?

Nəyə görə İncildən olan bu fraqment Allahın Kəlamını sevən insanlar üçün vacib tapıntıdır? Ən azı iki səbəbə görə. İlk növbədə, bu fraqmentin tərtibatından görmək olar ki, erkən məsihilər Müqəddəs Yazıları çox qiymətləndirirdilər.

Nəyə görə İncildən olan bu fraqment Allahın Kəlamını sevən insanlar üçün vacib tapıntıdır?

Eramızın II əsrində yazılan mətn iki cür — tumar və kodeks şəklində tərtib olunurdu. Tumar düzəltmək üçün papirus və ya perqament parçalarını yanaşı qoyub bir-birinə tikirdilər, ya da yapışdırırdılar. Nəticədə uzun vərəq alınırdı. Sonra onu bururdular və lazım olanda açırdılar. Əksər hallarda mətn tumarın yalnız bir üzünə yazılırdı.

Raylandsın tapdığı fraqmentdə isə mətn onun hər iki üzünə yazılmışdır. Deməli, bu, tumarın yox, kodeksin fraqmentidir. Kodeks düzəltmək üçün perqament və ya papirus parçalarını kitab kimi bir-birinə tikirdilər.

Bəs kodeksin tumardan hansı üstünlüyü var idi? Bildiyimiz kimi, ilk məsihilər müjdəçi idilər (Mətta 24:14; 28:19, 20). Onlar ilahi müjdəni evlərdə, bazarlarda, küçədə, yəni insanların olduğu hər yerdə yayırdılar (Həvarilərin işləri 5:42; 17:17; 20:20). Beləcə, Müqəddəs Yazıların balaca formatda olması istifadə üçün rahat idi.

Kodeksin sayəsində həm məsihi yığıncaqları, həm də ayrı-ayrı şəxslər asanlıqla Müqəddəs Yazıları köçürüb şəxsi nüsxələrini tərtib edə bilirdilər. Beləliklə, İncil dəfələrlə köçürülürdü və bunun sayəsində məsihilərin sayı sürətlə artırdı.

Raylands fraqmenti ön və arxa hissəsi

Raylands fraqmentinin bizim üçün önəmli olmasının digər səbəbi isə odur ki, bu fraqment Müqəddəs Kitabın orijinal mətninin bizim günlərimizə olduğu kimi gəlib çatdığını göstərir. Bu fraqmentdə İncildən cəmi bir neçə ayə olsa da, orada yazılanlar bu gün əlimizdə tutduğumuz Müqəddəs Kitabla demək olar ki, tamamilə eynidir. Raylands fraqmenti göstərir ki, Müqəddəs Kitab əsrlər boyu dəfələrlə köçürülsə də, dəyişikliyə məruz qalmayıb.

Əlbəttə ki, Allahın Kəlamının bizə dəqiq gəlib çatdığını sübut edən təkcə Raylands fraqmenti deyil, onunla yanaşı minlərlə digər fraqmentlər və manuskriptlər də mövcuddur. Uerner Keler öz kitabında yazıb: «Bu qədimi [manuskriptlər] bu gün oxuduğumuz Müqəddəs Kitabın dəqiq və etibarlı olduğuna dair bütün şübhələrə güclü cavabdır» («The Bible as History»).

Düzdür, məsihilər öz imanlarını arxeoloji tapıntılar əsasında qurmurlar. Onlar əmindirlər ki, «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16). Bununla belə, qədimə aid olan bu ləl-cəvahiratın Allahın Kəlamında: «Yehovanın sözü... əbədi qalar», — peyğəmbərliyini təsdiq etməsi insanın imanını daha da artırır (1 Butrus 1:25).

^ abz. 8 «Azərbaycan Sovet Ensiklopediyası»nda deyilir ki, paleoqrafiya fənni «yazı tarixini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənir». Zaman keçdikcə yazı üslubu dəyişir. Bu dəyişikliklərin sayəsində manuskriptin yaşını müəyyən etmək mümkündür. Bunun üçün onu yaşı dəqiq müəyyən olunmuş digər sənədlərlə müqayisə edirlər.