GƏNCLƏRİN SUALLARI
Sonraya saxlamaq vərdişimi necə tərgidə bilərəm?
Ev tapşırığını və ev işlərini gec qurtarmaqdan təngə gəlmisən? Onda sənə işləri sonraya saxlamaq vərdişini tərgitmək lazımdır. Bu məqalə sənə işləri sonraya saxlamamağa kömək edəcək, hətta
Məqaləni oxuduqdan sonra aşağıdakı testi cavablandır.
Müqəddəs Kitabda işləri sonraya saxlamağın acı nəticələri göstərilir. Orada deyilir: «Küləyə baxan toxum səpməz, buludlara baxan əkdiyini biçməz» (Vaiz 11:4).
Problemi ağırlaşdıran amillərə nəzər salaq və görək işləri sonraya saxlamamaq üçün sən nə edə bilərsən.
Gözündə iş dağ boyda görünəndə
Sözün düzü, bəzi işlər gözümüzü elə qorxudur ki, fikirləşirik, ən yaxşısı onu sonraya saxlamaqdır. Aşağıda bəzi faydalı təkliflər var.
Görəcəyin işi kiçik hissələrə böl. Melissa adlı bir qız deyir: «Hətta görəndə ki, hamısını çatdıra bilmirəm, çalışıram işlərimi bir-bir görüm».
Vaxt itirmədən başla. «İşə dərhal başla. Hətta bu o demək olsa da ki, tapşırılan işi gündəlik iş siyahısına salmalısan, yaxud unutmamaq üçün bununla bağlı bir-iki qeyd etməlisən» (Vera).
Kömək istə. Ola bilsin, valideynlərinin və ya müəllimlərinin də belə çətinliyi olub. Onların təcrübəsindən yararlanmaq heç də pis olmazdı. Onlar sənə işlərini nizama salmaqda və plan tərtib etməkdə kömək edə bilərlər.
Məsləhət. «Özün üçün qrafik qur. Düzdür, bunun üçün sən intizamlı və qrafikə riayət etməyə qəti qərarlı olmalısan, amma bu işə yarayır, çünki sən hər bir işi vaxtında görüb qurtarırsan» (Abbi).
Həvəsin olmayanda
Çox vaxt bizə darıxdırıcı gələn işləri can çəkə-çəkə görürük. Belə isə, iş sənə darıxdırıcı gələndə nə edə bilərsən? Aşağıda göstərilənlərə nəzər sal.
İşi tez bitirməyin faydasını düşün. Misal üçün, işin sonunda duyacağın sevinci təsəvvür et. «İşimi vaxtında və ya tez qurtarmaq və sonra oturub dincəlmək mənə ləzzət eləyir» (Emi).
Nəticəni özünə xatırlat. İşi təxirə salmaqla sən stressini artırır və uğur qazanmaq şansını sıfıra endirirsən. Müqəddəs Kitabda deyilir: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).
Fikrində son tarixi qabağa çək. Alisa adlı qız deyir: «İşi bir-iki gün tez qurtarmalı olduğum fikri mənə kömək edir. Sonra işi gözdən keçirirəm və ehtiyatda hələ bir-iki günüm də qalır».
Məsləhət. «İnsanın əhval-ruhiyyəsindən çox şey asılıdır. Özün özünə de ki, lazım olan hər şeyi edəcəksən və heç nə sənə mane olmayacaq. Mən bunu özümə deyəndə etməli olduğun şeyi edirəm» (Aleksis).
Onsuz da işin başından aşanda
Natan adlı bir oğlan gileylənir: «Mənə “işləri sonraya saxlayan” adı veriblər. Amma bu, haqsızlıqdır. Məni belə çağıranlar heç bilmir ki, başımı qaşımağa belə vaxtım yoxdur». Əgər sən də Natanın vəziyyətindəsənsə, onda aşağıdakı məsləhətlərə əməl et.
Asan işləri əvvələ sal. «Kimsə mənə demişdi ki, beş dəqiqədən az vaxt aparan işləri dərhal görmək lazımdır, — Amber adlı qız deyir. — Bu, yığışdırmaq, paltarları səliqə ilə asmaq, qabları yumaq, kiməsə zəng etmək kimi işlərdir».
Görəcəyin işləri vacibliyinə görə sırala. Müqəddəs Kitabda deyilir: «Daha vacib şeyləri ayırd [edin]» (Filipililərə 1:10). Bu məsləhəti gündəlik həyatında necə tətbiq edə bilərsən? Anna adlı qız deyir: «Görəcəyim işlərin siyahısını tuturam və onları nə vaxt bitirməli olduğumu qeyd edirəm. Ən əsası isə, hər işin qarşısında başlayacağım və qurtaracağım vaxtı yazıram».
Fikirləşirsən ki, bütün bu qrafiklər, siyahılar sənin əl-qolunu bağlayır? Nəticə çıxarmağa tələsmə! Əslində, görməli olduğun işlərin siyahısını tutanda sən vaxtın yox, vaxt sənin qulun olur. Bu isə stressi azaldır. «İşlərimi planlı şəkildə görəndə özümü rahat hiss edirəm və onlar tökülüb qalmır» (Kelli).
Yayındırıcı şeyləri aradan qaldır. «Vacib bir işə başlayanda bunu evdəkilərin hamısına qabaqcadan bildirirəm, — Cenifer deyir. — Onlardan nəzakətlə xahiş edirəm ki, mənim nəyisə etməyimi istəyirlərsə, bunu mənə öz işimə başlamazdan qabaq desinlər. Mən həmçinin mobil telefonumu və elektron ünvanıma gələn məktubların bildiriş siqnalını söndürürəm».
Məsləhət. «İşə başladınsa, onu sona çatdır. Əgər işin çiynində ağır yük olmasını istəmirsənsə, qollarını çirmələyib dərhal işə giriş. Onda günün qalan hissəsində rahat nəfəs ala biləcəksən» (Cordan).