AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU
Övladınız özünə qəsd etmək istəyəndə
Son illərdə bəzi ölkələrdə yeniyetmələr arasında özünə qəsd halları kəskin şəkildə artıb. Bəs səbəb nədir? Sizin övladınız da özünə qəsd etməyi düşünür?
Bu məqalədə
Uşaqlar və intihar. Nəyə görə valideynlər ayıq-sayıq olmalıdırlar?
2009—2019-cu illər ərzində ABŞ-da orta məktəblərdə depressiya əlamətləri olan şagirdlərin sayı 40 faiz artmışdı. Elə həmin dövrdə intihar edənlərin də sayında artım müşahidə olunmuşdu a.
«Bu gün gənclər həddən artıq çox problemlə üzləşir... Bu problemlər onların əqli sağlamlığına ciddi xətər yetirir» (Ümumi cərrah Vivek Mörti, ABŞ).
Müqəddəs Kitab prinsipi: «Sınıq qəlb canı üzər» (Məsəllər 17:22).
Övladınızın intihara meyilli olduğunu necə müəyyən edə bilərsiniz?
Növbəti amilləri nəzərdən keçirin.
Başına gələnlər. Övladınız hansısa sarsıdıcı hadisə ilə üzləşib? Ola bilsin, kimlərsə onu gözüm-çıxdıya salıb, ayrılıq yaşayıb və ya əziz adamını itirib. Əgər belədirsə, ola bilərmi ki, bunlar ona siz düşündüyünüzdən də güclü təsir edib?
Davranışı. Övladınız dostlarından, ailəsindən uzaqlaşıb və ya əvvəllər xoşu gələn işlərə marağı azalıb? Həmişə sevə-sevə gördüyü məşğuliyyətlərə həvəsi sönüb?
Dediyi sözlər. Övladınız ölüm haqqında danışır və ya «ölsəm bundan yaxşıdır» kimi sözlər istifadə edir? O sizə yük olduğunu deyir?
Düzdür, bəzən uşaqlar ağıllarına gələn sözləri deyirlər (Əyyub 6:3). Amma uşağın dediyi elə sözlər var ki, sanki o, kömək üçün fəryad edir. Buna görə də övladınızın ölmək istəməsi ilə bağlı dediyi heç bir sözü qulaq ardına vurmayın.
Əgər övladınız deyirsə ki, nə vaxtsa intihar etmək barədə düşünüb, ondan soruşa bilərsiniz: «Bunu nə vaxt və ya necə edəcəyin barədə də düşünmüşdün?» Onun cavabı vəziyyətin nə qədər ciddi olduğunu müəyyən etməyə kömək edəcək.
«Bir valideyn kimi övladımızdan bu barədə soruşmağa çəkinə bilərik, ola bilsin, onların verəcəyi cavaba hazır deyilik. Əgər deyəcəkləri ürəyindəkiləri ortaya çıxaracaqsa, nəyə görə onunla açıq danışmayasınız?» (Sandra).
Müqəddəs Kitab prinsipi: «Ürəyin düşüncələri dərin sulara bənzər, bəsirətli adam onları çəkib çıxarar» (Məsəllər 20:5).
Övladınızda intihar barədə fikirlər varsa, nə edə bilərsiniz?
Övladınızın hisslərini səbirlə öyrənməyə çalışın. İlk öncə dürüst olduğuna görə onu tərifləyin. Daha sonra soruşa bilərsiniz: «Sənin nələr çəkdiyini bilmək istəyirəm. Son vaxtlar həyatında nələr baş verib? De mənə» və ya «Bölüşə bilərsən, ağlına intihar barədə fikirlər gələndə hansı hissləri keçirirsən?»
Övladınıza səbirlə qulaq asın. Elə təəssürat yaratmayın ki, onun keçirdiyi hisslər əhəmiyyətsizdir və ya tez «həll yolu» tapmağa çalışmayın.
Müqəddəs Kitab prinsipi: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa və hirslənməyə tələsməməlidir» (Yaqub 1:19).
Tədbir görün. Ona kömək edin ki, aşağıdakı sualların cavabını müəyyən etsin və onları yazsın:
Əlamətlər. Hansı vəziyyətlər və fikirlər intihar barədə düşünməyinə səbəb olur?
Köməyi dəyən məşğuliyyətlər. Hansı məşğuliyyətlər ona stresi azaltmağa və diqqətini başqa şeylərə yönəltməyə kömək edir?
Kömək istəyə biləcəyi kəslər. Elə insanlar var ki, övladınız ehtiyac olan anda onlardan kömək istəyə bilsin? Bu siz özünüz, etibar etdiyiniz yetkin insan, həkim və ya intihar düşüncəsi olan insanlara kömək edən qurumlar ola bilər.
Müqəddəs Kitab prinsipi: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5).
Gözdə-qulaqda olun. Övladınız əvvəlkindən daha yaxşı görünsə belə, nəzəriniz daim onun üzərində olsun.
«Oğlum mənə daha intihar etmək barədə fikirləşmədiyini deyəndə düşünürdüm ki, hər şey artıq düzəlib. Bu çox böyük səhvdir. İnsan başqa problemlə üzləşərsə, intihar etmək fikri yenidən yarana bilər, özü də bu, bir göz qırpımında baş verə bilər» (Daniel).
Övladınıza hisslərini başa düşməyə kömək edin. Ona izah edin ki, bu hissləri müvəqqətidir. Bir kitabda yazılıb: «Bu cür hisslər havaya bənzəyir. Məsələn, yağışın altında dayanıb yağış yağmırmış kimi davranmaq məntiqsiz olardı. Eləcə də yağışdan sonra günəşin heç vaxt çıxmayacağını düşünmək ağılsızlıqdır» («The Whole-Brain Child»).
Təskinlik verin. Övladınıza onu sevdiyinizi və kömək üçün sizə arxalana biləcəyini deyin. Ona belə deyə bilərsiniz: «Bunun öhdəsindən gəlməyin üçün əlimdən gələni edəcəyəm».
Müqəddəs Kitab prinsipi: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).
a Depressiyadan əziyyət çəkənlərin çoxu intihar etmir. Amma intihar edənlərin çoxu depressiyadan əziyyət çəkib.