Müqəddəs Kitab həyatları dəyişir
Müqəddəs Kitab həyatları dəyişir
QUMARBAZI və oğrunu asılılıqdan qurtulub, həyatını dəyişməyə nə təşviq etdi? Görək o özü nə deyir.
«Yarış atlarını çox sevirdim» (RİÇARD STYUART).
DOĞULDUĞU İL: 1965
ÖLKƏ: YAMAYKA
KEÇMİŞİ: QUMARBAZ VƏ CİNAYƏTKAR
KEÇMİŞİM. Mən Yamaykanın paytaxtı Kinqstonun əhalinin sıx məskunlaşdığı kasıb ərazisində böyümüşəm. Burada işsizlik və cinayət baş alıb gedirdi. Quldurlar insanları qorxu altında saxlayırdılar. Demək olar ki, hər gün silah səsləri eşidirdim.
Anam mənim, balaca qardaşımın və bacımın qeydinə qalmaq üçün gecə-gündüz çalışırdı. O istəyirdi ki, biz yaxşı təhsil alaq. Amma mən dərs oxumağı sevmirdim, yarış atlarını çox sevirdim. Dərsdən qaçıb, yarış meydanına gedirdim. Orada at çapırdım.
Çox keçməmiş, at yarışlarına pul qoymağa başladım. Əxlaqsız həyat sürürdüm, şorgöz idim. Marixuana çəkirdim, bu cür həyat sürməyə davam etmək üçün oğurluq edirdim. Çoxlu silahlarım vardı, amma çox şükür, etdiyim çoxlu oğurluqlar zamanı heç kim ölmədi.
Axırda polis məni tutdu və törətdiyim cinayətlərə görə məni həbsə atdı. Azadlığa buraxılandan sonra əvvəlki həyatıma davam etdim. Hətta əvvəlkindən də betər oldum. Üzdən məsum görünsəm də, tərs, əsəbi və qəddar idim. Ancaq özümü düşünürdüm.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Həyatımın bu çətin dönəmində anam Müqəddəs Kitabı öyrəndi və Yehovanın Şahidi oldu. Anamdakı müsbət dəyişiklikləri gördüm və bu mənə maraqlı gəldi. Qərara gəldim ki, anamdakı bu dəyişikliyin səbəbini öyrənim, buna görə də Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərsinə başladım.
Yehovanın Şahidlərinin təlimləri digər dinlərin təlimlərindən fərqli idi. Bu diqqətimi çəkdi. Onların öyrətdiyi hər şey Müqəddəs Kitaba əsaslanırdı. Təkcə onlar, birinci əsrdəki məsihilər kimi, ev-ev təbliğ edirdilər (Mətta 28:19; Həvarilərin işləri 20:20). Aralarındakı səmimi məhəbbəti görəndə əmin oldum ki, həqiqi dini tapmışam (Yəhya 13:35).
Anladım ki, Müqəddəs Kitabdan öyrəndiklərimə əsasən, həyatımda böyük dəyişikliklər etməliyəm. Öyrəndim ki, Yehova Allah əxlaqsızlığa nifrət edir, Onu razı salmaq istəyirəmsə, cismimi murdarlayan şeylərdən uzaq durmalıyam (2 Korinflilərə 7:1; İbranilərə 13:4). Yehovanın hissləri olduğunu və əməllərimlə Onu ya sevindirə, ya da kədərləndirə biləcəyimi öyrənəndə çox təsirləndim (Məsəllər 27:11). Buna görə də marixuananı tərgitdim, silahlarımı atdım və xasiyyətimdə dəyişikliklər etməyə başladım. Mənim üçün ən çətini əxlaqsız həyat tərzindən və qumardan əl çəkmək idi.
Əvvəl-əvvəl istəmirdim ki, dostlarım Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrəndiyimi bilsin. Lakin Mətta 10:33 ayəsini oxuduqdan sonra fikrimi dəyişdim. Orada İsanın bu sözləri gətirilir: «Kim insanların qarşısında məni dansa, mən də göydəki Atamın qarşısında onu danacağam». Bu sözlər məni təşviq etdi ki, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrəndiyimi dostlarıma deyim. Onlar çox təəccübləndilər. İnana bilmirdilər ki, mənim kimi adam məsihi olmaq istəyir. Onlara dedim ki, daha əvvəlki kimi yaşamaq istəmirəm.
MƏNƏ FAYDASI. Anam Müqəddəs Kitab prinsipləri əsasında yaşamağa başladığımı görəndə çox sevindi. Artıq ürəyi rahatdır, pis işlər görəcəyimi düşünmür. Yehovaya olan sevgimiz bizi bir-birimizə yaxınlaşdırdı. Hərdən əvvəlki halımı yadıma salanda inana bilmirəm ki, Allahın köməyi ilə bu qədər dəyişmişəm. Artıq əxlaqsızlıq və var-dövlət məni özünə cəlb eləmir.
Əgər Müqəddəs Kitabdakı xəbərə hay verməsəydim, indiyə ya ölmüşdüm, ya da həbsdə idim. İndi mənim gözəl, xoşbəxt ailəm var. Mənə dəstək olan həyat yoldaşım və ağıllı qızımla birlikdə Yehova Allaha böyük sevinclə ibadət edirəm. Yehovaya minnətdaram ki, mənə Öz ailəsinin üzvü olmaq şərəfini nəsib edib. Həmçinin mənə Müqəddəs Kitab həqiqətlərini öyrədən insana da minnətdaram. İnsanlara Müqəddəs Kitab təlimlərini öyrətmək mənim üçün böyük şərəfdir. Ən əsası, Yehova Allaha minnətdaram ki, mənə lütf göstərdi, Özünə yaxınlaşdırdı.
[Yazı]
Yehovanın hissləri olduğunu və əməllərimlə Onu ya sevindirə, ya da kədərləndirə biləcəyimi öyrənəndə çox təsirləndim»
[Şəkil]
Anamdakı müsbət dəyişiklikləri gördüm
[Şəkil]
Həyat yoldaşımla və qızımla birlikdə