Haradan ümid tapım?
Müqəddəs Yazıların cavabı
Allah bizə «gözəl gələcək, ümid a bəxş [etmək]» istəyir (Ərəmya 29:11). Bizə Müqəddəs Kitabı bəxş etməsinin səbəblərindən biri odur ki, «Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Romalılara 15:4). Bu məqalədən görəcəyimiz kimi, Müqəddəs Kitabda qələmə alınmış Allahın hikmətli məsləhətləri bizə gündəlik problemləri nikbinliklə aşmağa kömək edir, orada yazılan vədlər isə gözəl gələcəyə ümid verir.
Bu səhifədə:
Müqəddəs Kitab bizə nikbin qalmağa və gələcəyə ümidlə baxmağa necə kömək edir?
Müqəddəs Kitabda həyatımızı yaxşılığa doğru dəyişdirə biləcək işə yararlı məsləhətlər qələmə alınıb, o məsləhətlər ki, gələcəyə ümid verir və çarəsizliyə qapılmağa qoymur. Gəlin bir neçə nümunəyə baxaq.
İşə yararlı məsləhətlər üçün Müqəddəs Kitaba üz tutun. Zəbur 119:105 ayəsində deyilir: «Sözün addımlarıma çıraq, yollarıma işıqdır». Güclü işıq həm ayağımızın altını, həm də qarşımızdakı yolu işıqlandırır. Buna bənzər tərzdə, Müqəddəs Kitabın işə yararlı prinsipləri qarşımızda duran problemlərin öhdəsindən uğurla gəlməyə və hər gün nikbin qalmağa kömək edir. Onun təlimləri canımıza qüvvət verir və ürəyimizi sevindirir (Zəbur 19:7, 8). Eyni zamanda, Müqəddəs Kitab Allahın bəşəriyyət və Yer kürəsi ilə bağlı gözəl vədlərinə işıq salır. Bu ümid isə bizə sonsuz sevinc və xoşbəxtlik bəxş edir.
Başqalarının köməyini qəbul edin. Vəziyyət çarəsiz kimi görünəndə insan özünü doğmalarından və dostlarından təcrid etməyə meyilli olur. Müqəddəs Kitabda deyilir ki, bu heç də düzgün deyil, çünki belə vəziyyətlərdə insan adətən ağılsız qərarlar verir və addımlar atır (Məsəllər 18:1). Sevdiklərimiz isə bizə sağlam düşüncəmizi qorumağa kömək edə, çətin vəziyyətdən çıxmaq üçün yaxşı həll yolları göstərə bilər (Məsəllər 11:14). Onlar vəziyyət düzələnə qədər dözməyə gücümüz olsun deyə ən azından bizə təsəlli və ürək-dirək verə bilər (Məsəllər 12:25).
Allaha dua edin. Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» b (Zəbur 55:22). Yehovaya nahaq yerə «ümid mənbəyi olan Allah» deyilmir (Romalılara 15:13). Sizi narahat edən hər məsələ barədə Ona rahat dua edə bilərsiniz. Əmin olun ki, O sizə qarşı biganə deyil (1 Butrus 5:7). Allahın Kəlamı bizi əmin edir: «[Allah] sizi güclü, mətin, sarsılmaz edəcək» (1 Butrus 5:10).
Qoyun çətinliklər ümidinizi daha möhkəm etsin. Müqəddəs Kitabda belə bir vəd yazılıb: «Məni dinləyən... əmin-amanlıqda yaşayacaq, fəlakət qorxusu bilməyəcək» (Məsəllər 1:33). Avstraliyada yaşayan Marqaret adlı bir qadının mal-mülkünün böyük qismi qasırğa nəticəsində məhv oldu. Lakin o, ümidsizliyə qapılmadı, əksinə, özü üçün vacib dərs götürdü — mal-mülk gəldi-gedərdir. Bu fəlakətdən sonra o, əsl dəyəri olan şeyləri — ailə və dostlarını, Allahla münasibətlərini və Müqəddəs Kitabın verdiyi ümidi daha çox qiymətləndirməyə başladı (Zəbur 37:34; Yaqub 4:8).
Müqəddəs Kitabda bəşəriyyət üçün hansı ümid yazılıb?
Müqəddəs Kitabda bəşəriyyətin və planetimizin gələcəyinin parlaq olduğu deyilir. Biz bu xoşbəxt günlərin astanasındayıq. Bəşəriyyətin bu gün üzləşdiyi problemlər göstərir ki, biz bu dünyanın axırzamanında yaşayırıq (2 Timutiyə 3:1—5). Tezliklə Allah dünya üzərində idarəçiliyi Öz əlinə alaraq haqsızlığa və əzab-əziyyətə birdəfəlik son qoyacaq. O, bunları Allahın Padşahlığı adlandırılan ümumdünya hökumət vasitəsilə həyata keçirəcək (Dənyal 2:44; Vəhy 11:15). İsa duada: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin», — deyəndə məhz bu səmavi hökuməti nəzərdə tuturdu (Mətta 6:9, 10).
Allahın bəşəriyyət üçün niyyəti Müqəddəs Kitabda aydın yazılıb. Görün Allahın Padşahlığının həll edəcəyi bəzi problemlər hansılardır.
Artıq aclıq olmayacaq. «Yer üzü bəhrəsini verəcək» (Zəbur 67:6).
Artıq xəstəlik olmayacaq. «Heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24).
Artıq ölüm olmayacaq. Allah «[insanların] gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).
a Arzu etdiyimiz bir şeyi alacağımıza inananda ürəyimizdə ümid yaranır. Bir şeyi həsrətlə gözləməyə də ümid deyilir.
b «Yehova», Müqəddəs Kitaba əsasən, Allahın adıdır (Zəbur 83:18).