Korinflilərə birinci məktub 7:1—40

  • Evlilər və subaylar üçün məsləhətlər (1—16)

  • Hər kəs çağırılanda necə idisə, elə də qalsın (17—24)

  • Subaylar və dullar (25—40)

    • Subaylığın üstünlüyü (32—35)

    • Ağanın xidmətçisi ilə ailə qurmaq (39)

7  Sizin yazdığınıza gəldikdə isə yaxşısı budur ki, kişi qadına yaxın durmasın.  Ancaq əxlaqsızlıq* baş alıb getdiyi üçün qoy hər kişinin öz arvadı,+ hər qadının da öz əri olsun.+  Qoy ər arvadının, arvad da ərinin ehtiyacını* ödəsin.+  Arvadın bədəni özünün yox, ərin ixtiyarındadır, ərin də bədəni özünün yox, arvadın ixtiyarındadır.  Bir-birinizi ər-arvadlıq borcundan məhrum etməyin. Bu münasibətləri yalnız ikinizin də razılığı ilə, duaya vaxt ayırmaq məqsədilə müəyyən müddətə saxlaya bilərsiniz. Sonra yenidən bir yerdə olun ki, nəfsinizə hakim ola bilmədiyinizdən Şeytan sizi imtahana çəkməsin.  Yenə də, əmr etmirəm, bunu bir izin kimi yazıram.  Amma istərdim ki, hamı mənim kimi olsun. Hərçənd Allah hər kəsə bir cür ənam verib:+ birinə belə, o birisinə elə.  Subay kişilərə və dul qadınlara isə məsləhətim budur ki, mənim kimi qalsınlar.+ Bu, onlar üçün yaxşı olar.  Amma özlərini saxlaya bilmirlərsə, qoy evlənsinlər, çünki ehtiras içində qovrulmaqdansa, evlənmək yaxşıdır.+ 10  Evlilərə isə mən bu göstərişi verirəm, daha doğrusu, mən yox, Ağamız: arvad ərindən ayrılmasın.+ 11  Əgər ayrılsa, onda ərə getməsin, ya da əri ilə barışsın. Ər də arvadını atmasın.+ 12  Digərlərinə isə mən deyirəm, bəli, Ağamız yox, mən deyirəm:+ əgər hər hansı bir qardaşın arvadı imanda deyilsə, lakin onunla yaşamağa razıdırsa, qoy qardaş onu atmasın. 13  Hər hansı bir qadının əri imanda deyilsə, lakin onunla yaşamağa razıdırsa, qoy qadın ondan ayrılmasın. 14  Çünki imanda olmayan ər arvadı ilə ittifaqdan bəhrələnir, eynilə də imanda olmayan arvad qardaşımızla ittifaqdan bəhrələnir. Belə olmasaydı, sizin uşaqlarınız natəmiz olardılar, ancaq bu halda onlar müqəddəsdirlər. 15  Ancaq imanda olmayan tərəf ayrılmaq istəyirsə, qoy ayrılsın. Bu halda qardaşımız, yaxud bacımız imanda olmayan həyat yoldaşı ilə yaşamağa məcbur deyil. Allah sizi sülh içində yaşamağa çağırıb.+ 16  Ey qadın, nə bilirsən, bəlkə, ərini xilas etdin?+ Yaxud da sən, ey ər, nə bilirsən, bəlkə, arvadını xilas etdin? 17  Yehova hər kəsə bir cür pay verib, hər kəs çağırılanda necə idisə, elə də qalsın.+ Bu göstərişi bütün yığıncaqlara verirəm. 18  Kimsə sünnətli çağırılıbsa, qoy özünü sünnətsiz etməsin.+ Kimsə sünnətsiz çağırılıbsa, qoy sünnət edilməsin.+ 19  Nə sünnət, nə də sünnətsizlik bir məna kəsb etmir.+ Əsas odur ki, insan Allahın əmrlərinə riayət etsin.+ 20  Çağırılanda kim necə idisə, qoy elə də qalsın.+ 21  Çağırılanda qul idin? Fikir çəkmə.+ Amma azad ola bilərsənsə, belə fürsəti əldən buraxma. 22  Çünki qul ikən Ağaya xidmətə çağırılmış adam azad edilir və Ağaya məxsus olur.+ Eləcə də azad ikən çağırılmış adam Məsihin quludur. 23  Siz baha qiymətə alınmısınız,+ daha insanların qulu olmayın. 24  Qardaşlar, çağırılanda kim necə idisə, qoy Allahın önündə elə də qalsın. 25  Subaylarla* əlaqədar Ağamızdan heç bir göstəriş almamışam,+ ancaq Ağanın mərhəməti sayəsində sədaqətli bir adam kimi öz fikrimi söyləyirəm. 26  Məncə, indiki çətin şəraiti nəzərə alsaq, yaxşı olardı ki, hər kəs olduğu kimi qalsın. 27  Evlisən? Ayrılmaq üçün bəhanə axtarma.+ Arvadın yoxdursa, arvad axtarma. 28  Amma evlənsən də, günah etməzsən. Subay adam da ailə qursa, günah etməz. Ancaq belələri həyatda yeni çətinliklərlə üzləşəcəklər. Mən isə sizi qorumaq istəyirəm. 29  Qardaşlar, bunu da bilin ki, artıq vaxt azalıb.+ Buna görə də qoy arvadı olan arvadsız kimi, 30  ağlayan ağlamayan kimi, sevinən sevinməyən kimi, mal alan malı olmayan kimi, 31  bu dünyadan bəhrələnən ondan tam şəkildə bəhrələnməyən kimi olsun, çünki bu dünyanın səhnəsi dəyişir. 32  Mən istəmirəm ki, siz fikir çəkəsiniz. Subay kişi Ağaya məxsus şeylərin qayğısını çəkir, Ağanın hüsn-rəğbətini qazanmağa çalışır. 33  Evli adam isə arvadını razı salmaq üçün dünyaya məxsus şeylərin dərdini çəkir.+ 34  O, iki yerə bölünür. Ərsiz qadın və subay qız da Ağaya məxsus şeylərin qayğısını çəkir+ ki, həm cismən, həm ruhən pak olsun. Ərli qadın isə ərini razı salmaq üçün dünyaya məxsus şeylərin dərdini çəkir. 35  Bunu sizin xeyriniz üçün deyirəm. Elə düşünməyin ki, əl-qolunuzu bağlamaq istəyirəm. Xeyr, sizi düzgün davranmağa və daima, yayınmadan Ağaya xidmət etməyə təşviq etmək istəyirəm. 36  Kimsə ehtirasını cilovlaya bilmirsə və artıq gəncliyinin qaynar çağı ötübsə, qoy belə etsin: evlənmək istəyirsə, qoy evlənsin. O, günah etmir.+ 37  Lakin kimsə buna ehtiyac duymursa, qərarında əzmlidirsə, iradəsi möhkəmdirsə, həmçinin ürəyində subay qalmağı qət edibsə, o, xeyir tapacaq.+ 38  Beləliklə, evlənən xeyir tapır, subay qalan isə daha çox xeyir tapacaq.+ 39  Ər sağ ikən arvad ona bağlıdır.+ Əgər əri ölüm yuxusuna getsə, qadın azaddır və istədiyi adama ərə gedə bilər, bir şərtlə ki, o adam Ağanın yolunda olsun.+ 40  Ancaq zənnimcə, qadın olduğu kimi qalsa, daha xoşbəxt olar. Elə düşünürəm ki, məndə də Allahın ruhu var.

Haşiyələr

Hərfən: borcunu. Burada cinsi yaxınlıq ehtiyacının təmin edilməsi nəzərdə tutulur.
Orijinal mətndə işlənən söz cinsi yaxınlıq etməmiş bakir oğlanları və bakirə qızları nəzərdə tutur.