Venesueladakı bacı-qardaşlar çətin vaxtda Yehovaya xidməti dayandırmırlar
Son illərdə Venesuela görünməmiş iqtisadi və sosial böhranla üzləşib. Edqar adlı Yehovanın Şahidi deyir: «Cəmi bir neçə il ərzində həyat səviyyəsi çox aşağı düşdü. Bizdə elə təəssürat yarandı ki, sanki evdən çıxmadan başqa ölkəyə köçmüşük».
Edqara yeni vəziyyətə uyğunlaşmağa nə kömək etdi? O deyir: «Həyat yoldaşım Karmen və mən öyrəşdikləri şəraiti qoyub kasıb ölkələrə köçmüş xüsusi təyinatlı müjdəçilərin nümunəsi üzərində düşündük. Onlardan nümunə götürərək biz də həyatımızı sadələşdirdik və özümüz üçün meyvə-tərəvəz yetişdirməyə başladıq».
Amma Edqar və Karmen bununla kifayətlənmədilər. Onlar dindaşlarına, xüsusilə də depressiyada olanlara dəstək olurlar (1 Salonikililərə 5:11). Edqar deyir: «Biz onlara təsəlli verir, həm də darda olanlara kömək etməyə təşviq edirik, çünki bilirik ki, bu, insana sevinc verir» (Həvarilərin işləri 20:35).
Xidmət bəhrə gətirir
COVID-19 pandemiyası təzə-təzə başlayanda Arhenis qohumlarına təbliğ etmək qərarına gəldi. Onlardan bəziləri Müqəddəs Kitabı telefon vasitəsilə öyrənməyə razılaşdı.
Arhenis həmçinin istəyirdi ki, interneti olmayan qohumları 2020-ci ilin regional toplantısına baxa bilsinlər. Qonşu şəhərdə yaşayan bir qardaş onlara proqramın yazısını verdi. Arhenisin qohumları icarəyə böyük televizor və səsgücləndiricilər götürdülər. Proqrama baxmağa başlamazdan əvvəl Arhenis qohumlarına zəng edib onlarla birgə dua etdi. Nəticədə, toplantı proqramına Arhenisin 4 qohumu və başqa 15 adam baxdı.
İman və əsl qardaşlıq məhəbbəti
Xayro və Yohana adlı ər-arvad yığıncaqlarında maşını olan yeganə məsihilərdir. Onlar maşınlarından başqalarına kömək etmək üçün istifadə edir. Üzləşdikləri çətinliklərdən biri odur ki, ölkədə benzin qıtlığı var. Xayro deyir: «Maşına benzin vurmaq üçün biz saatlarla, hətta bəzən bütün gecəni növbədə durmalı oluruq».
Amma Xayronun sözlərinə görə, başqalarına kömək etmək üçün buna dözməyə dəyər. O əlavə edir: «Humanitar yardımı çatdıranda bacı-qardaşların Öz xalqını ehtiyac duyduğu hər şeylə təmin edən Yehovaya minnətdarlıq bildirdiklərini eşitmək ürəyimizi sevindirir» (2 Korinflilərə 9:11, 14).
Hər kəs kömək edə bilər
Otuza yaxın yaşı olsa da, Noriani adlı bir bacı fikirləşirdi ki, başqaları onun gənc olduğunu düşünərək köməyini qəbul etməyəcək. Amma sonra o, 1 Timutiyə 4:12 ayəsini oxudu. Orada deyilir: «Qoy gənc olduğuna görə heç kəs sənə saymazyana yanaşmasın... Sadiqlərə nümunə ol».
Bu ayə onu yığıncağındakı yaşlı dindaşlarına təbliğdə kömək etməyə təşviq etdi. O, dindaşları ilə birgə məktub yazır və onları keçirdiyi Müqəddəs Kitab dərslərinə dəvət edir. Həmçinin Noriani hal-əhval tutmaq üçün onlara zəng edir və ruhlandırıcı mesajlar yazır. Bacı deyir: «Yehova mənə göstərdi ki, əslində mən çox şey edə bilərəm».
Venesueladakı bacı-qardaşlarımızın həyatı həqiqətən də çox çətindir. Bununla belə, onlar canla-başla xidmət edir və bir-birilərinə dayaq olurlar (Koloslulara 4:11; 2 Timutiyə 4:2).