Yaradılış 28:1—22
28 Axırda İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və tapşırdı: «Kənan qızlarından özünə arvad alma.+
2 Fəddan-Arama, ananın atası Bətuilin evinə get, oradan, dayın Labanın qızlarından+ arvad al.
3 Qadir Allah səni mübarək qılacaq, oğul-uşaq sahibi edəcək, nəslini çoxaldacaq. Səndən çoxlu tayfalar əmələ gələcək.+
4 Allahın İbrahimə vəd etdiyi nemətlər+ sənə və övladına* nəsib olacaq, İbrahimə verdiyi torpağa — qərib kimi yaşadığın bu torpağa sahib olacaqsan».+
5 Beləliklə, İshaq Yaqubu Fəddan-Arama göndərdi. Yaqub arami Bətuilin oğlu+ Labanın yanına getmək üçün yola düşdü. Laban Yaqubla Eysin anası Rəfəqənin qardaşı+ idi.
6 Eys gördü ki, İshaq Yaquba xeyir-dua verib arvad almaq üçün Fəddan-Arama göndərdi, özü də ona xeyir-dua verəndə Kənan qızlarından almamağı tapşırdı,+
7 Yaqub da ata-anasının sözü ilə Fəddan-Arama getdi.+
8 Onda Eys bildi ki, atası İshaqın Kənan qızlarından xoşu gəlmir.+
9 Odur ki, İsmayılın* yanına gedib, arvadlarının üstünə İbrahimin İsmayıldan olan nəvəsi, Nəbayütün bacısı Məhaləti aldı.+
10 Yaqub yola düzəlib Biir-Səbadan Harrana tərəf getdi.+
11 Xeyli getdikdən sonra gəlib bir yerə çıxdı. Gün artıq batdığından gecəni orada keçirmək qərarına gəldi. Oradakı daşlardan birini götürüb başının altına qoydu və uzanıb yatdı.+
12 Gecə bir yuxu gördü. Gördü ki, yerdən başı göyə dirənən bir pilləkən qalxır. Allahın mələkləri bu pilləkənlə çıxıb-düşürlər.+
13 Pilləkənin başında isə Yehova durub. O deyirdi:
«Mən baban İbrahimin və atan İshaqın Allahıyam.+ Üstündə uzandığın torpağı sənə və övladlarına* verəcəyəm.+
14 Övladların qum dənələri kimi çox olacaq.+ Şaxələnib qərbə, şərqə, şimala və cənuba yayılacaqsan. Sənin və övladın* vasitəsilə yerin bütün xalqları mübarək olacaq.+
15 Mən səninləyəm; getdiyin hər yerdə səni qoruyacağam və qaytarıb bu diyara gətirəcəyəm.+ Səni tərk etməyəcəyəm, verdiyim sözü mütləq yerinə yetirəcəyəm».+
16 Yaqub yuxudan oyanıb öz-özünə dedi: «İşə bir bax, Yehovanın Özü buradadır, mən isə bilməmişəm».
17 O qorxuya düşüb dedi: «Bura nə vahiməli yerdir belə! Yox, bura Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır».+
18 Yaqub sübh tezdən qalxdı, başının altına qoyduğu daşı qaldırıb dikinə qoydu və üstünə yağ tökdü.+
19 Həmin yerin adını Beytel* qoydu; şəhərin əvvəlki adı isə Luz idi.+
20 Sonra Yaqub nəzir edib dedi: «Əgər Allah həmişə mənimlə olsa, getdiyim yolda məni qorusa, yeməyə çörəyimi, geyinməyə paltarımı yetirsə,
21 sağ-salamat atamın evinə qayıtsam, onda biləcəyəm ki, Yehova, həqiqətən, mənim Allahımdır*.
22 Qoyduğum bu daş Allahın evi+ olacaq və mənə verdiyi hər şeyin onda birini Ona verəcəyəm».
Haşiyələr
^ Hərfən: toxumuna.
^ Yəni ismayıllıların. Həmin vaxt İsmayıl artıq ölmüşdü, Eysin təxminən 77 yaşı var idi. 25:17, 26 ayələrinə bax.
^ Hərfən: toxumuna.
^ Hərfən: toxumun.
^ Mənası: Allahın evi.
^ Yaxud onda Yehova, həqiqətən də, mənim Allahım olduğunu göstərmiş olacaq.