Lukanın yazdığı müjdə 22:1—71
-
Kahinlər İsaya sui-qəsd qururlar (1—6)
-
Sonuncu Pasxaya hazırlıq (7—13)
-
Ağanın şam yeməyi (14—20)
-
«Xain mənimlə bir süfrə arxasındadır» (21—23)
-
Qızğın mübahisə: kim daha böyükdür? (24—27)
-
İsa şagirdlərilə Padşahlıq haqda əhd bağlayır (28—30)
-
«Sən məni üç dəfə danacaqsan» (31—34)
-
Hazırlıqlı olmaq lazımdır; iki qılınc (35—38)
-
İsanın Zeytun dağında duası (39—46)
-
İsa həbs edilir (47—53)
-
Butrus İsanı danır (54—62)
-
İsanı lağa qoyurlar (63—65)
-
İsa Sinedrion qarşısında (66—71)
22 Pasxa adlanan Mayasız çörək bayramı+ yaxınlaşırdı.+
2 Böyük kahinlər və mirzələr xalqdan qorxurdular,+ ona görə də İsanı aradan götürmək üçün əlverişli yol axtarırdılar.+
3 Onda Şeytan on iki həvaridən biri olan Yəhuda İskəryutun ürəyinə girdi.+
4 Yəhuda böyük kahinlərin və məbəd rəislərinin yanına gedib onlarla İsanı ələ vermək barəsində danışdı.+
5 Bu, onların ürəyincə oldu, onlar Yəhudaya gümüş pul verməyi qərarlaşdırdılar.+
6 Yəhuda razılaşdı və İsanı camaatdan xəlvət ələ vermək üçün fürsət axtarmağa başladı.
7 Mayasız çörək bayramı gəldi. Həmin gün Pasxa qurbanı kəsilirdi.+
8 İsa Butrusla Yəhyanı göndərib dedi: «Gedin və bizə Pasxa yeməyi hazırlayın».+
9 Onlar soruşdular: «Harada hazırlayaq?»
10 İsa cavab verdi: «Şəhərə girəndə əlində saxsı səhəng aparan bir adam görəcəksiniz. Onun girdiyi evə gedin+
11 və ev sahibinə belə deyin: “Ustad soruşur, şagirdləri ilə Pasxa yeməyini hansı otaqda yeyəcək”.
12 O adam sizə yuxarı mərtəbədə hazırlanmış böyük bir otaq göstərəcək. Yeməyi orada hazırlayın».
13 Şagirdlər getdilər və doğrudan da, hər şey İsanın dediyi kimi oldu. Onlar Pasxa üçün hazırlıq gördülər.
14 Vaxt yetişəndə İsa həvariləri ilə süfrəyə əyləşdi.+
15 İsa onlara dedi: «Mən çox arzulayırdım ki, əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə yeyim.
16 Çünki bu*, Allahın Padşahlığında gerçəkləşməyincə bir daha bunu yeməyəcəyəm».
17 Sonra bir cam götürdü və Allaha şükür edib dedi: «Bu camı götürün, bir-birinizə ötürün.
18 Çünki Allahın Padşahlığı gəlməyincə mən bir daha şərab içməyəcəyəm».
19 Sonra çörək götürdü,+ Allaha şükür edib çörəyi böldü və şagirdlərinə verib dedi: «Bu çörək sizin uğrunuzda+ fəda ediləcək bədənimi təmsil edir.+ Xatirəmi yad etmək üçün bunu həmişə edin».+
20 Şam yeməyini yeyəndən sonra eynilə də camı götürüb dedi: «Bu cam sizin uğrunuzda+ axıdılacaq qanım+ əsasında bağlanan yeni əhdi+ təmsil edir.
21 Lakin xain mənimlə bir süfrə arxasındadır.+
22 İnsan Oğlu onun üçün təyin edilmiş yolla gedir.+ Amma yenə də vay onu satanın halına!»+
23 Onlar aralarında danışmağa başladılar ki, görəsən, bunu kim edəcək.+
24 Sonra onların arasında qızğın mübahisə düşdü: onlardan kim daha böyükdür.+
25 İsa onlara dedi: «Xalqların hökmdarları onlara ağalıq edir, onların üzərində hakimiyyət sürənləri Hami* kimi ucaldırlar.+
26 Siz isə belə olmamalısınız.+ Qoy aranızda böyük sayılan kiçik kimi olsun,+ başçılıq edən xidmətçi kimi olsun.
27 Kim daha böyükdür: süfrədə oturan, yoxsa qulluq edən? Məgər böyük süfrədə oturan deyil? Mən isə sizə qulluq edirəm.+
28 Amma bütün sınaqlarım boyu+ mənim yanımda+ siz olmusunuz.
29 Buna görə Atam mənimlə əhd bağladığı kimi, mən də padşahlıqda hökmranlıq etmək üçün sizinlə əhd bağlayıram+ ki,
30 mənim Padşahlığımda süfrəmdə yeyəsiniz, içəsiniz+ və taxtda oturub+ İsrailin on iki qəbiləsini mühakimə edəsiniz.+
31 Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyi tələb edirdi.+
32 Amma mən sənin üçün Allaha yalvardım ki, imanın tükənməsin.+ Sən də qayıdanda qardaşlarının imanını möhkəmləndir».+
33 Butrus isə dedi: «Ağa, mən səninlə zindana da, ölümə də getməyə hazıram».+
34 Ancaq İsa dedi: «Butrus, bunu bil ki, bu gün xoruz banlamamış sən məni üç dəfə danacaqsan».+
35 Sonra İsa şagirdlərinə dedi: «Mən sizi xidmətə göndərəndə özünüzlə pul kisəsi, heybə və səndəl götürməmişdiniz.+ Bir şeydə korluq çəkdiniz?» Onlar dedilər: «Xeyr!»
36 Onda İsa dedi: «İndi isə pul kisəsi olan kisəsini, həmçinin heybəsini də götürsün. Qılıncı olmayan üst paltarını satıb qılınc alsın.
37 Bunu bilin ki, mənim haqqımda yazılmış: “Cinayətkarlara tay tutuldu”, — sözləri yerinə yetməlidir.+ Çünki haqqımda yazılanlar artıq həyata keçir».+
38 Onlar dedilər: «Ağa, burada iki qılınc var». İsa dedi: «Kifayətdir».
39 İsa oradan çıxıb həmişəki kimi Zeytun dağına getdi. Şagirdləri də dalınca getdilər.+
40 Ora çatanda İsa onlara dedi: «Dua edin ki, günaha yol verməyəsiniz».+
41 Özü isə onlardan bir qədər* aralandı, diz çöküb dua etməyə başladı:
42 «Ata, əgər istəyirsənsə, bu camı* məndən uzaqlaşdır. Fəqət qoy mənim yox, Sənin istədiyin kimi olsun».+
43 Bu zaman göydən bir mələk peyda olub onu ürəkləndirdi.+
44 İsa şiddətli iztirab çəkərək daha da hərarətlə dua edirdi+ və təri qan damlaları kimi yerə düşürdü.
45 İsa duasını qurtarıb ayağa qalxdı, şagirdlərinin yanına qayıtdı və gördü ki, onlar kədərdən üzülüb yuxuya gediblər.+
46 İsa onlara dedi: «Niyə yatırsınız? Qalxın və durmadan dua edin ki, günaha yol verməyəsiniz».+
47 O hələ danışarkən ora bir izdiham gəldi. On iki həvaridən biri olan Yəhuda bu izdihamın önündə idi. Yəhuda İsanı öpmək üçün ona yaxınlaşdı.+
48 İsa ona dedi: «Yəhuda, insan Oğlunu öpüşlə satırsan?»
49 İsanın yanındakılar vəziyyəti başa düşüb ona dedilər: «Ağa, qılıncları işə salaq?»
50 Hətta onlardan biri qılıncla vurub baş kahinin nökərinin sağ qulağını kəsdi.+
51 Ancaq İsa dedi: «Yetər!» Sonra nökərin qulağına toxunub onu sağaltdı.
52 İsa onu tutmağa gələn böyük kahinlərə, məbəd rəislərinə və ağsaqqallara dedi: «Məgər mən qulduram ki, üstümə qılınc və dəyənəklə gəlirsiniz?+
53 Hər gün məbəddə sizin yanınızda olanda+ heç məni tutmurdunuz?!+ Amma indi sizin vaxtınızdır, indi zülmətin hakimiyyətidir».+
54 Onlar İsanı tutub baş kahinin evinə apardılar.+ Butrus isə bir qədər aralıdan onların dalınca gedirdi.+
55 Adamlar həyətin ortasında tonqal qalayıb dövrəsində oturdular. Butrus da onların arasında oturdu.+
56 Bu zaman qarabaşlardan biri tonqalın yanında oturan Butrusu görüb ona diqqətlə baxdı və dedi: «Bu da onlarla idi».
57 Lakin Butrus danmağa başladı: «Ay bacı, mən onu tanımıram».
58 Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Lakin Butrus dedi: «Yox, ay kişi!»+
59 Təqribən bir saatdan sonra başqa bir adam israrla dedi: «Bu adam onunla idi! Bu da cəliləlidir».
60 Butrus dedi: «Ay kişi, başa düşmürəm, sən nə danışırsan?!» Elə həmin andaca, söz hələ onun ağzında ikən xoruz banladı.
61 Ağa dönüb düz Butrusun üzünə baxdı. Butrus da Ağanın dediyi: «Bu gün xoruz banlamamış sən məni üç dəfə danacaqsan», — sözlərini xatırladı.+
62 O, çölə çıxıb hönkür-hönkür ağladı.
63 İsanın keşiyini çəkənlər onu lağa qoyub+ vurmağa+ başladılar.
64 Onlar İsanın üzünü örtüb ondan soruşurdular: «Hə, peyğəmbər, tap görək səni kim vurdu?»
65 Ona çoxlu başqa küfrlər də deyirdilər.
66 Nəhayət, səhər açılanda xalqın ağsaqqalları, böyük kahinlər və mirzələr yığışdılar+ və İsanı Sinedrion zalına gətirib dedilər:
67 «Əgər Məsihsənsə, de, biz də bilək».+ Ancaq İsa dedi: «Desəm də inanmayacaqsınız.
68 Sizdən soruşsam, cavab verməyəcəksiniz.
69 Lakin indən belə insan Oğlu+ qüdrətli Allahın sağında oturacaq».+
70 Bunu eşidəndə onların hamısı dedi: «Deməli, sən Allahın Oğlusan?» O cavab verdi: «Elədir ki var».
71 Onlar dedilər: «Daha başqa şəhadət nəyimizə lazımdır? Bunu özümüz onun dilindən eşitdik».+
Haşiyələr
^ Yəni Pasxanın təmsil etdiyi şeylərin hamısı.
^ Hami fəxri titul idi.
^ Yaxud bir daş atımı qədər.
^ Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.