Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Vəftiz olmaq vacibdir? Hissə 3. Niyə vəftiz olunmuram?

Vəftiz olmaq vacibdir? Hissə 3. Niyə vəftiz olunmuram?

 Özünü Yehovaya həsr edib vəftiz olunmaq haqda fikirləşəndə səni həyəcan basır? Onda bu məqalə sənin üçündür.

Bu məqalədə

 Vəftizdən sonra ciddi günah etməkdən qorxuram

 Niyə belə qorxu ola bilər? Ola bilsin, sən ciddi günah edən və yığıncaqdan kənar edilən birini tanıyırsan (1 Korinflilərə 5:11—13). İndi narahatsan ki, bu səninlə də baş verə bilər.

 «Təzə-təzə vəftiz haqqında düşünəndə ciddi günah edəcəyimdən qorxurdum. Fikirləşirdim ki, valideynlərim bu dərdə dözməz» (Rebekka).

 Əsas ayə: «Qoy pis adam pis yolunu... atsın. Qoy Yehovaya tərəf dönsün, ona mərhəmət göstərər. Allahımıza tərəf qayıtsın, onu comərdliklə əfv edər» (Əşiya 55:7).

 Düşün: tövbə etməyən günahkarlar yığıncaqdan kənar edilsə də, mərhəmətli Allahımız Yehova səmimi-qəlbdən tövbə edənləri və səhvini başa düşüb düzələnləri bağışlayır (Zəbur 103:13, 14; 2 Korinflilərə 7:11).

 Bundan əlavə, qeyri-kamil olsan da, Allahın köməyilə Onun sevmədiyi əməllərdən uzaq dura bilərsən (1 Korinflilərə 10:13). Necə davranacağına kim qərar verir? Sən, yoxsa başqa kimsə?

 «Vəftizdən sonra ciddi səhv edəcəyimdən qorxurdum. Amma sonra dərk etdim ki, vəftiz olunmamağın özü bir səhvdir və mən yol verməli deyiləm ki, gələcək haqda narahatçılıq məni bu gün düz qərar verməkdən saxlasın» (Karen).

 Nəticə. Əgər qərarın qətidirsə, Yehovanın əksər xidmətçiləri kimi, sən də ciddi günahdan uzaq duracaqsan (Filippililərə 2:12).

 Kömək lazımdır? «Təhriklərə necə müqavimət göstərə bilərəm?» adlı məqaləyə bax.

 Vəftizdən sonrakı məsuliyyətdən qorxuram

 Niyə belə qorxu ola bilər? Ola bilsin, tanışlarının arasında Yehovaya xidmətlərini genişləndirmək üçün ailələrindən və dostlarından uzağa köçənlər var və sən narahatsan ki, səndən də eyni şey gözləniləcək.

 «Vəftiz olunmuş məsihinin qarşısında böyük imkanlar açılır. Amma bəziləri buna hazır deyil, yaxud şəraitləri həmin imkanlardan istifadə etməyə yol vermir» (Mari).

 Əsas ayə: «Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (Qalatiyalılara 6:4).

 Düşün: özünü başqaları ilə müqayisə etməkdənsə, Mark 12:30 ayəsi üzərində düşün: «Yehovanı bütün qəlbinlə... sev».

 Fikir ver ki, Yehovaya öz qəlbinlə xidmət etməlisən, başqasının qəlbi ilə yox. Əgər Yehovanı həqiqətən sevirsənsə, xidmətdə əlindən gələni edəcəksən.

 «Vəftiz ciddi addım olsa da, ağır yük deyil. Özünü yaxşı dostlarla əhatə etsən, onlar hər an sənə kömək edəcək. Xidmətdə üzərinə yeni məsuliyyətlər götürdükcə sevincin də artacaq. Vəftizi təxirə salmaq sənə xeyir gətirməyəcək» (Yuliya).

 Nəticə. Yehovanın sənə göstərdiyi məhəbbəti qiymətləndirməyi öyrən. Onda sən Onun üçün əlindən gələni edəcəksən (1 Yəhya 4:19).

 Kömək lazımdır? «Mən məsuliyyətli insanam?» adlı məqaləyə bax.

 Özümü Yehovaya xidmətə layiq hiss etmirəm

 Niyə belə hiss ola bilər? Yehova Kainatın Ali Hökmdarıdır. Onunla müqayisədə, insan heç kimdir! Ola bilsin, sən düşünürsən ki, Yehovanın sənin mövcudluğundan xəbəri belə yoxdur.

 «Valideynlərim Yehovanın Şahidləri olduğu üçün həmişə düşünürdüm ki, Yehova ilə dostluq mənə onlardan “irsən keçib” və Yehova məni Özünə şəxsən cəlb etməyib» (Natali).

 Əsas ayə: «Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz» (Yəhya 6:44).

 Düşün: vəftiz haqda düşünməyin göstərir ki, Yehova səni Onunla daha yaxından dostluq etməyə dəvət edir. Bu dəvəti qəbul etmək, səncə, ən düzgün seçim deyil?

 Unutma: Yehovanın kimləri Özünə cəlb edəcəyinə sən, yaxud başqası deyil, yalnız O qərar verir. Əmin ol ki, Onun Kəlamında deyildiyi kimi, Allaha yaxınlaşsan, O da sənə yaxınlaşacaq (Yaqub 4:8).

 «Yehova haqda bilməyin və Onun səni Özünə cəlb etməsi artıq sübut edir ki, O səni sevir. Belə isə, ürəyin sənə əksini deyəndə özünə xatırlat ki, Yehova bununla razı deyil. Yehova isə həmişə haqlıdır» (Selina).

 Nəticə. Əgər Müqəddəs Kitabdakı vəftiz üçün tələblərə cavab verirsənsə, Yehovaya xidmətə yararlısan. Ən vacibi odur ki, O sənin ibadətinə layiqdir (Vəhy 4:11).

 Kömək lazımdır? «Nə üçün dua etməliyəm?» adlı məqaləyə bax.