İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?
Latın Amerikasının yerli xalqları arasında din azadlığının müdafiəsi
1 MAY 2021
Latın Amerikasının yüz milyonlarla əhalisi var. Milyonlarla insan yerli xalqlara (hindilərə) aiddir. Onların öz dilləri və adət-ənənələri var. Bu insanların arasında öz mədəni irsini qiymətləndirən çoxlu bacı-qardaşlarımız da var. Yerli xalqları Müqəddəs Kitab həqiqətləri ilə tanış etmək üçün Yehovanın Şahidləri Latın Amerikasının 130-dan çox hindi dilinə ədəbiyyat tərcümə edir və yayırlar a. Yehovaya xidmət etməyi seçən bu insanların bəziləri onların icmasında qəbul edilmiş, ancaq Müqəddəs Kitaba zidd gedən adət-ənənələrdə iştirak etmədiklərinə görə təqiblərlə üzləşirlər. Sizin etdiyiniz ianələr onların hüquqlarını müdafiə etmək üçün necə istifadə olunur?
Evlərinə qayıtmaqda kömək
Meksikanın Xalisko ştatının dağlıq bölgələrində uiçol icması yaşayır b. Bu xalqdan olan dindaşlarımız onların vicdanına zidd olan dini mərasimlərdə iştirak etməkdən hörmətcil şəkildə imtina etdikdən sonra soydaşlarının qəzəbinə tuş gəlmişdilər. 2017-ci il dekabrın 4-ü dindaşlarımıza və yanlarında olan bir neçə adama izdiham hücum çəkdi. Onları icmadan qovdular, mal-mülklərini məhv etdilər və geri qayıdacaqları təqdirdə öldürəcəkləri ilə hədələdilər.
Qonşu şəhərlərdə yaşayan dindaşlarımız onları darda qoymadı. Bəs onların evlərinə qayıtmaları üçün nə etmək olardı? Aqustin adlı qardaş deyir: «Vəkil tutmağa pulumuz yox idi, həm də bilmirdik hüquqi yardım üçün hara üz tutaq».
Dindaşlarımızın din azadlığı təhlükə altında olduğu üçün Mərkəzi Amerika filialı dərhal tədbir görməyə başladı. İlk öncə onlar yerli hüquq-mühafizə orqanlarından bu cinayətləri araşdırmağı xahiş etdilər. Bundan sonra Rəhbərlik Şurasının Koordinatorlar komitəsinin razılığı ilə onlar baş idarənin Hüquq şöbəsi ilə birgə uiçol bacı-qardaşlarımızın adından şikayət hazırlayıb, məhkəməyə verdilər. İş Meksikanın ali məhkəməsinə — ən yüksək məhkəmə instansiyasına çatdı.
Beynəlxalq vəkillərdən ibarət komandanın hazırladığı şikayətdə aydın dəlillər əsasında izah edilmişdi ki, başqaları yerli xalqların mədəniyyətinə hörmət etməli olduğu kimi, icmaların özü də bütün üzvlərinin hüquqlarına hörmət etməli və onları müdafiə etməlidir. İnsan hüquqları üçün sərhəd yoxdur.
8 iyul 2020-ci il tarixində ali məhkəmə yekdilliklə Yehovanın Şahidlərinin xeyrinə qərar verdi. Qərarda deyilirdi ki, qovulanların hamısına icmalarına qayıtmağa icazə verilməlidir. Yuxarıda sözləri gətirilən Aqustin hamının adından minnətdarlıq bildirərək dedi: «Qardaşların köməyinə görə ürəkdən minnətdarıq. Əgər onlar bizə əl tutmasaydı, biz çarəsiz qalardıq».
«Yalnız Yehova... az sayda adam üçün bu qədər iş görür»
Eyni təqiblərlə Ekvadorun San-Xuan-de-İluman kəndində yaşayan dindaşlarımız da üzləşib. Bu kənddə Otavalo vadisinin yerli xalqlarının müxtəlif nümayəndələri yaşayır. Bütün zəruri sənədləri topladıqdan sonra 2014-cü ildə Yehovanın Şahidləri orada ibadət evinin tikintisinə başladılar. Ancaq bir keşiş 100 nəfərdən çox izdiham yığıb zorla tikintinin dayandırılmasına nail oldu. Daha sonra icma Yehovanın Şahidlərinə ibadət görüşlərini keçirməyi qadağan etdi.
Ekvador filialının və baş idarənin hüquq şöbələri yığıncağın din azadlığı hüququnun müdafiəsinə durdu. Qardaşlar işi məhkəməyə verdilər. Bundan sonra icma dindaşlarımızı daha təqib etmədi; yığıncaq yenidən görüşlərini keçirməyə başladı və ibadət evinin tikintisi tamamlandı. Ancaq gələcəkdə baş verə biləcək problemləri qabaqlamaq üçün nümayəndələrimiz yuxarı instansiya məhkəmələrindən vacib bir məsələ üzrə qərar verməyi xahiş etdilər: yerli xalqların icmaları beynəlxalq səviyyədə tanınan insan hüquqlarına hörmət etməlidir, yoxsa yox?
16 iyul 2020-ci il tarixində Ekvadorun ən ali məhkəmə instansiyası olan Konstitusiya Məhkəməsi işə baxdı. Yığıncağı Ekvadordakı vəkil qardaşlarımız təmsil edirdi. Bundan əlavə, məhkəmədə dörd təcrübəli beynəlxalq vəkil də çıxış etdi. COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərə görə onlar müxtəlif ölkələrdən məhkəmə iclasına «Zoom» proqramı vasitəsilə qoşulmuşdu. Birinci dəfə idi ki, Yehovanın Şahidlərini beynəlxalq səviyyədə təmsil edən vəkillərə hüquqi dəlillərini bu yolla təqdim etməyə icazə verilmişdi c. Vəkillər müxtəlif beynəlxalq məhkəmə orqanlarının sənədlərinə istinad edərək göstərdilər ki, insanın yerli xalqın hər hansı icmasına məxsus olması onu insan hüquqlarından məhrum etmir.
Otavalo vadisində yaşayan bacı-qardaşlar böyük səbirsizliklə Konstitusiya Məhkəməsinin qərarını gözləyirlər. Dindaşlarımız onlara göstərilən köməyə görə ürəkdən minnətdardır. İluman kiçua yığıncağında xidmət edən Sezar adlı qardaş deyir: «Yalnız Yehova təşkilatı vasitəsilə az sayda adam üçün bu qədər iş görür».
Bu işlərdə iştirak edən vəkillərin hamısı Yehovanın Şahididir və onlar bacı-qardaşlara təmənnasız olaraq hüquqi yardım göstərməyə şaddır. Bununla belə, sənədləri hazırlamaq, məhkəməyə vermək və iclaslarda iştirak etmək üçün çoxlu vaxt və pul tələb olunur. Vəkillərimiz və digər qardaşlar Meksikadakı iş üçün məhkəmə sənədlərinin hazırlanmasına 380-dən çox, onların tərcüməsinə isə 240 saat sərf ediblər. Ekvadordakı işin üzərində isə bütün dünyadan təxminən 40 vəkil işləyib və yüzlərlə saat sərf olunub. Qardaşlarımızı müdafiə etmək üçün məhkəmə xərcləri və məsrəflər nəyin hesabına ödənilir? donate.mt1130.com saytında göstərilən müxtəlif üsullarla etdiyiniz ianələrin hesabına. Səxavətli ianələrə görə sizə ürəkdən minnətdarıq.
a Yehovanın Şahidlərinin nəşrləri Latın Amerikasının bir çox digər dillərinə, o cümlədən bir neçə jest dilinə də tərcümə edilir. Həmin dillərin bəziləri yalnız bu regionda yayılıb.
b Uiçol xalqı həm də viksaritari kimi tanınır, onların danışdığı dil isə viksarika adlanır.
c Ümumdünya təşkilatımız işin tərəflərindən biri olmasa da, hakimlərin icazəsi ilə qardaşlarımız məhkəmədə amicus curiae, yəni «məhkəmənin dostu» qismində iştirak etmişlər.