Kontentə keç

24 SENTYABR 2014
ERİTREYA

İyirmiillik məhbus həyatı — Eritreyadakı haqsızlığın sonu olacaqmı?

İyirmiillik məhbus həyatı — Eritreyadakı haqsızlığın sonu olacaqmı?

İyirmi il əvvəl Eritreya hökuməti üç gənci həbs etdi və onları indiyə qədər Sava həbs düşərgəsində ağır şəraitdə saxlayır. Onlara qarşı nə rəsmi ittiham irəli sürülüb, nə də ki onlara özlərini məhkəmədə müdafiə etmək imkanı verilib.

Paulos Eyasu, Negede Teklemariam və İsaak Moqos Yehovanın Şahidləridir. Onlar möhkəm dini əqidələrinə görə həbs olunmuşdular. Hal-hazırda Paulosun 41, Negedenin 40, İsaakın isə 38 yaşı var. Onlar gənclik illərini həbsdə keçiriblər. Bu adamlar arvad-uşaq sahibi olmaq, yaşlı valideynlərinin qeydinə qalmaq, istədikləri kimi yaşamaq, eləcə də iman bacı-qardaşları ilə birlikdə ibadət etmək imkanından məhrum edilib.

17 sentyabr 1994-cü il tarixində həbs olunan Paulos, Negede və İsaak Sava həbs düşərgəsinin nəzarətçiləri tərəfindən amansız rəftara, hətta işgəncələrə məruz qalmışdılar. Lakin son illər onlara edilən zülmlər səngiyib, dini etiqadlarına bağlı qalmaları sayəsində həbsxana gözətçilərinin hörmətini qazanıblar.

Ağır şəraitdə saxlanılan digər Yehovanın Şahidləri

Yehovanın Şahidlərinin ən amansız təqiblərə məruz qaldığı ölkə Eritreyadır. Qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla, hal-hazırda 73 Yehovanın Şahidi həbsdə saxlanılır. Onların çoxu sərt səhra şəraitində yarıac-yarıtox yaşayır, susuzluqdan əziyyət çəkir, həbsxana işçilərinin amansız rəftarı ilə üzləşir. Paulos, Negede və İsaak Eritreyada ən çox həbsdə olan Şahidlərdir. Digər üç Yehovanın Şahidi isə on ildən çoxdur ki, Sava düşərgəsində həbsdədir.

Beynəlxalq ictimaiyyət Eritreya hökumətini dini təqiblərə son qoymağa çağırır

Beynəlxalq ictimaiyyətin Eritreyanın Yehovanın Şahidləri və digər dini azlıqlarla amansız rəftarından xəbəri var.

  • 2004-cü ildən etibarən ABŞ Dövlət Departamenti hər il Eritreyanı «sistematik, davamlı və aşkar şəkildə din azadlığı hüququnu pozan, yaxud pozanlara göz yuman» və «xüsusi narahatçılıq doğuran ölkələrin» siyahısına daxil edir.

  • BMT-nin İnsan Hüquqları Şurası «Eritreya hakimiyyət orqanlarının öz xalqının və vətəndaşlarının hüquqlarını kobud şəkildə pozması» ilə əlaqədar narahatçılığını bildirib. Şura Eritreya hökumətini «hər kəsin... fikir, vicdan, din və etiqad azadlığı hüququna hörmət etməyə» çağırır.

  • ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının 2014-cü il üzrə illik hesabatında deyilir: «Din azadlığı sahəsindəki ağır vəziyyət xüsusilə... Yehovanın Şahidlərinə təsir edir».

  • «Human Rights Watch» təşkilatının dünya üzrə 2013-cü il tarixli hesabatında deyilir ki, Eritreya hökuməti «tanınmamış» dinlərin üzvlərini həbs etməyə, onlara işgəncə verməyə davam edir və «bundan ən çox əziyyət çəkənlər Yehovanın Şahidləridir».

  • İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyası 2005-ci ilin dekabrında «Eritreyada İnsan Hüquqlarının Vəziyyəti ilə bağlı Qətnamə» qəbul edib. Qətnamədə Eritreya hökuməti «ədalətli məhkəmə araşdırması, fikir və fikri ifadə etmək azadlığı, dinc toplaşmaq azadlığı hüquqlarına həmişə zəmanət verməyə» çağırılır.

Yehovanın Şahidlərinin baş hüquq məsləhətçisi Filip Bramli bütün Yehovanın Şahidlərinin adından demişdi: «Ümid edirik ki, Eritreya hökuməti, 20 ildir həbsdə olan üç nəfər də daxil olmaqla, bütün Yehovanın Şahidlərini azadlığa buraxacaq və iman bacı-qardaşlarımızın üzləşdiyi təqiblərə son qoyacaq».