Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Hüceyrələrin qruplaşmaq bacarığı

Hüceyrələrin qruplaşmaq bacarığı

 Bətndə insan həyatı ziqot adlanan kiçik bir hüceyrədən başlayır. Onu mikroskopsuz, demək olar ki, görmək mümkün deyil. Amma bir neçə aydan sonra həmin hüceyrədən tam formalaşmış körpə dünyaya gəlir. Bir hüceyrədən formasına, ölçüsünə və funksiyasına görə biri-birindən fərqlənən 200-dən artıq növdə hüceyrə əmələ gəlir.

 Düşünün. Ziqot DNT-nin sürətini yaradaraq iki yerə bölünür. Yaranan hüceyrələr eyni prosesi dəfələrlə təkrarlayır. Əvvəl-əvvəl yaranan bütün hüceyrələr eyni olur. Onların DNT-də müxtəlif növ hüceyrələrin yaranması üçün bütün lazımi məlumatlar var.

 Mayalanmadan bir həftə sonra hüceyrələr xüsusiyyətlərinə görə iki qrupa bölünürlər. Bəzi hüceyrələrin birləşməsindən embrion, bəzilərindən isə embrionun böyüməsinə kömək edən cift və digər toxumalar yaranır.

 Üçüncü həftəyə embrionun hüceyrələri üç təbəqə yaradır. Xarici təbəqədən sonda sinir, beyin, ağız, dəri qatı və digər bədən hissələrini təşkil edən hüceyrələr əmələ gələcək. Orta qatdan qan, sümüklər, böyrəklər, əzələlər və digər toxumalar əmələ gələcək. Üçüncü qatdan isə daxili orqanlar, məsələn, ağciyərlər, sidik kisəsi və mədə-bağırsaq sisteminin böyük qismi əmələ gələcək.

Körpə bətndə böyüdükcə hüceyrələr bölünərək biri-birindən fərqlənən 200-dən artıq növdə hüceyrə əmələ gətirir

 Hamiləlik dövründə hüceyrələr fərdi və ya qrup şəklində embrionun daxilində bir tərəfdən digər tərəfə hərəkət edir. Digər hüceyrələr isə qruplaşaraq təbəqələr, bağlar və boşluqlar yaradır. Bunun üçün yaxşı koordinasiya tələb olunur. Məsələn, müəyyən məqamda hüceyrələrin təbəqələri burularaq borucuqlar əmələ gətirir. Bu proses embrionun müxtəlif yerlərində eyni vaxtda baş verir. Sonra bu borucuqlar uzanıb şaxələnir və nəticədə, qan dövranını yaradır.

 Sağlam körpənin dünyaya gəlmək vaxtı çatanda onun lazımi yerdə və növdə yüz milyardlarla hüceyrəsi olur.

 Necə düşünürsünüz: hüceyrələrin qruplaşma bacarığı təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?