Xroniki xəstəliyi olan adama Müqəddəs Kitabın köməyi dəyə bilərmi?
Müqəddəs Yazıların cavabı
Bəli, bilər. Allah xəstəliklə mübarizə aparan xidmətçilərinin qeydinə qalır. Müqəddəs Kitabda Allahın bir sadiq bəndəsi haqqında yazılıb: «Yatağa düşəndə Rəbb ona dayaq olar» (Məzmur 41:3). Xroniki xəstəlikdən əziyyət çəkirsinizsə, aşağıda göstərilən üç addım sizə tab gətirməyə kömək edə bilər.
Allahdan duada dözüm istəyin. Siz «bütün insan fikirlərini» üstələyən «Allahın verdiyi qəlb rahatlığı»nı əldə edə bilərsiniz. Bu da, öz növbəsində, narahatçılıqlarınızı azaldar və sizə dözüm üçün güc verər (Filipililərə 4:6, 7).
Müsbət əhval-ruhiyyədə olun. Müqəddəs Kitabda yazılıb: «Ürək sevinci can üçün ən yaxşı məlhəmdir, könlün sınması sümükləri qurudar» (Süleymanın məsəlləri 17:22). Yumor hissinə malik olmağa çalışın, çünki o sadəcə bədbinlikdən uzaq olmağınız üçün yox, sağlamlığınız üçün də xeyirlidir.
Gələcəyə ümidlə baxın. Xroniki xəstə olmağınıza baxmayaraq, möhkəm ümid sayəsində siz yüksək əhval-ruhiyyənizi qoruyub saxlayacaqsınız (Romalılara 12:12). Müqəddəs Kitaba əsasən, tezliklə elə bir dövran gələcək ki, bir nəfər də olsun: «Xəstəyəm», — deməyəcək (Yeşaya 33:24). O zaman Allah müasir tibb elminin qarşısında aciz qaldığı ağır xəstəlikləri belə aradan qaldıracaq. Məsələn, Allahın Kəlamında cavanlaşma prosesi belə təsvir olunur: «Onda bədəni uşaq bədəni kimi təzə olar, yeniyetməlik dövrünə qayıdar» (Əyyub 33:25).
Qeyd: Allahdan kömək istəməklə yanaşı, Yehovanın Şahidləri xroniki xəstəliklərin müalicəsi üçün həkimlərə müraciət edirlər (Mark 2:17). Ancaq biz hər hansı bir müalicə üsulu təklif etmirik. Biz hesab edirik ki, bu kimi məsələlərdə hər kəs özü qərar verməlidir.