Məttanın yazdığı müjdə 13:1—58
-
PADŞAHLIQ HAQQINDA MƏSƏLLƏR (1—52)
-
Əkinçi (1—9)
-
İsa nə üçün məsəllərlə danışır (10—17)
-
Əkinçi haqda məsəlin izahı (18—23)
-
Buğda və alaq otları (24—30)
-
Xardal toxumu və maya (31—33)
-
İsa məsəl çəkməklə peyğəmbərliyi icra edir (34, 35)
-
Buğda və alaq otları haqda məsəlin izahı (36—43)
-
Gizli xəzinə və əla mirvari (44—46)
-
Balıq toru (47—50)
-
Xəzinədən çıxan təzə və köhnə şeylər (51, 52)
-
-
İsanı doğma yurdunda qəbul etmirlər (53—58)
13 O gün İsa evdən çıxıb dənizin sahilində oturmuşdu.
2 Onun yanına o qədər adam gəldi ki, İsa qayığa minib əyləşdi. Camaat isə sahildə dayandı.+
3 İsa məsəllərlə danışmağa başladı:+ «Bir əkinçi toxum səpməyə çıxdı.+
4 Toxum səpərkən toxumlardan bəziləri yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.+
5 Digərləri torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.+
6 Amma günəş çıxanda onlar soldu və kökü olmadığından qurudu.
7 Başqaları tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu.+
8 Bəziləri isə münbit torpağa düşdü və bar gətirdi. Biri yüzqat, digəri altmışqat, o birisi otuzqat bar verdi.+
9 Qulağı olan qoy eşitsin!»+
10 Şagirdlər İsaya yaxınlaşıb soruşdular: «Niyə onlara hər şeyi məsəllərlə danışırsan?»+
11 İsa cavab verdi: «Sizə səmavi Padşahlığın müqəddəs sirlərini başa düşmək ənamı verilib,+ onlara isə verilməyib.
12 Kimin varıdırsa, ona daha çox veriləcək və onda bolluq olacaq, amma kimin yoxudursa, əlindəki də alınacaq.+
13 Buna görə də onlarla danışanda məsəllərlə danışıram, çünki baxırlar, amma heç nə görmürlər, eşidirlər, amma heç nə başa düşmürlər, məğzini tutmurlar.+
14 Əşiya peyğəmbərin bu sözləri onların üzərində yerinə yetir: “Eşitməyinə eşidəcəksiniz, amma bir şey başa düşməyəcəksiniz. Baxmağına baxacaqsınız, amma bir şey görməyəcəksiniz.+
15 Çünki bu xalqın ürəyi kütləşib. Qulaqları eşidir, amma hay vermirlər. Gözlərini yumublar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, Mən onlara şəfa verim”.+
16 Sizin isə gözləriniz bəxtiyardır, çünki görür, qulaqlarınız bəxtəvərdir, çünki eşidir.+
17 Bunu bilin ki, çoxlu peyğəmbər və saleh adam sizin gördüyünüzü görməyi arzulamış, amma görməmişdir,+ eşitdiklərinizi eşitmək istəmiş, amma eşitməmişdir.
18 İndi isə əkinçi haqqındakı məsəlin mənasına qulaq asın.+
19 İnsan Padşahlıq haqqındakı sözü eşidir, lakin mənasını anlamırsa, Şərir+ gəlib o adamın ürəyinə səpilmiş toxumu aparır. Bu, yol kənarına səpilmiş toxumdur.+
20 Daşlığa düşmüş toxum o adama aiddir ki, sözü eşidir və onu dərhal sevinclə qəbul edir.+
21 Lakin kök salmadığı üçün çox qalmır, sözə görə çətinlik, təqib başlayanda dərhal imanı sarsılır.
22 Tikanlığa düşmüş toxum o adama aiddir ki, sözü eşidir, lakin bu zəmanənin qayğıları+ və var-dövlətin aldadıcı qüvvəsi sözü boğur və o bar vermir.+
23 Münbit torpaqda əkilmiş toxum isə o adama aiddir ki, sözü eşidir, mənasını dərk edir və bar verir: biri yüzqat, biri altmışqat, o birisi də otuzqat».+
24 İsa onlara başqa bir məsəl çəkdi: «Səmavi Padşahlıq öz tarlasında yaxşı toxum əkmiş adama bənzəyir.
25 Adamlar yatanda onun düşməni gəldi, buğdanın arasına alaq toxumu səpib getdi.
26 Buğda cücərib sünbül gətirəndə alaq otları da çıxdı.
27 Nökərlər gəlib ev sahibinə dedilər: “Ağa, məgər sən tarlada yaxşı toxum əkməmişdin? Necə olur ki, orada alaq otları bitib?”
28 Ağaları onlara dedi: “Bunu düşmən edib”.+ Nökərlər dedilər: “İstəyirsən, gedib alaq otlarını yığaq?”
29 Ağaları dedi: “Yox, qoyun qalsın. Alaq otlarını yığanda birdən buğdanı da çıxararsınız.
30 Qoy ikisi də biçinə qədər bir yerdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: “Əvvəlcə alaq otlarını yığıb dərz bağlayın və yandırın, sonra isə buğdanı mənim anbarıma toplayın”».+
31 İsa onlara daha bir məsəl çəkdi: «Səmavi Padşahlıq bir adamın öz tarlasında əkdiyi xardal toxumuna bənzəyir.+
32 Xardal toxumu toxumlar arasında ən xırdası olsa da, böyüyəndə bostan bitkiləri arasında ən yekəsi olur, hətta ağaca çevrilir və göy quşları gəlib onun budaqlarında yuva salır».
33 Onlara başqa bir məsəl çəkdi: «Səmavi Padşahlıq mayaya bənzəyir. Qadın onu üç iri qab* una qatır və bütün xəmir acıyır».+
34 İsa bütün bunları camaata məsəllərlə danışdı. Bəli, İsa onlarla danışanda həmişə məsəl çəkirdi.+
35 Beləcə, peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: «Ağzımı məsəllərlə açacağam, əzəldən* gizli saxlanılmış sirləri bəyan edəcəyəm».+
36 İsa camaatı yola salandan sonra evə gəldi. Şagirdləri onun yanına gəlib dedilər: «Tarladakı alaq otları məsəlini bizə izah et».
37 İsa sözə başladı: «Yaxşı toxumu səpən insan Oğludur.
38 Tarla dünyadır,+ yaxşı toxum Padşahlığın oğulları, alaq otları isə Şəririn oğullarıdır.+
39 Alaq otunu əkən düşmən İblisdir. Biçin bu dövrün yekunu, biçinçilər isə mələklərdir.
40 Alaq otları yığılıb odda yandırıldığı kimi, bu dövrün yekununda da belə olacaq.+
41 İnsan Oğlu öz mələklərini göndərəcək. Mələklər günaha sürükləyən hər şeyi və qanunsuz işlər görən hər kəsi onun Padşahlığından yığıb
42 odlu kürəyə atacaqlar.+ Onlar orada ağlaşıb dişlərini qıcayacaqlar.
43 Salehlər isə o vaxt Atalarının Padşahlığında günəş kimi parlayacaqlar.+ Qulağı olan eşitsin.
44 Səmavi Padşahlıq çöldə gizlədilmiş xəzinəyə bənzəyir. Onu bir nəfər tapıb gizlətdi. Sonra sevincindən gedib hər şeyini satdı və oranı aldı.+
45 Səmavi Padşahlıq həmçinin əla mirvarilər axtaran tacirə bənzəyir.
46 O, çox qiymətli bir mirvari tapanda gedib dərhal hər şeyini satdı və o mirvarini aldı.+
47 Səmavi Padşahlıq həmçinin dənizə atılan və içinə cürbəcür balıq düşən tora bənzəyir.
48 Tor balıqla dolanda onu sahilə çıxartdılar və oturub yaxşı balıqları qablara yığdılar,+ yararsız balıqları isə tulladılar.+
49 Bu dövrün yekununda da belə olacaq. Mələklər gəlib pisləri salehlərdən ayıracaq
50 və onları odlu kürəyə atacaq. Onlar orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaqlar.
51 Bütün bunların mənasını başa düşdünüz?» Şagirdlər: «Bəli», — deyə cavab verdilər.
52 Sonra İsa onlara dedi: «Belə isə, səmavi Padşahlıq haqqında həqiqəti öyrənib bunu başqalarına öyrədən hər adam xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».
53 İsa məsəlləri danışıb qurtardı və yola düşdü.
54 Öz doğma yurduna qayıdandan sonra+ onların sinaqoqunda vəz etməyə başladı. Camaat məəttəl qalıb deyirdi: «Bu adamda bu qədər hikmət haradandır? Bu möcüzələri kimin gücü ilə edir?+
55 Məgər bu, dülgərin oğlu deyil?+ Anasının da adı Məryəm deyil? Məgər bu, Yaqub, Yusif, Şimon və Yəhudanın qardaşı deyil?+
56 Bütün bacıları da aramızda deyillərmi? Elə isə bu adamda bütün bunlar haradandır?»+
57 Buna görə də onu qəbul etmədilər.+ Onda İsa dedi: «Peyğəmbərin hörmət görmədiyi yer varsa, o da öz yurdu, öz evidir».+
58 İsa onların iman gətirmədiyinə görə orada çox möcüzə göstərmədi.
Haşiyələr
^ Hərfən: üç sea (təx. 10 kq). 1 sea 7,33 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
^ Digər variant: bəşərin təməli qoyulandan.