Lavililər 19:1—37

  • Müqəddəsliklə bağlı qanunlar (1—37)

    • Biçin qaydaları (9, 10)

    • Kar və kor adamla rəftar (14)

    • Böhtan (16)

    • Kin saxlamayın (18)

    • Sehrbazlıq və cindarlıq qadağandır (26, 31)

    • Bədənə təsvir döydürmək qadağandır (28)

    • Qocalara hörmət (32)

    • Yadellilərlə rəftar (33, 34)

19  Bundan sonra Yehova Musaya dedi:  «Bütün İsrail icmasına belə söylə: “Siz müqəddəs olmalısınız, çünki Mən, Allahınız Yehova müqəddəsəm.+  Qoy hər kəs ata-anasına hörmət etsin.+ Şənbə gününə riayət edin.+ Mən sizin Allahınız Yehovayam.  Puç allahlara üz tutmayın,+ özünüz üçün tökmə bütlər düzəltməyin.+ Mən sizin Allahınız Yehovayam.  Yehovaya ünsiyyət qurbanı gətirəndə elə gətirin ki,+ O, sizdən razı qalsın.+  Qurbanın əti kəsilən gün və ertəsi gün yeyilməli, üçüncü günə qalan isə yandırılmalıdır.+  Ətdən üçüncü gün yeyilsə, qurban qəbul olunmayacaq. Bu ət murdardır.  Ondan yeyən adam günahına görə cavab verməli olacaq, çünki o, Yehovaya məxsus olan müqəddəs şeyi murdarlayıb. Beləsi xalqın arasından yox edilməlidir*.  Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin, yerə tökülən başaqları yığmayın.+ 10  Həmçinin üzümlüyünüzdə tənəklərdə qalan, ya da yerə düşən salxımları yığmayın. Onları kasıb-kusub və qəriblər üçün saxlayın.+ Mən sizin Allahınız Yehovayam. 11  Oğurluq etməyin,+ adam aldatmayın,+ bir-birinizə kələk gəlməyin. 12  Mənim adımla yalandan and içib+ Allahınızın adına ləkə gətirməyin. Mən Yehovayam. 13  Heç kimə fırıldaq gəlməyin,+ soyğunçuluq etməyin.+ Muzdlu işçinin haqqını səhərə qədər özünüzdə saxlamayın.+ 14  Kar adama lənət oxumayın, kor adamı yıxmaq üçün ayağının altına heç nə qoymayın.+ Allahınızdan qorxun.+ Mən Yehovayam. 15  Ədalətsiz hökm çıxarmayın. Nə kasıbın tərəfini saxlayın, nə də varlıya üstünlük verin.+ Hər kəsi ədalətlə mühakimə edin. 16  Qapı-qapı gəzib camaatı şərləməyin.+ Heç kimin qəsdinə durmayın.*+ Mən Yehovayam. 17  Ürəyinizdə heç kimə qarşı nifrətiniz olmasın.+ Adama səhvini göstərin ki,+ onun günahına şərik olmayasınız. 18  Qisas almayın.+ Soydaşınıza kin saxlamayın. Başqasını özünüzü sevdiyiniz kimi sevin.+ Mən Yehovayam. 19  Mənim qanunlarıma riayət edin: iki cür ev heyvanını cütləşdirməyin. Sahəyə iki növ toxum səpməyin+ və iki cür iplikdən toxunmuş paltar geyinməyin.+ 20  Kimsə başqasına ad edilmiş, lakin qiyməti ödənməmiş və ya azadlığa buraxılmamış kənizlə yaxınlıq etsə, ikisi də cəzalandırılmalıdır. Lakin kəniz hələ azad olmadığına görə öldürülməməlidirlər. 21  Kişi Yehovanın hüzuruna, Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirməlidir.+ 22  Kahin təqsir qurbanı kimi gətirilən qoçla onun üçün etdiyi günaha görə Yehovanın hüzurunda kəffarə verməlidir. Beləcə, onun günahı bağışlanacaq. 23  Sizə verəcəyim torpaqda əkdiyiniz meyvə ağacının bəhrəsini napak, haram saymalısınız. Üç il ondan yemək qadağandır. Ondan yeməməlisiniz. 24  Dördüncü il ağacın meyvələri müqəddəs sayılmalı və böyük şənliklə Yehovaya təqdim olunmalıdır.+ 25  Beşinci il isə ağacın meyvəsini yeyə bilərsiniz, o, sizə bol məhsul verəcək. Mən sizin Allahınız Yehovayam. 26  Qanlı heç nə yeməyin.+ Fala baxmayın, sehrbazlıq etməyin.+ 27  Gicgahınızdakı tükləri qırxmayın. Saqqalınızı korlamayın*.+ 28  Ölüyə görə bədəninizdə yara açmayın.+ Bədəninizə döymə döydürməyin. Mən Yehovayam. 29  Qızınızı pis yola salıb onu ləkələməyin ki,+ ölkədə fahişəlik olmasın və pozğunluq baş alıb getməsin.+ 30  Şənbə günümə riayət edin+ və müqəddəs məkanıma hörmətlə yanaşın. Mən Yehovayam. 31  Cindarlara+ üz tutub, baxıcı+ yanına gedib özünüzü murdarlamayın. Mən sizin Allahınız Yehovayam. 32  Ağsaçlının qarşısında ayağa qalxın,+ qocalara hörmət edin.+ Allahınızdan qorxun.+ Mən Yehovayam. 33  Ölkənizdə yaşayan yadelli ilə pis rəftar etməyin.+ 34  Aranızda yaşayan yadelliyə yerli adam kimi baxın.+ Onu özünüzü sevdiyiniz kimi sevin, çünki siz də Misir torpağında qərib olmusunuz.+ Mən sizin Allahınız Yehovayam. 35  Nəyinsə uzunluğunu, enini və həcmini ölçərkən əyrilik etməyin.+ 36  Tərəziniz, çəki daşınız, maye və bərk məhsullar çəkmək üçün işlətdiyiniz qablar düzgün olmalıdır.+ Mən sizi Misir torpağından çıxaran Allahınız Yehovayam. 37  Mənim bütün əmrlərimə və hökmlərimə tabe olmalısınız, onlarla yaşamalısınız.+ Mən Yehovayam”».

Haşiyələr

Yaxud öldürülməlidir.
Digər variant: kiminsə həyatı təhlükədə olanda kənarda durub baxmayın.
Hərfən: saqqalınızın qıraqlarını korlamayın. Görünür, burada bütpərəstlərin adətinə istinad edilir.