Kontentə keç

Yehovanın Şahidləri Lvov şəhəri yaxınlığındakı meşəni təmizləməyə kömək edir

Yehovanın Şahidləri Lvov şəhəri yaxınlığındakı meşəni təmizləməyə kömək edir

6 may 2017-ci il tarixində təxminən 130 Yehovanın Şahidi Lvov (Ukrayna) şəhərinin yaxınlığındakı Bryuxoviçi meşəsini təmizləməyə kömək etdi. 22—80 yaş aralığında olan könüllülər meşənin yaxınlığında yerləşən Yehovanın Şahidlərinin Ukrayna filialında yaşayır və işləyir. Onlar 50 hektarlıq ərazini səliqəyə saldı və cəmi üç saatın içində təxminən 600 kiloqram tullantı topladı.

Lvov Meşə Toxum Yetişdirmə Mərkəzinin aparıcı mühəndisi Mixayl Splavinskiyin sözlərinə əsasən, «Yehovanın Şahidləri meşənin illik təmizlənməsini dəstəkləyən ilk kəslərdir və onlar bu işi 2014-cü ildən bəri hər il görürlər».

Meşə nəyə görə təmizlənməlidir?

M. Splavinskiy açıqlama verir: «Meşədə tullantıların olmasının iki səbəbi var. Birincisi, bəzi insanlar arxalarınca zibilləri təmizləmirlər. İkincisi, tikinti tullantıları və başqa zibillər yük maşınları ilə meşəyə gətirilir və oraya boşaldılır».

Tullantı meşə üçün ciddi problemdir. M. Splavinskiy deyir: «Tullantılar uzun müddət ərzində çürüyür. Daha sonra bu yeraltı sulara keçir və ekoloji problemlərə gətirib çıxarır». Atılan şüşə günəş şüalarını böyüdə və intensivləşdirə bilər, bu isə meşə yanğınına səbəb ola bilər. Şüşə qırıqları və atılan şprislər çox təhlükəlidir, xüsusilə də balaca uşaqlar üçün. O əlavə edir: «Tullantılar təmizlənəndə bu problemlər aradan qalxır».

3300 hektarlıq meşəni təmizləmək çətindir. M. Splavinskiy sözlərinə davam edir: «Bizim yalnız beş dövlət meşə mühafizəçimiz var və belə böyük bir ərazini təmizləməyə qadir deyilik. Ona görə də ildə bir dəfə meşəni təmizləmək üçün insanlara müraciət edirik».

Toplamaq, seçmək və atmaq

Əlcəklər, plastik torbalar və dırmıqlarla təchiz edilmiş Yehovanın Şahidlərindən olan könüllülər butulkaları, avtomobil şinlərini, şüşələri, metalları, kağızları, plastikləri və istifadə olunmuş şprisləri topladı. Nəticə olaraq, həmin regionda meşə mühafizəçisi kimi işləyən İqor Fedak öz fikirlərini bölüşdü: «Yehovanın Şahidlərinin nəzarət etdiyi ərazi çox təmizdir».

Heç bir qanuni tələb olmasa da, könüllülər tullantıları geri çevrilmə üçün imkan olan kateqoriyalara — şüşə, kağız və plastik kateqoriyalarına ayırdı. Sonra bu tullantılar bir yerli tullantıların idarə edilməsi şirkəti tərəfindən emal olundu. 2016-cı ildən bəri Yehovanın Şahidləri topladıqları tullantıların emal olunması üçün könüllü ödəniş edir. İ. Fedak deyir: «Bizə kömək etdiklərinə görə Yehovanın Şahidlərinə minnətdaram. Onların köməyi əvəzolunmazdır».

«Təmizlik işi görmək ləyaqətimi alçaltmır»

Yehovanın Şahidlərinə illik meşə təmizliyində iştirak etmək xoşdur. Onlar cəmiyyətin xeyrinə və meşənin təmizliyinə kömək etməkdən sevinc duyurlar. Volker onlar haqda ümumi bir fikri ifadə edir: «Təmizlik işi görmək ləyaqətimi alçaltmır. Başqalarının xeyrinə nəsə etmək mənim üçün şərəfdir və bu mənə məmnunluq gətirir».

Anjelika əlavə edir: «Mənim üçün zibili kimin tökdüyü önəmli deyil, önəmli olan mənim onu təmizləməyimdir». 78 yaşlı Lois də kampaniyada iştirak etdi. O deyir: «Piyada yol gedərkən zibillərə görə dilxor olmaq yerinə, yaxşısı odur ki, onu yerdən götürüb zibil qutusuna atasan».

Vyeslav bölüşür: «Adətən, insanlar bizi səliqəli geyimli, qalstuk taxmış və imanımızı bölüşməyə hazır şəkildə görürlər. Amma meşəni təmizləmək və ya insanların xeyrinə başqa işlər görmək üçün də həmişə qollarımızı çırmalamağa hazırıq».