Kontentə keç

Məhəbbət bizi təbii fəlakət zamanı hərəkətə təşviq edir

Məhəbbət bizi təbii fəlakət zamanı hərəkətə təşviq edir

Həqiqi məsihçilərin səciyyəvi cəhəti olan məhəbbət çətin vaxtlarda Yehovanın Şahidlərini həmimanlılarına və başqa adamlara kömək etməyə təşviq edir (Yəhya 13:35).

Aşağıda 2011-ci ilin ortalarından başlayaraq 2012-ci ilin ortalarınadək Yehovanın Şahidlərinin etdiyi bəzi yardım işləri sadalanır. Təbii fəlakət zamanı Yehovanın Şahidlərinin bir qayda olaraq göstərdikləri ruhani və emosional dəstək siyahıya daxil edilməyib.

Yardım işlərinin böyük qismini filialların təyin etdiyi Təbii fəlakətdən zərər çəkənlərə yardım komitələri təşkil edir. Bu işdə onlara həmişə yerli yığıncaqlar kömək edir.

Yaponiya

Yaponiya. 11 mart 2011-ci il tarixində Yaponiyanın şimalında zəlzələnin yaratdığı sunami nəticəsində yüz minlərlə insan zərər çəkmişdi. Dünyanın hər yerindən olan Yehovanın Şahidləri fəlakətin nəticələrini aradan qaldırmaq üçün öz bacarıqlarını əsirgəməmiş, böyük səxavətlə maddi yardım göstərmiş və müxtəlif vəsaitlər ianə etmişlər.

Braziliya. Daşqın, torpaq sürüşməsi və palçıq axını nəticəsində yüzlərlə insan həyatını itirmişdi. Yehovanın Şahidləri ziyan dəyən əraziyə 42 ton xarab olmayan ərzaq məhsulları, 20000 butulka su, 10 ton geyim, 5 ton təmizlik vasitələri, eləcə də tibbi və digər ləvazimatlar göndərmişdilər.

Konqo (Brazzavil). Döyüş sursatı anbarında partlayış zamanı Yehovanın Şahidlərinə məxsus olan 4 ev dağılmış, 28-inə isə zərər dəymişdi. Zərərçəkənlər ərzaq və pal-paltarla təmin olunmuş və yerli Şahidlər evlərinin qapılarını onlara açmışdı.

Konqo (Kinşasa). Vəba xəstəliyinə yoluxanlar dərmanlarla təmin olunmuşdular. Leysan yağışları nəticəsində baş verən daşqından zərər çəkənlər üçün paltar ianə olunmuşdu. Qaçqın düşərgələrində məskunlaşanlara tibbi yardım göstərilmiş, əkin-səpin üçün toxum paylanılmış və tonlarla paltar verilmişdir.

Venesuela. Bu ölkədə güclü yağışlar nəticəsində daşqınlar və palçıq axınları baş vermişdi. Yardım komitələri zərər çəkən 288 Şahidə yardım etmiş və 500-dən çox yeni ev tikmişdi. Üstəlik, bu komitələr Valensiya gölünün su səviyyəsinin qalxmasından dolayı təhlükə altında olan evlərdə yaşayanlara yardım göstərir.

Filippin

Filippin. Tayfunlar ucbatından ölkənin bəzi yerlərində daşqınlar baş vermişdi. Filial zərərçəkənlərə ərzaq və paltar göndərmiş, su çəkiləndən sonra isə yerli Şahidlər ərazini təmizləməkdə kömək etmişdilər.

Kanada. Alberta əyalətində baş verən böyük meşə yanğınından sonra yerli Yehovanın Şahidləri Sleyv-Leyk yığıncağına külli miqdarda maddi vəsait göndərmişlər ki, ərazini təmizlənməsinə sərf olunsun. Pul artıq qaldığından yığıncaq məbləğin yarıdan çoxunu dünyanın digər yerlərində təbii fəlakətlərdən əziyyət çəkənlərin ehtiyacları üçün ianə etmişdi.

Kot-d’İvuar. Ölkədə gedən müharibə zamanı, ondan əvvəl və sonra ehtiyacı olanlara ərzaq və sığınacaq təqdim olunmuş, o cümlədən tibbi yardım göstərilmişdi.

Fici. Leysan yağışları nəticəsində baş verən güclü daşqın ucbatından Yehovanın Şahidi olan 192 ailə zərər çəkmişdi. Bu ailələrin əksəriyyəti fermalarını, qida və dolanışıq mənbələrini itirmişdi. Onlar ərzaqla təmin olundular.

Qana. Ölkənin şərqində baş vermiş daşqından zərər çəkənlər ərzaq, toxum və yaşayış yerləri ilə təmin olundular.

ABŞ. Tornado üç ştatda Yehovanın Şahidlərinə məxsus olan 66 evə zərər vurmuş, 12 evi isə yerlə yeksan etmişdi. Ev sahiblərinin əksəriyyətinin sığortası olsa da, fəlakətin nəticələrini aradan qaldırmaq üçün zərərçəkənlərə maddi yardım göstərilmişdi.

Argentina. Yehovanın Şahidlərinin yığıncaqları ölkənin cənub hissəsində vulkan külünün sovrulması ucbatından evlərinə zərər dəyənlərə kömək etmişlər.

Mozambik. Quraqlıqdan əziyyət çəkən 1000-dən çox insan ərzaqla təmin olunmuşdu.

Nigeriya. Ağır avtobus qəzasına düşən iyirmidən çox Şahidə maddi yardım göstərilmişdi. Ölkənin şimalında baş vermiş dini toqquşmalar ucbatından evlərini itirən bir çox insanlara da kömək edilmişdi.

Benin. Şiddətli daşqının qurbanlarına dərman preparatları, ağcaqanadlardan qorunmaq üçün torlar, içməli su və evlər təqdim olunmuşdu.

Dominikan Respublikası

Dominikan Respublikası. «İren» qasırğasından sonra yerli yığıncaqlar evləri təmir etməyə kömək etmiş və maddi yardım göstərmişdir.

Efiopiya. Quraqlığın ziyan vurduğu iki ərazidə və daşqının baş verdiyi bir bölgədə zərərçəkənlərin ehtiyaclarını təmin etmək üçün onlara maddi yardım göstərilmişdi.

Keniya. Quraqlıqdan ziyan çəkənlərə maddi yardım göstərilmişdi.

Malavi. «Dzaleka» qaçqın düşərgəsində yaşayanlara yardım göstərilmişdi.

Nepal. Torpaq sürüşməsi nəticəsində bir həmimanlımızın evinə ciddi ziyan dəymişdi. O, müvəqqəti sığınacaqla təmin olunmuş və yerli yığıncağın üzvləri ona kömək əlini uzatmışlar.

Papua-Yeni Qvineya. Yehovanın Şahidlərinə məxsus olan səkkiz ev qəsdən yandırılmışdı. Onları yenidən tikmək üçün tədbirlər görülüb.

Rumıniya. Bəzi Şahidlər daşqın nəticəsində evlərini itirmişdilər. Evləri yenidən tikmək üçün onlara yardım göstərilmişdi.

Mali. Bu ölkədə quraqlıq ucbatından az məhsul əldə edilib. Qonşu ölkə Seneqal qıtlıqdan əziyyət çəkənlərə maddi yardım göstərmişdi.

Syerra-Leone. Yehovanın Şahidləri arasından olan fransız həkimlər vaxtilə müharibənin tüğyan etdiyi ərazilərdə yaşayan həmimanlılarına tibbi yardım göstərmişlər.

Tailand. Dağıdıcı daşqınlar bəzi əyalətlərə ciddi ziyan vurmuşdu. Fəlakətin nəticələrini aradan qaldırmağa kömək edən dəstələr 100 yaşayış evini və 6 Padşahlıq zalını zir-zibildən təmizləmiş və yenidən bərpa etmişlər.

Çexiya Respublikası. Daşqın Çexiya Respublikasında bir neçə evə ziyan vurmuşdu. Qonşu Slovakiyada yaşayan Şahidlər həmimanlılarına kömək etmişlər.

Şri-Lanka. Sunaminin nəticələrini aradan qaldırmaq üzrə işlərin böyük qismi artıq tamamlanıb.

Sudan. Ölkədə gedən döyüşlər ucbatından evlərindən didərgin düşmüş insanlara ərzaq məhsulları, paltar, ayaqqabı və polietilen torbalar göndərilmişdi.

Tanzaniya. Şiddətli daşqın zamanı 14 ailə hər şeylərini itirmişdi. Həmin ərazidəki yığıncaqlar onlara paltar və ev ləvazimatları ianə etmişdi. Bir ev yenidən tikilmişdi.

Zimbabve. Quraqlıq ölkənin bir bölgəsində aclığa səbəb olmuşdu. Zərərçəkənlər qida və pul ilə təmin olunmuşdu.

Burundi. Tibbi yardım da daxil olmaqla, qaçqınlara indiyədək yardım göstərilir.