Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 2

Cənnət itirilir

Cənnət itirilir

Üsyankar mələk ilk kişi və qadına Adəmlə Həvvaya təsir edir ki, onlar Allahın hakimiyyətini rədd etsinlər. Nəticədə, günah və ölüm dünyaya daxil olur

İNSANLARI yaratmazdan uzun illər əvvəl Allah çoxlu gözəgörünməz ruhani varlıqlar — mələklər yaratmışdı. Sonralar Şeytan İblis kimi tanınan üsyankar mələk Ədən bağında hiyləgərcəsinə cəhd etdi ki, Həvvanı Allahın qadağan etdiyi ağacın meyvəsindən yeməyə şirnikdirsin.

İlandan istifadə edərək Şeytan Allahın qadından və onun ərindən nə isə yaxşı bir şey gizlətdiyinə eyham vurdu. Mələk Həvvaya dedi ki, onlar qadağan olunmuş meyvədən yeməklə ölməyəcəklər. Bununla Şeytan Allahı yaratdığı insanlara yalan söyləməkdə ittiham etdi. İblis Allaha itaətsizliyi xüsusi bilik və azadlıq bəxş edən cazibəli bir şey kimi qələmə verdi. Ancaq bütün bunlar cəfəngiyat — yer üzündə söylənən ilk yalan idi. Bu mübahisəli sual əsas etibarilə Allahın ali hakimiyyətinə — Onun idarə etmək hüququna, eləcə də ədalətlə və təbəələrinin rifahını düşünərək hökmranlıq etməsinə dair qaldırılmışdı.

Həvva Şeytanın yalanına uydu. Onda meyvəni yemək arzusu oyandı və onu dərib yedi. Sonra ərinə də verdi, o da həmin meyvədən yedi. Bununla da onlar günahlı oldular. İlk baxışdan sadə görünən bu hərəkət əslində üsyankarlıq idi. Allahın əmrinə qarşı qəsdən çıxmaqla Adəmlə Həvva kamil həyat da daxil olmaqla, onlara hər şeyi verən Yaradanın rəhbərliyini rədd etdilər.

«O, sənin başını əzəcək, sən isə onu dabanından çalacaqsan» (Yaradılış 3:15).

Allah üsyankarlara tutduqları əmələ görə hökm kəsdi. O, ilanla təmsil olunan Şeytanı məhv edəcək vəd olunmuş Övladın və ya Xilaskarın gələcəyini peyğəmbərlik etdi. Allah Adəmlə Həvvaya kəsdiyi ölüm hökmünü dərhal icra etmədi. Bununla da onların hələ dünyaya gəlməmiş övladlarına mərhəmət göstərdi. Həmin uşaqların ümid üçün əsasları olacaqdı, çünki Allahın göndərəcəyi şəxs Ədəndəki üsyanın faciəli nəticələrini aradan qaldıracaqdı. Gələcək Xilaskarla bağlı Allahın niyyətinin necə həyata keçəcəyi və həmin şəxsin kim olacağı Müqəddəs Kitab yazıldıqca tədricən açıqlanırdı.

Allah Adəmlə Həvvanı Cənnətdən qovdu. Onlar Ədən bağından kənarda zəhmətlə və alın tərilə əkib-becərməklə özlərini təmin etməli idilər. Sonra Həvva hamilə qaldı və ilk övladları olan Qabili dünyaya gətirdi. Onların Habil və Nuhun ulu babası Şeys də daxil olmaqla başqa oğul və qızları da oldu.

Yaradılış 3—5-dək fəsillərinə; Vəhy 12:9 ayəsinə əsaslanıb.