GƏNCLƏRİN SUALLARI
Həmyaşıdlarımın cinsi əlaqəyə girmək təhrikinə necə uymayım?
«Məktəbdə oxuyanda kimsə cinsi əlaqədə olduğunu deyəndə hamı elə düşünürdü ki, onlar da geri qalmamalı və eyni şeyi etməlidir. Axı heç kəs əcaib insan kimi tanınmaq istəmir» (Eleyn, 21 yaş).
Başqaları səni cinsi əlaqəyə girməyə təhrik etdiyi üçün səndə bu təhriklərə uymaq istəyi olub?
Sevdiyin biri səni cinsi əlaqəyə girməyə təhrik etdiyi üçün səndə bu təhriklərə uymaq istəyi olub?
Əgər belədirsə, bu məqalə sənə başqalarının təhrikinə, yaxud öz istəyinə uymamağa və düzgün qərar verməyə kömək edəcək.
Yalan və həqiqət
YALAN. Hamı cinsi əlaqədə olur (məndən başqa).
HƏQİQƏT. Bir araşdırmaya əsasən, 18 yaşlı gənclərin üçdə ikisi artıq cinsi əlaqədə olduğunu iddia edir. Bu o deməkdir ki, xeyli sayda insan, yəni 30 faizdən çoxu cinsi əlaqədə olmayıb. Deməli, heç də «hamı» cinsi əlaqədə olmur.
YALAN. Cinsi əlaqə münasibətlərinizi möhkəmləndirəcək.
HƏQİQƏT. Qızı cinsi əlaqəyə dilə tutmaq üçün bəzi oğlanlar bunu deyir, lakin faktlar əksini göstərir. Əksər oğlanlar istədiklərinə nail olduqdan sonra qızla münasibətlərini kəsir. Qızları isə bu cür münasibət şoka salır, çünki onlar sevildiklərini, yaxud ən azı oğlanların onlara bağlı olduqlarını düşünürlər a.
YALAN. Müqəddəs Kitabda cinsi əlaqə pislənir.
HƏQİQƏT. Əksinə, Müqəddəs Kitabda cinsi əlaqə barədə müsbət danışılır, lakin qeyd olunur ki, bu yalnız nikah daxilində, yəni ər-arvad arasında olmalıdır (Yaradılış 1:28; 1 Korinflilərə 7:3).
YALAN. Müqəddəs Kitabın əxlaq normaları ilə yaşasam, bədbəxt olacağam.
HƏQİQƏT. Toya qədər gözləsən, daha xoşbəxt olacaqsan, çünki səndə nikahdan əvvəl cinsi əlaqənin çox vaxt gətirdiyi narahatçılıq, peşmançılıq və dəyərsizlik hissi olmayacaq.
Nəticə. Toya qədər gözləmək hələ heç kəsin həyatını məhv etməyib. Lakin nikahdan qabaq cinsi əlaqə barədə bunu demək olmaz.
Cinsi əlaqəyə girmək təzyiqinə necə uymamaq olar?
Əxlaq dəyərlərinə əminliyini möhkəmləndir. Müqəddəs Kitabda deyilir ki, yetkin insanlar «ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14). Belələri möhkəm əqidəli insanlardır, buna görə təzyiqə uymağa daha az meyillidirlər.
«Düzgün davranmaq və yaxşı ad qazanmaq üçün üzərimdə çox işləyirəm və çalışıram ki, adımı bədnam edəcək vəziyyətlərdən uzaq durum» (Alisiya, 16 yaş).
Düşün. Necə ada sahib olmaq istəyirsən? Kimisə razı salmaq xatirinə qazandığın adı qurban verməyə dəyər?
Nəticələri gözə al. Müqəddəs Kitabda deyilir: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7). Nəticələri gözünün qabağına gətir və cinsi əlaqəyə girmək təhrikinə uyduğun təqdirdə sənin və o biri insanın həyatının necə dəyişəcəyini təsəvvür et b.
«Arzuolunmaz hamiləlik və cinsi yolla ötürülən xəstəliklərə yoluxmaq təhlükəsi ilə yanaşı, nikahdan əvvəl cinsi əlaqədə olan insan çox vaxt bundan sonra peşmançılıq çəkir, özünü günahkar və hətta sevilmədiyini hiss edir» (Sienna, 16 yaş).
Düşün. Bir kitabda belə bir sual verilir: «Əgər dostların səni həyatını alt-üst edəcək şeyləri etməyə təhrik edirsə, düşün: onlarla vaxt keçirməyə və həyatı vacib məsələlərlə əlaqədar fikirlərinə qulaq asmağa dəyər?» («Sex Smart» kitabı).
Tarazlı baxışa sahib ol. Cinsi əlaqə özü-özlüyündə pis deyil. Müqəddəs Kitabda deyilir ki, evli insanlar ailə həyatının bu yönündən həzz almalıdır (Məsəllər 5:18, 19).
«Cinsi əlaqə Yehovanın yaratdığı gözəl şeylərdən biridir. Allah istəyir ki, biz ondan həzz alaq, lakin Onun bunun üçün nəzərdə tutduğu quruluş daxilində, yəni nikahda» (Ceremi, 17 yaş).
Düşün. Ailə quranda yoldaşınla cinsi əlaqədə olacaqsan və yuxarıda sadalanan pis nəticələr olmadan ondan tam həzz ala biləcəksən.