Yehovanın Şahidlərinin filialları birləşdirilir
2012-ci il sentyabr ayına qədər artıq Yehovanın Şahidlərinin 20 filialı digər böyük filiallara birləşdirilib.
Bundan əlavə, Serbiya və Makedoniyada yeni filiallar açılıb. Bu dəyişikliklər iki əsas səbəbə görə baş verir.
1. Texnologiya işi asanlaşdırır
Son illərdə kommunikasiya və çap texnologiyasında inkişaf bəzi filiallarda insan əməyinə olan zərurətin azalmasına səbəb olub. İri filiallarda könüllü işçilərin azalması əvvəllər digər ölkələrdə kiçik filiallarda işləyən əməkdaşların qalıb işləyə bilməsi üçün otaq və evlərin boşalmasına səbəb olub.
İndi birləşdirilmiş filiallarda Müqəddəs Yazılar üzrə maarifləndirmə işinə xidmət edə biləcək daha çox təcrübəli Şahidlər var. Məsələn, Kosta-Rika, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Panamadakı təbliğ işi Meksika filialının nəzarəti altına keçib. Nəticədə bu altı ölkədəki filiallar bağlanılıb.
Bu altı filialdan 40 nəfər Meksika filialına təyin edilib. Təxminən 95 nəfər ölkələrində qalaraq tammüddətli təbliğ xidmətinə başlayıblar.
Digərləri isə Mərkəzi Amerikanın bu ölkələrində qalaraq Meksika filialının nəzdinə keçən tərcümə ofislərində xidmətlərini davam etdirirlər. Məsələn, Panamada 20-ə yaxın Yehovanın Şahidi Gözətçi Qülləsi Cəmiyyətinin nəşrlərini yerli tayfa dillərinə tərcüməsi işi ilə məşğul olur. Keçmiş Qvatemala filialından digər 16 nəfər ədəbiyyatları dörd yerli dilə tərcümə edir. Mərkəzi Amerikada aparılan bu dəyişikliklərin nəticəsində filial üzvlərinin sayı 300-dən 75-ə endirilmişdir.
2. Təbliğ işinə daha çox vaxt qalır
Filialların birləşdirilməsi sayəsində əvvəllər kiçik filiallarda çalışanlar təcrübəli təbliğçilər indi diqqəti əsasən Allahın Kəlamından xoş xəbərin təbliğinə yönəldə biləcəklər.
Afrikada yaşayan və əvvəllər belə filialların birində çalışan bir Yehovanın Şahidi öz məktubunda yazır: «İlk aylarda həyatımda baş verən dəyişikliklərə uyğunlaşmaq asan deyildi. Lakin hər gün təbliğ işində iştirak etmək mənə böyük sevinc və saysız-hesabsız xeyir-dualar gətirdi. Hal-hazırda mən 20 nəfərə Müqəddəs Yazıları öyrənməyə kömək edirəm və onlardan bəziləri artıq yığıncaqlara gəlir».