Ulrix Svinqli həqiqət axtarışında
Bu gün səmimi-qəlbli insanların çoxu etiqadlarının Müqəddəs Kitaba əsaslanıb-əsaslanmadığını yoxlaya bilərlər. Amma 16-cı əsrin əvvəllərində bunu etmək asan deyildi. Niyə? Çünki bir çoxlarının doğma dilində Müqəddəs Kitab yox idi. Bu səbəbdən yalnız məhdud sayda kilsə üzvləri kilsə təlimləri ilə Müqəddəs Kitabda yazılanları müqayisə edə bilirdi. Din xadimləri isə bu sahədə çox az kömək edir və ya heç kömək etmirdilər. Bir kitabda deyilir: «İsveçrə kilsəsi tamamilə korlanmışdı. Din xadimləri cahil, mövhumatçı və əxlaqsız idilər» («History of the Christian Church»).
Belə bir vaxtda Ulrix Svinqli Müqəddəs Kitabda yazılanları araşdırmağa başladı. Bəs o nə öyrəndi? Öyrəndiklərini başqaları ilə necə bölüşürdü? Biz onun həyatından və etiqadından nə öyrənə bilərik?
Svinqli araşdırmağa başlayır
İyirmi yaşlarında olanda Svinqli katolik keşişi olmaq qərarına gəlir. Keşiş olmaq istəyən digər namizədlər kimi Svinqli də Müqəddəs Kitabı deyil, fəlsəfə, kilsə adət-ənənələri və «Kilsə ataları»nın yazılarını öyrənməli idi.
Bəs Svinqli Müqəddəs Kitab həqiqətlərini necə öyrənməyə başladı? İsveçrənin Bazel şəhərində universitetdə oxuyarkən o, kilsənin indulgensiya a sisteminə qarşı çıxan Tomas Vitenbaxın mühazirələrinə gedir. Bir bioqrafın sözlərin görə Svinqli «[Vitenbaxdan] öyrənir ki, Məsih bizim günahlarımızdan ötrü bir dəfə öldü» (1 Butrus 3:18). Svinqli yalnız İsanın fidyə qurbanlığı sayəsində bağışlanmağın mümkün olduğunu başa düşdü. Bundan sonra o, kilsə rəhbərlərinin pul müqabilində günahları bağışlaması haqda təlimi rədd etdi (Həvarilərin işləri 8:20). Bununla belə, Svinqli təlimini davam etdirdi və 22 yaşında katolik keşişi oldu.
İyirmi yaşlarında olanda Svinqli Əhdi-Cədidi orijinal dildə oxuyub başa düşmək üçün yunan dilini öyrəndi. Həmçinin o, Erazmın əsərlərini oxudu və öyrəndi ki, Müqəddəs Kitabda da deyildiyi kimi Allahla insanlar arasında yeganə vasitəçi İsadır (1 Timutiyə 2:5). Nəticədə, katolik kilsəsinin Allaha müqəddəslər vasitəsilə müraciət təliminə qarşı Svinqlidə şübhələr baş qaldırdı.
Svinqli 30 yaşlarında olanda həqiqəti daha da cidd-cəhdlə axtarmağa başladı. Bununla belə, o, Avropada İtaliyanın idarəçiliyini əldə etmək uğrunda gedən bir çox döyüşlərdə hərbi keşiş kimi də xidmət edirdi. 1515-ci ildə baş vermiş Marinyano döyüşündə Svinqli katoliklərin minlərlə katolikin ölümünə bais olmasını öz gözləri ilə gördü. Bir neçə il sonra Svinqli Yunanca Müqəddəs Yazıların çox hissəsini əllə köçürdü və hətta əzbərlədi. O, 1519-cu ildə İsveçrənin siyasi mərkəzi olan Sürix şəhərində yaşamağa başladı. Zamanla anladı ki, kilsə Müqəddəs Kitaba əsaslanmayan istənilən təlimi ləğv etməlidir. Bəs o, başqalarını da buna inandırmaq üçün nə etdi?
«Heç vaxt, heç kim bu cür təbliğ etməyib»
Svinqli inanırdı ki, insanlar Müqəddəs Kitabdakı həqiqətləri öyrənən kimi yalan dini təlimlərdən imtina edəcəklər. Ona görə də Sürixin məşhur Qrossmünster kilsəsinin keşişi seçilən kimi o, təbliğə başladı. Svinqli qərara gəldi ki, təbliğ edərkən din xadimlərinin əsrlərdir əzbərlədiyi Latın leksionarisini b oxumayacaq, əvəzində İncili fəsil-fəsil, əvvəldən sonacan oxuyaraq təbliğ edəcək. Həmçinin ayələri izah etmək üçün kilsə atalarının yazdıqlarına müraciət etməkdənsə, imkan verəcək ki, ayələr özləri-özlərini izah etsinlər. Çətin başa düşülən ayələri isə daha aydın başa düşülən ayələr vasitəsilə izah edəcək (2 Timutiyə 3:16).
Təbliğ edərkən Svinqli insanlara Müqəddəs Kitabın faydasını göstərməyə çalışırdı. O, Müqəddəs Kitabdakı əxlaq normalarını öyrədirdi. Həmçinin İsanın anası Məryəmə və digər müqəddəslərə dua etməyə, indulgensiyalar satmağa, eləcə də keşişlərin əxlaqsızlığına qarşı təbliğ edirdi. Onun təbliği insanlara necə təsir edirdi? Svinqlinin ilk moizəsindən sonra bəziləri demişdi: «Heç vaxt, heç kim bu cür təbliğ etməyib». Bir tarixçi Svinqlinin katolik dinləyiciləri barədə yazmışdı: «Keşişlərin ağılsızlığı və əxlaqsızlığı ucbatından kilsəni tərk edənlərin çoxu qayıtmağa başladı».
1522-ci ildə din xadimləri Sürix siyasətçilərinin vasitəsilə kilsə təlimlərinə qarşı çıxanları sıxışdırmağa çalışdılar. Nəticədə, Svinqli kafirlikdə ittiham olundu. Etiqadından dönmək istəməyən Svinqli katolik keşişi kimi vəzifəsindən istefa verdi.
Svinqli nə etdi?
Artıq keşiş olmasa da, Svinqli təbliğdə çox fəal idi və öz etiqadını insanlara aşılamağa çalışırdı. Təbliği onu insanlar arasında məşhur etdi. Bunun sayəsində Svinqli Sürixin siyasətçiləri arasında nüfuzlu birinə çevirildi. Siyasi nüfuzundan istifadə edərək Svinqli dini islahatlar irəli sürməyə çalışırdı. Məsələn, 1523-cü ildə o, Sürixin qanunverici orqanlarını təşviq etdi ki, Müqəddəs Kitaba zidd gedən istənilən dini təlimləri qadağan etsin. 1524-cü ildə isə onları bütpərəstliyi qanunsuz elan etməyə sövq etdi. Yerli təbliğçilər və insanların razılığı ilə mülki hakimlərin nəzarəti altında qurbangahlar, bütlər, dini təsvirlər və reliktlər məhv edildi. Bir kitabda deyilir: «Vikinqlərin dini binaları talan etməsindən bu yana Qərb kilsəsi belə bir şeylə üzləşməmişdi» («Zwingli—God’s Armed Prophet»). 1525-ci ildə Svinqli hökumət orqanlarını kilsəyə məxsus binaları xəstəxanalara çevirməyə, eləcə də rahib və rahibələrə ailə qurmağa icazə verməyə təşviq etdi. O həmçinin təklif etdi ki, messalar Müqəddəs Kitaba əsaslanan sadə mərasimlə əvəz olunsun (1 Korinflilərə 11:23—25). Tarixçilər deyir ki, Svinqlinin etdikləri Sürixin nüfuzlu dini və siyasi şəxslərini bir araya gətirdi və islahatların keçirilməsinə, eləcə də yeni Protestant dinin yaranmasına yol açdı.
Svinqlinin gördüyü ən önəmli iş Müqəddəs Kitabın tərcüməsi idi. 1520-ci illərdə o, bir qrup alimlə birgə İbrani və Yunan Müqəddəs Yazılarından, eləcə də Yunan Septuagintasından və Latın Vulqatasından istifadə edərək Müqəddəs Kitabı tərcümə etməyə başladı. Onlar çox sadə metoddan istifadə edirdilər. Ayəni orijinal dildəki mətndən və mötəbər tərcümələrdən oxuyurdular. Sonra isə ayənin mənasını müzakirə edib gəldikləri nəticəni qeyd edirdilər. Gördükləri bu iş sayəsində 1531-ci ildə Sürix Müqəddəs Kitabı kimi tanınan bir cilddən ibarət tərcümə ərsəyə gəldi.
Ola bilsin, Svinqli hər şeyi səmimi-qəlbdən edirdi, amma o başqalarının etiqadına hörmət etmirdi və özünü aqressiv aparırdı. Məsələn, 1525-ci ildə o, anabaptistlərə qarşı məhkəmə iclasında iştirak etmişdi. Anabaptistlər Svinqlinin körpələrin vəftizinə dair fikirləri ilə razı deyildilər. Məhkəmə körpələrin vəftizini rədd edənlərə ölüm hökmünün çıxarılmasını qərara alanda Svinqli bu sərt qərara qarşı çıxmadı. Bununla belə, İsveçrənin bəzi güclü katolik regionları Svinqlinin islahatlarına qarşı çıxdılar. Bu, vətəndaş müharibəsinə gətirdi. Svinqli əsgərlərlə birgə Sürixdən döyüşə getdi. O, 47 yaşında həmin döyüşdə həyatını itirdi.
Svinqlinin qoyduğu irs
Ulrix Svinqli nüfuzlu protestant islahatçıları Martin Lüter və Jan Kalvin qədər məşhur olmasa da, onun tarixdə özünəməxsus yeri var. O, Roma Katolik kilsəsinin təlimlərindən, Martin Lüterdən də qəti şəkildə üz döndərmiş və Jan Kalvin üçün yol açmışdı. Buna görə də onu «Reformasiyaların üçüncü şəxsi» adlandırmışdılar.
Svinqlinin qoyduğu irs birmənalı deyil. Öz etiqadlarını yaymaq üçün o, siyasətə və müharibələrə qoşuldu. Belə etməklə o, İsa Məsihin izi ilə getmədi. İsa Məsih siyasətə qarışmırdı və davamçılarını düşmənlərini öldürməyə deyil, sevməyə çağırırdı (Mətta 5:43, 44; Yəhya 6:14, 15).
Bununla belə, Svinqli Müqəddəs Kitabı dərindən araşdıran və öyrəndiklərini başqaları ilə bölüşən biri idi. O, bir sıra Müqəddəs Kitab həqiqətlərini aşkara çıxardı və başqalarına da bunu etməyə kömək etdi.
a İndulgensiya kilsə rəhbərləri tərəfindən çıxarılan fərmanlar idi. Barəsində fərman çıxarılan şəxslər guya ölümdən sonra bərzəx aləmində daha az cəza alacaq və ya cəzadan qurtulacaqdılar.
b Leksionari Müqəddəs Kitabdan seçilən və il ərzində oxunan ayələrdən ibarət kitabdır.