Hizqiyal 18:1—32

  • Hər kəs öz günahına görə məsuliyyət daşıyır (1—32)

    • Günah edən kəs öləcək (4)

    • Oğul atanın günahını daşımır (19, 20)

    • Pis adamın ölümü Allaha xoş deyil (23)

    • Pis əməldən dönən yaşayacaq (27, 28)

18  Mənə yenidən Yehovanın sözü nazil oldu:  «İsraildə “atalar kal üzüm yeyir, uşaqların dişi qamaşır” məsəlini+ çəkməklə nə demək istəyirsiniz?  “Varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — İsraildə bir daha bu məsəl çəkilməyəcək.  Bütün insanlar Mənə məxsusdur. Ata da, oğul da Mənə məxsusdur. Yalnız günah edən kəs öləcək.  Tutaq ki, bir nəfər saleh adamdır, adil və düzgün əməl sahibidir,  dağlarda bütlərə gətirilən qurbanlardan yemir,+ ümidini İsrail əhlinin iyrənc bütlərinə bağlamır, soydaşının arvadını ləkələmir,+ aybaşı vaxtı qadınla yaxınlıq etmir,+  heç kimi incitmir,+ borclunun girovunu qaytarır,+ heç kimi soymur,+ ac adamı yedirir,+ çılpağı geyindirir,+  sələmlə borc vermir, müamilə götürmür,+ haqsız iş görmür,+ iki nəfərin mübahisəsini ədalətlə həll edir,+  qanunlarıma, hökmlərimə əməl edərək haqq yolu ilə gedir. Belə adam salehdir, sözsüz ki, o yaşayacaq”,+ — deyə Külli-İxtiyar Yehova bəyan edir. 10  “Ancaq tutaq ki, ata bu əməllərdən uzaq olduğu halda, oğul soyğunçudur+, qatildir+, yaxud bu işlərdən hansısa birini görür: 11  dağlarda bütlərə gətirilən qurbandan yeyir, soydaşının arvadını ləkələyir, 12  fağır-füqəranı incidir,+ soyğunçuluq edir, aldığı girovu qaytarmır, ümidini iyrənc bütlərə bağlayır,+ murdar əməllərlə məşğul olur,+ 13  sələmlə borc verir, müamilə götürür.+ Belə övlad yaşamayacaq. Gördüyü bütün murdar işlərə görə öləcək, qanı isə öz boynuna olacaq. 14  Amma tutaq ki, oğul atanın etdiyi bütün günahları görür, lakin bunları görsə də, bu işlərlə məşğul olmur. 15  Dağlarda bütlərə gətirilən qurbandan yemir, ümidini İsrail əhlinin iyrənc bütlərinə bağlamır, soydaşının arvadını ləkələmir, 16  heç kimi incitmir, aldığı girovu mənimsəmir, soyğunçuluq etmir, ac adamı yedirir, çılpağı geyindirir, 17  kasıbları sıxışdırmır, sələmlə borc vermir, müamilə götürmür. Mənim hökmlərimə əməl edir, qanunlarımla oturub-durur. Belə adam atasının günahlarına görə ölməyəcək, o yaşayacaq. 18  Atası isə fırıldaqçı olduğuna, soydaşını çapıb-taladığına, xalqı arasında bəd əməl sahibi olduğuna görə öləcək. O, öz günahına görə öləcək. 19  Soruşacaqsınız ki, nəyə görə oğul atanın günahını daşımır? Ona görə ki, oğul haqq və saleh əməl sahibidir, Mənim bütün qanunlarıma tabe olub əməl edir. Sözsüz ki, o yaşayacaq.+ 20  Yalnız günah edən adam öləcək.+ Oğul atanın, ata oğulun günahını daşımayacaq. Salehin salehliyi təkcə öz adına yazılacaq, pisin də pisliyi təkcə öz adına yazılacaq.+ 21  Əgər pis adam günahlarından tövbə edib Mənim qanunlarımı tutsa, haqq və saleh işlər görsə, yaşayacaq, ölməyəcək.+ 22  Heç bir günahı yada salınmayacaq.+ O, saleh əməlləri sayəsində yaşayacaq”.+ 23  “Pis adamın ölümü bəyəm Mənə xoşdur?+ — Külli-İxtiyar Yehova deyir. — Məgər istəmərəm ki, o, yolundan dönüb yaşasın?”+ 24  “Bəs salehliyindən dönüb pislərin əməllərini təkrar edən, pis iş tutan* adam yaşayacaq? Beləsinin heç bir saleh əməli yada salınmayacaq.+ Xəyanətkarlığına və günahlarına görə o öləcək.+ 25  Deyəcəksiniz: “Yehova haqsızlıq edir!”+ Qulaq asın, ey İsrail əhli, Mənmi haqsızlıq edirəm?+ Haqsızlıq edən siz deyilsinizmi?+ 26  Salehliyindən dönüb əyri yola qədəm qoyan adam öləndə öz pis əməlinə görə ölür. 27  Pis adam pis əməlindən dönüb haqq və saleh işlər görsə, həyatını qoruyacaq.+ 28  Günahlarını başa düşüb bu yoldan dönərsə, yaşayacaq, ölməyəcək. 29  İsrail əhli deyəcək: “Yehova haqsızlıq edir!” Ey İsrail əhli, Mənmi haqsızlıq edirəm?+ Haqsızlıq edən siz deyilsinizmi?” 30  “Beləliklə, ey İsrail əhli, Mən hər kəslə əməlinə görə haqq-hesab çəkəcəyəm,+ — Külli-İxtiyar Yehova bəyan edir. — Dönün yolunuzdan, şər əməllərinizdən birdəfəlik əl çəkin. Yoxsa onlar büdrədən daş olub sizi günah girdabında batıracaqlar. 31  Təmizlənin günahlarınızdan,+ yeni qəlbə, yeni ruha sahib olun.+ Axı nəyə görə öləsiniz,+ ey İsrail əhli?” 32  “Heç kimin ölümündən həzz almıram,+ — bəyan edir Külli-İxtiyar Yehova. — Odur ki, yolunuzdan dönün və yaşayın”».+

Haşiyələr

Yaxud nahaq iş tutan.