19 İYUL 2019
İSPANİYA
Tarixi hadisə: ispan dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri işıq üzü görüb
19 iyul 2019-cu il tarixində, İspaniyanın Madrid şəhərində baş tutmuş «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantının ilk günündə həsrətlə gözlənilən ispanca Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrinin buraxılışı elan olundu. İndi bu tərcüməni jw.org® saytında oxumaq və yükləmək olar. Bütün dünyada ispan dilində danışan Yehovanın Şahidlərinin sayı 2,5 milyondan çoxdur — bu, Yehovanın Şahidləri arasında ən böyük dil qrupudur a.
Elanı Rəhbərlik Şurasının üzvü Qerit Löş səsləndirib. Onun nitqinin videoyazısı Madriddə beynəlxalq toplantının keçirildiyi «Vanda Metropolitano» stadionunda göstərilib. Nitq bütün İspaniyada toplantının keçirildiyi digər 11 məkana eyni vaxtda yayımlanıb və qısa müddət sonra bizim JW Broadcasting® kanalında yerləşdirilib.
Madriddəki stadionda toplaşanların jw.org saytından Müqəddəs Kitabı müxtəlif formatlarda (EPUB, JWPUB, PDF) yükləmələri üçün xüsusi tədbir görülmüşdü. Proqramın yayımlandığı digər 11 məkanda toplaşanlar isə elektron cihazları vasitəsilə JW Box-a — Yehovanın Şahidlərinin təşkil etdiyi Wi-Fi şəbəkəsinə qoşulmaqla Müqəddəs Kitabı yükləyiblər. Yeni Müqəddəs Kitabı yükləməkdə müxtəlif məkanlarda 1200-dən çox könüllü kömək edib.
Müqəddəs Kitabın ispan dilinə tərcümə işinin özünəməxsus çətinlikləri olub. Belə ki, ispan dilində danışan Yehovanın Şahidləri dünyanın müxtəlif bölgələrində yaşayır. İspaniyanın filial komitəsinin üzvü Pedro Gil izah edir: «Bütün dünyada ispan dilində danışanların sayı 577 milyondur. Eyni söz və ya ifadə müxtəlif ölkələrdə müxtəlif cür başa düşülür. Bundan əlavə, son onilliklər ərzində ispan dili xeyli dəyişib».
Tərcümənin dəqiq və aydın olması üçün tərcümə qrupu dünyanın müxtəlif ölkələrində yaşayan 100-ə yaxın bacı-qardaşla məsləhətləşib. Layihə təxminən dörd il yarım çəkib.
Gil qardaş deyir: «İspanca yeni Müqəddəs Kitab müasir və hamının başa düşdüyü dildədir. Təbliğçilər ondan xidmətdə və yığıncaqlarda asan istifadə edə biləcəklər. Biz çox şadıq ki, yenidən baxılmış bu tərcümə sayəsində ispan dilində danışan bacı-qardaşlarımız Yehovaya daha yaxın olacaqlar».
Adını ucaldan bu yeni tərcüməyə görə Yehovaya minnətdarıq. Şübhə yoxdur ki, bu nəşr Yehovanın Şahidlərinə xoş xəbəri «yerin ucqarlarınadək» təbliği davam etdirməyə kömək edəcək (Həvarilərin işləri 1:8).
a Hələ heç vaxt buraxılış günü Müqəddəs Kitabın çap formatına ehtiyac bu qədər böyük olmayıb, buna görə iştirakçılar Müqəddəs Kitabı yalnız elektron formatda alıb. Bütün dünyadakı ispandilli yığıncaqlar tezliklə Müqəddəs Kitabın çap formatını da alacaqlar. JW Library® tətbiqetməsində kitabı bazar ertəsi, 22 iyul 2019-cu il tarixindən istifadə etmək olar.