22 APREL 2020
BİRLƏŞMİŞ ŞTATLAR
85 ildən sonra yenidən həsr olunmuş ibadət evi
1935-ci ildə Havay, Qonolulu, Pensakola küçəsi, 1228 ünvanında yerləşən ibadət evinin tikintisi başlamışdı. Gözətçi Qülləsi Cəmiyyətinin o vaxtkı prezidenti Cozef Ruterford da orada idi. Bu kiçik bina Yehovanın Şahidlərinin «Padşahlıq Zalı» kimi tanınan ilk ibadət evi olub. Allahın saysız-hesabsız xidmətçiləri burada ibadətdə ilk addımlarını atıb. O vaxtdan 85 il ötsə də, Pensakola küçəsindəki bu ibadət evində dörd yığıncaq beş dildə, o cümlədən Havay picin a dilində görüşlərini keçirir.
COVID-19 pandemiyasından əvvəl qardaşlarımız yerli sakinləri, dövlət məmurlarını və müəllimləri açıq qapı günlərinə dəvət etmişdilər. Tədbir 2020-ci ilin fevral ayının 11-dən 15-dək, tarixi binanın əsaslı yenidənqurma işləri bitdikdən sonra baş tutmuşdu. Qonaqlar üçün binaya ekskursiya təşkil olunmuş, onlar tarixi eksponatlarla tanış olmuş və Yehovanın təşkilatında gedən işlər barədə qardaşların nitqlərinə qulaq asmışlar. Tədbirin ən mühüm bəndi Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Deyvid Spleynin ibadət evinin həsr edilməsi ilə əlaqədar fevralın 16-da söylədiyi nitqi oldu.
Hazırlıq işlərində kömək edən bir bacı deyib: «Açıq qapı günləri təbliğ işimizlə bağlı olmasa da, biz bilirik ki, çoxları üçün bu, gözəl şahidlik oldu, çünki, ola bilsin, onlar Yehovanın Şahidləri barədə başqa cür eşitməyəcəkdi».
Bu tədbir Havay adalarında yaşayan bacı-qardaşlarımıza bir daha zəngin ruhani mirasları barədə xatırlatdı. Onlar «dənizdəki adalarda İsrailin Allahı Yehovanın adını ucaldacaqlar» sözlərinin yerinə yetdiyini öz gözləri ilə gördü (Əşiya 24:15).
a COVID-19 pandemiyası müddətində ABŞ-da bütün yığıncaq görüşləri ibadət evlərində deyil, müvəqqəti olaraq videokonfrans vasitəsilə keçirilir.