Yəhyanın yazdığı müjdə 2:1—25

  • Qanədə toy; su şəraba çevrilir (1—12)

  • İsa məbədi təmizləyir (13—22)

  • İsa hər kəsin ürəyini görür (23—25)

2  Bundan iki gün sonra Cəlilənin Qanə şəhərində toy idi. İsanın anası orada idi.  İsa da şagirdləri ilə toya dəvət olunmuşdu.  Şərab azalanda İsanın anası ona dedi: «Şərabları yoxdur».  Ancaq İsa anasına dedi: «Bu, bizim işimiz deyil. Mənim vaxtım hələ gəlməyib».  Anası məclisdə xidmət edənlərə dedi: «Sizə nə desə, onu da edin».  Yəhudilərin paklanma qaydalarına+ görə orada su üçün altı ədəd daş küp vardı. Küplərin hər biri qırx dörd litrdən altmış altı litrə* qədər su tuturdu.  İsa onlara dedi: «Küpləri su ilə doldurun». Xidmətçilər küpləri ağzına qədər doldurdular.  Sonra İsa onlara dedi: «İndi bir az götürüb sərpayı üçün aparın». Onlar elə də etdilər.  Sərpayı şərabın haradan gəldiyini bilmirdi, bunu yalnız xidmətçilər bilirdi. O, şəraba çevrilmiş suyun dadına baxdıqda bəyi çağırıb 10  dedi: «Başqaları əvvəlcə süfrəyə yaxşı şərab qoyur, qonaqlar keflənəndən sonra isə adi şərabı verir. Ancaq sən bu cür əla şərabı indiyə saxlamısan». 11  Bu, İsanın göstərdiyi ilk möcüzə idi. O, bunu Cəlilənin Qanə şəhərində etmişdi. İsa orada öz qüdrətini göstərdi+ və şagirdləri ona iman etdilər. 12  Bundan sonra İsa, anası, qardaşları+ və şagirdləri Kəfərnahuma+ getdilər, lakin orada çox qalmadılar. 13  Yəhudilərin Pasxa bayramı+ yaxınlaşırdı. İsa Yerusəlimə gəldi. 14  O, məbəddə mal-qara, qoyun və göyərçin+ satanları, həmçinin oturub sərraflıq edənləri gördü. 15  İsa kəndirdən bir qamçı düzəldib onların hamısını qoyun, mal-qara qarışıq məbəddən qovdu. Sərrafların masalarını çevirib pullarını yerə dağıtdı.+ 16  Göyərçin satanlara isə dedi: «Yığışdırın bunları buradan! Bəsdirin Atamın evini bazara çevirdiniz!»+ 17  Bu zaman onun şagirdləri Müqəddəs Yazılarda deyilən «Sənin evin üçün çəkdiyim qeyrət məni yandırıb-yaxacaq»+ sözlərini xatırladılar. 18  Bunu görən yəhudilər ona dedilər: «Hansı əlamətlə+ bizə sübut edə bilərsən ki, bunları etməyə ixtiyarın var?» 19  İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, mən onu üç günə tikərəm».+ 20  Onda yəhudilər dedilər: «Bu məbəd qırx altı ilə tikilib, sən onu üç günə necə tikəcəksən?» 21  Ancaq İsa məbəd deyərkən öz bədənini nəzərdə tuturdu.+ 22  İsa diriləndən sonra şagirdləri xatırladılar ki, o, bunu dəfələrlə demişdi.+ Beləcə, onlar həm Müqəddəs Yazılardakı bu sözlərə, həm də İsanın sözlərinə inandılar. 23  İsa Yerusəlimdə Pasxa bayramında olarkən xeyli adam onun göstərdiyi möcüzələri görüb onun adına iman etdi. 24  Amma İsa onlara çox da etibar etmirdi, çünki hamısını yaxşı tanıyırdı. 25  Ehtiyac yox idi ki, kimsə ona başqası haqqında bir şey danışsın, çünki o, hər kəsin ürəyini görürdü.+

Haşiyələr

Hərfən: iki və ya üç maye ölçüsü. Görünür, burada 22 l-ə bərabər olan maye olçüsü bat nəzərdə tutulur. B14 əlavəsinə bax.