GƏNCLƏRİN SUALLARI
Söyüş söyməyin nəyi pisdir?
O qədər çox söyüş eşitmişəm ki, bu, məni daha narahat etmir. Bu normaldır (Kristofer, 17 yaş).
Uşaq olanda daha çox söyüş söyərdim. Bu vərdişə yiyələnmək asan, lakin tərgitmək isə çətindir (Rebeka, 19 yaş).
Test
Başqalarının söyüş söydüyünü eşitmək sənə necə təsir edir?
Mən buna heç əhəmiyyət vermirəm. Mənim üçün normaldır.
Bu məni bir az narahat edir, ancaq buna göz yumuram.
Məncə, bu təhqirdir. Mən belə şeyə dözə bilmərəm.
Tez-tez söyüş söyürsən?
Heç vaxt
Hərdənbir
Tez-tez
Səncə, söyüşkənlik nə dərəcə ciddi məsələdir?
Əhəmiyyətsizdir
Ciddidir
Ciddi məsələdir?
Söyüşkənliyə ciddi məsələ kimi baxırsan? Deyə bilərsən: «Elə də yox. Dünyada bundan da betər şeylər baş verir. Hamı söyüş söyür». Doğrudan, bu belədir?
Təəccüblü olsa da, bunu bil ki, ağzını təmiz saxlamağa çalışan çox insan var. Onların bildiyi bəzi şeyləri başqaları bilmir. Məsələn:
Danışığın əslində kim olduğunu göstərir. Danışıq tərzin sənin daxili aləmini üzə çıxarır. Təhqiramiz danışığın insanların hisslərinin sənin üçün əhəmiyyətli olmadığını göstərir. Doğrudan da, sən belə insansan?
Müqəddəs Kitabda deyilir: «Ağızdan çıxan şeylər isə ürəkdən gəlir (Mətta 15:18)».
Söyüşkənlik başqalarının sənin haqqında pis fikirdə olmasına səbəb ola bilər. Bir kitabda deyilir: «Danışıq tərzimiz işə girməyimizə və işdə yüksəlməyimizə təsir etməklə yanaşı, dostlarımızın kimlər olacağını, ailə üzvlərimizin və iş yoldaşlarımızın yanında necə hörmət qazanacağımızı, münasibətlərin kefiyyətini, kənar insanların bizə necə münasibət göstərəcəyini müəyyən edir... Özündən soruş, bəlkə söyüş söyməsəydin, münasibətlər daha da yaxşı olardı?» («Cuss Control»).
Müqəddəs Kitabda deyilir: «Hər cür təhqiri... kənara qoyun (Efeslilərə 4:31)».
Fikirləşmə ki, söyüş söyməklə başqalarının yanında hörmətin artacaq. Professor Aleks Paker bir kitabında belə qeyd edir: «Ağzını söyüşlə açan adama qulaq asmaq bezdiricidir». O əlavə edir ki, söyüşkənlik «bu cür insanlara öz hisslərini ifadə etməyə, ağıllı, anlayışlı və şəfqətli olmağa mane olur. Əgər danışığın şit, boş və mənasızdırsa, onda bu, düşüncənə də təsir edəcək».
Müqəddəs Kitabda deyilir: «Qoy dilinizdən heç bir pis söz çıxmasın» (Efeslilərə 4:29).
Necə tərgidə bilərsən?
Məqsəd qoy. Bir ay və ya daha az müddətdə söyüşkənliyin öhdəsindən gəlməyə çalış. Nailiyyətlərini cədvəldə və ya təqvimdə qeyd et. Qətiyyətli ol. Bununla belə aşağıdakı addımları at.
Söyüşlə dolu əyləncələrdən özünü gözlə. Müqəddəs Kitabda deyilir: «Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33). «Dostlar» deyiləndə təkcə insanlar yox, həm də əyləncə — baxdığın filmlər, oynadığın video oyunlar və dinlədiyin musiqi nəzərdə tutulur. 17 yaşlı Kennet deyir: «Sevdiyin mahnıları oxuyarkən ritmi xoşuna gəldiyi üçün orada olan söyüşlər asanlıqla diqqətindən yayına bilər».
Yetkin olduğunu göstər. Bəzi insanlar böyüdüklərini göstərmək üçün söyüş söyürlər. Əslində bu yanlış fikirdir. Müqəddəs Kitabda deyilir ki, yetkin insanlar «ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa [öyrəşdirir]» (İbranilərə 5:14). Belə insanlar başqalarının «rəğbətini» qazanmaq üçün öz prinsiplərini tapdalamırlar.
Əslində, söyüş beyni ədəbsiz fikirlərlə çirkləndirməkdən başqa heç nəyə yaramır. Onsuz da, dünya belə şeylərlə çirklənib. «Sən də çirkləndirmə... Ünsiyyət dairəni təmiz tutmaq üçün öhdənə düşəni et. Həm özünü yaxşı hiss edəcəksən, həm də digər insanlar sənin yanında özlərini daha yaxşı hiss edəcəklər» — deyə bir kitabda qeyd edilir («Cuss Control»).