Müqəddəs Kitabda qanköçürmə haqda nə deyilir?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Kitabda qandan qida kimi istifadə edilməsi qadağan edilir. Biz xalis qanı, ya da onun tərkib komponentlərini heç bir formada — nə qida kimi, nə də ki qanköçürmə üçün istifadə etməliyik. Aşağıdakı ayələrə diqqət yetirin:
Yaradılış 9:4. Daşqından sonra Allah Nuha və ailəsinə heyvan əti yeməyə icazə versə də, qanı yeməyi qadağan etdi. Allah Nuha əmr etmişdi: «Ancaq əti onun canı olan qanla birgə yeməyin». Bu əmr bütün bəşəriyyətə aiddir, çünki hamı Nuhdan törəyib.
Levililər 17:14. «Heç bir məxluqun qanını yeməyin demişəm. Çünki hər məxluqa həyat verən onun qanıdır. Onu yeyən hər kəs xalqının arasından qovulsun». Allahın gözündə qan həyat mənbəyidir və Ona məxsusdur. Bu qanun İsrail xalqına verilsə də, qanı yeməyi qadağan edən qanuna Allahın nə dərəcədə ciddi yanaşdığından xəbər verir.
Həvarilərin işləri 15:20. «Qandan [çəkinin]». Nuha verdiyi əmri Allah məsihçilər üçün də təkrarlamışdı. Tarix sübut edir ki, erkən məsihçilər xalis qanı qida kimi qəbul etməkdən və hətta onu tibbi məqsədlər üçün istifadə etməkdən imtina edirdilər.
Nəyə görə Allah qandan çəkinməyi əmr edib?
Qanköçürmədən imtina etmək üçün əsaslı tibbi səbəblər var. Amma Allahın qandan çəkinməyi əmr etməsinin ən vacib səbəbi odur ki, qanla təmsil olunan həyat və ya can Onun üçün müqəddəsdir (Levililər 17:11; Koloslulara 1:20).