Qanunun təkrarı 22:1—30
22 Əgər soydaşınızın azmış öküzünü ya da qoyununu görsəniz, özünüzü görməməzliyə vurmayın.+ Onu mütləq aparıb soydaşınıza qaytarın.
2 Lakin yiyəsi sizdən uzaq yaşayırsa və ya onu tanımırsınızsa, heyvanı aparıb özünüzdə saxlayın, yiyəsi axtaranda qaytararsınız.+
3 Kiminsə azmış ulağını görəndə, paltarını, yaxud başqa bir şeyini tapanda da eyni cür davranmalısınız. Özünüzü görməməzliyə vurmayın.
4 Soydaşınızın ulağının, yaxud öküzünün yolda yıxılıb qaldığını görəndə yan keçməyin. Mütləq yiyəsinə heyvanı qaldırmağa kömək edin.+
5 Qadın kişi paltarı, kişi qadın paltarı geyinməməlidir. Allahınız Yehova belə adamdan ikrah edir.
6 Əgər ağacda, yaxud yerdə içində bala və ya yumurta olan quş yuvasına rast gəlsəniz və görsəniz ki, ana quş yuvanın üstündə oturub, balalarla bərabər ananı da götürməyin.+
7 Ana quşu buraxın, balaları isə götürə bilərsiniz. Belə edin ki, güzəranınız xoş, ömrünüz uzun olsun.
8 Ev tikəndə damına məhəccər çəkin+ ki, kimsə damdan yıxılmasın və qanı sizin boynunuzda qalmasın.
9 Üzümlüyünüzə iki növ toxum səpməyin.+ Əks halda, bu toxumdan götürdüyünüz məhsul da, üzümlüyün məhsulu da bütünlüklə müqəddəs məkana məxsus olacaq.
10 Öküzlə eşşəyi bir kotana qoşmayın.+
11 Yunla kətandan toxunmuş parçadan paltar geyinməyin.+
12 Bürüncəyinizin hər dörd küncünə qotaz tikin.+
13 Əgər kimsə arvad alıb onunla yaxınlıq edəndən sonra ondan zəhləsi getsə*
14 və onu əxlaqsızlıqda ittiham edərək: “Mən bu qızı aldım, ancaq onunla yaxınlıq edəndə gördüm ki, bakirə deyil”, — deyib adını bədnam etsə,
15 onda qoy qızın ata-anası qızın zifaf ağını şəhərin darvazasına, ağsaqqalların yanına gətirsinlər.
16 Qızın atası ağsaqqallara belə desin: “Qızı bu adama verdim, o isə onu bəyənmir*,
17 “qızın bakirə deyil” deyib onu pozğunluqda günahlandırır. Amma, budur, bu da qızımın zifaf ağı”. Sonra ağı şəhərin ağsaqqallarına açıb göstərsinlər.
18 Ağsaqqallar+ həmin adamı cəzalandırmalıdır+.
19 İsraildə qız xeylağının adını ləkələdiyi üçün cəza olaraq ondan yüz şekel* gümüş alınıb qızın atasına verilməlidir.+ Qız onun arvadı olaraq qalacaq, ömrü boyu onu boşaya bilməz.
20 Yox əgər ittiham düzdürsə, qızın bakirəliyinə sübut yoxdursa,
21 qızı ata evinin qapısı ağzına gətirsinlər və şəhərin kişiləri onu daşqalaq edib öldürsünlər. Qız ata evində əxlaqsızlıq* etməklə İsraili rüsvay edib.+ Aranızdan pisliyi yox etməlisiniz.+
22 Kimsə başqasının arvadı ilə bir yerdə tutulsa, onların hər ikisini, qadınla yatan kişini də, qadını da öldürmək lazımdır.+ İsraildən pisliyi yox etməlisiniz.
23 Əgər bir kişi nişanlı qızla şəhərdə rastlaşıb onunla yaxınlıq etsə,
24 onları həmin şəhərin darvazasına gətirmək, daşlayıb öldürmək lazımdır. Qızı ona görə ki, şəhərin içində ola-ola qışqırmayıb, kişini isə ona görə ki, başqasının arvadını ləkələyib.+ Aranızdan pisliyi yox etməlisiniz.
25 Lakin kişi nişanlı qızla çölün düzündə rastlaşıb zor gücünə onunla yaxınlıq etsə, onda təkcə qızı zorlayan kişi ölməlidir.
26 Qıza heç nə etməyin. O, ölümə layiq bir iş tutmayıb. Bu, kiminsə başqa bir adamın üstünə hücum çəkib onu öldürməsinə bənzəyir.+
27 Kişi qıza çöldə rast gəlib və qız qışqırsa da, imdadına çatan olmayıb.
28 Əgər kimsə nişanlı olmayan bakirə qızla rastlaşar, qızı tutub onunla yaxınlıq edərsə və bu işin üstü açılarsa,+
29 qızla yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş verməli, qızı da almalıdır.+ Qızı ləkələdiyinə görə ömrü boyu onu boşaya bilməz.
30 Heç kim atasının arvadını alıb atasının şərəfinə ləkə gətirməməlidir.+
Haşiyələr
^ Hərfən: ona nifrət etsə.
^ Hərfən: ona nifrət edir.
^ Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
^ Yaxud fahişəlik.