Valideynlər övladlarına necə cinsi tərbiyə verə bilərlər?
Müqəddəs Yazıların cavabı
Uşağa cinsi tərbiyəni kim verməlidir? Müqəddəs Kitabdan göründüyü kimi, Allah bu məsuliyyəti valideynlərin üzərinə qoyub. Aşağıda gətirilən məsləhətlər çox valideynlərin işinə yarayıb:
Çəkinməyin. Müqəddəs Kitabda cinsi yaxınlıq və cinsiyyət orqanları haqda açıq danışılır. Allah İsrail xalqına bu kimi məsələləri uşaqlarına başa salmağı tapşırmışdı (Qanunun təkrarı 31:12; Levililər 15:2, 16—19). Uşağınızla bu haqda hörmətcil tərzdə danışın. Uşaqda cinsiyyət orqanlarının və cinsi yaxınlığın ayıb bir şey olduğu təəssüratını yaradacaq sözlər işlətməyin.
Yavaş-yavaş öyrədin. Uşağın cinsi yetişkənlik dövrünü gözləyib hər şeyi birdəfəyə açıb danışmaq əvəzinə, yaxşı olardı ki, ona başa düşəcəyi şeyləri yavaş-yavaş açıqlayasınız (1 Korinflilərə 13:11).
Övladlarınıza əxlaq dəyərlərini aşılayın. Ola bilsin, məktəbdə uşağa azdan-çoxdan cinsi məsələlər barədə öyrədirlər. Amma Allah valideynlərin öz uşaqlarına yalnız anatomiyanı öyrətməsini yox, əxlaq dəyərlərini, yəni bu məsələdə nəyin düzgün olub-olmadığını aşılamasını istəyir (Süleymanın məsəlləri 5:1—23).
Uşağınıza qulaq asın. Övladınız gəlib sizdən cinsi məsələlər barədə nəsə soruşanda sərt reaksiya göstərmək və ya onu danlamaq lazım deyil. Əksinə, eşitməyə hazır olun, danışmağa tələsməyin (Yaqub 1:19).
Övladlarınızı pozğun insanlardan qoruyun
Ətraflı məlumat toplayın. Uşaqları pozan insanların taktikaları haqda öyrənin (Süleymanın məsəlləri 18:15; «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 1-ci cildinin 32 fəslinə baxın).
Uşağınızın həyatı ilə daim və yaxından maraqlanın. Uşağınızı etibar etmədiyiniz insanın himayəsinə buraxmayın və yol verməyin ki, o, «özbaşına» qalsın (Süleymanın məsəlləri 29:15).
İtaətkarlığa tarazlı yanaşmağı öyrədin. Uşaqlara valideynlərinə itaət etməyi öyrətmək vacibdir (Koloslulara 3:20). Ancaq əgər övladınıza bütün böyüklərə həmişə itaət etməli olduğunu deyirsinizsə, o, asanlıqla pozğun insanların qurbanına çevrilə bilər. Məsihçi valideynlər uşaqlarına başa salmalıdırlar ki, kimsə ondan Allahın xoşuna gəlməyən bir şeyi etməsini istəsə, bunu etməməlidir (Həvarilərin işləri 5:29).
Özünü müdafiə etməsi üçün bəzi üsulları uşağınızla məşq edin. Kimsə uşağınızın yanında olmamağınızı fürsət bilib ona ziyan vurmaq istəyəndə nə etməli olduğunu ona başa salın. Bu kimi vəziyyətləri məşq etmək uşağınızda əminlik yarada bilər. Nümunə üçün, o: «Çək əlini! Mən hər şeyi deyəcəyəm!» — deyib dərhal oradan qaça bilər. Uşaqlar unutqan olurlar, buna görə də bunu tez-tez onlara xatırladın (Qanunun təkrarı 6:7).