Siqaret çəkmək günahdır?
Müqəddəs Kitabın cavabı
Müqəddəs Kitabda siqaret çəkmək a və ya tütünün müxtəlif cür istifadəsi barədə heç nə yazılmayıb. Amma oradakı prinsiplər göstərir ki, Allah sağlamlığa ziyan vuran və natəmiz vərdişlərə nifrət edir. Deməli, siqaret çəkmək Onun gözündə günahdır.
Həyata hörmət etmək. «[Allah] hamıya həyat, nəfəs... verir» (Həvarilərin işləri 17:24, 25). Həyat Allahın hədiyyəsi olduğu üçün biz bu həyatı qısaldacaq hər şeydən çəkinməliyik, məsələn, siqaret çəkməməliyik. Siqaret və tütün istifadəsi dünyada qarşısı alına bilən ölümün əsas səbəblərindən biridir.
Başqalarını sevmək. «Başqasını özünü sevdiyin kimi sev» (Mətta 22:39). Başqalarının yanında siqaret çəkmək sevgi göstəricisi deyil. Müntəzəm olaraq siqaret tüstüsünə məruz qalan insanlarda siqaret çəkənlərin tutulduğu bəzi xəstəliklərə tutulmaq riski daha yüksəkdir.
Müqəddəs olmaq. «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin» (Romalılara 12:1). «Gəlin cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1). Siqaret çəkmək normal hal deyil və müqəddəs, yəni təmiz və pak olmaqla uyğunlaşmır. Çünki tütün istifadəçiləri bədənə ciddi ziyan vuran toksinləri qəsdən qəbul edir.
Müqəddəs Kitabda əylənmək məqsədilə marixuana və digər narkotik maddələrdən istifadə etməklə bağlı nə isə yazılıb?
Müqəddəs Kitabda marixuana (həmçinin ot və ya həşiş kimi tanınır) və ya digər narkotik maddələrin adı çəkilmir. Amma oradakı prinsiplər göstərir ki, asılılıq yaradan bu kimi maddələrdən əyləncə məqsədilə istifadə etmək düzgün deyil. Gəlin bununla bağlı bir neçə prinsipə də nəzər salaq:
Ağlı idarə etmək. «Allahın Yehovanı... bütün ağlınla sev» (Mətta 22:37, 38). «Hər vaxt ayıq olun» (1 Butrus 1:13). İnsan narkotikdən istifadə edəndə ağlını tam idarə edə bilmir və hətta çoxları onun aludəçisinə çevrilir. Yaxşı şeylər düşünmək əvəzinə, onların fikri-zikri ancaq narkotik maddələri əldə etmək və onları istifadə etməkdədir (Filippililərə 4:8).
Qanunlara tabe olmaq. «Hakimiyyətə və hökumətə tabe [olun]» (Titusa 3:1). Bir çox ölkələrdə bəzi narkotik maddələrin istifadəsinə ciddi nəzarət edilir. Əgər Allahı razı salmaq istəyiriksə, onda hökumətə tabe olmalıyıq (Romalılara 13:1).
a Burada siqaret çəkmək ifadəsi altında tütün tüstüsünü siqaret, siqar və ya qəlyan vasitəsilə qəsdən içinə çəkmək nəzərdə tutulur. Bununla yanaşı, Müqəddəs Kitabdakı prinsiplər tütün çeynəməyə, iyləməyə, nikotin tərkibli elektron siqaret və sair bu kimi şeylərin istifadəsinə də aid edilir.