Yehovanın Şahidləri ailələri dağıdır, yoxsa birləşdirir?
Bizlər, yəni Yehovanın Şahidləri həm özümüzün, həm də başqa insanların ailə tellərinin möhkəmlənməsi üçün çalışırıq (Yaradılış 2:21—24; Efeslilərə 3:14, 15). Biz inanırıq ki, ailənin təməlini Allah qoyub. Allah Öz Kəlamı vasitəsilə dünyadakı bütün insanlara möhkəm və xoşbəxt ailəyə necə sahib olmağı öyrədir.
Yehovanın Şahidləri ailə tellərini necə möhkəmləndirirlər?
Biz bacardığımız qədər Müqəddəs Kitab məsləhətlərinə əməl etməyə çalışırıq və bu, bizə yaxşı ər, arvad və valideyn olmağa kömək edir (Məsəllər 31:10—31; Efeslilərə 5:22—6:4; 1 Timutiyə 5:8). Müqəddəs Kitabdakı müdrik məsləhətlər hətta dini cəhətdən bölünmüş ailələrə belə xoşbəxtliyə nail olmağa kömək edir (1 Butrus 3:1, 2). Gəlin özü Yehovanın Şahidi olmayan, amma həyat yoldaşı Yehovanın Şahidi olan bir insanın dediklərinə nəzər salaq:
«Evliliyimizin ilk altı ili dava-dalaş içində, peşmançılıqla keçdi. Sonra arvadım İvet Yehovanın Şahidi oldu. O, çox mehriban və səbirli insan oldu. Onun belə dəyişməsinin sayəsində ailəmiz dağılmadı» (Klayver, Barzilya).
«Ərim Çansa Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda qarşı çıxdım. Çünki onların ailələri dağıtdığını fikirləşirdim. Ancaq gördüm ki, Müqəddəs Kitab, həqiqətən də, bizim ailəmizə kömək etdi» (Aqnes, Zambiya).
Xidmətimiz zamanı biz insanlara Müqəddəs Kitabın hikmətli məsləhətlərinin onlara aşağıda sadalanan sahələrdə kömək edə biləcəyini göstəririk.
Yeni dini qəbul etmək ailələrdə söz-söhbətə səbəb olur?
Bəli, bəzən olur. Misal üçün, 1998-ci ildə araşdırma aparan «Sofres» şirkətinin hesabatında göstərilir ki, tərəflərdən biri Yehovanın Şahidi olan 20 ailədən yalnız 1-də yeni dini qəbul edərkən ciddi problemlər olub.
İsa peyğəmbər qabaqcadan demişdi ki, onun təlimlərinə əməl edən davamçıları ilə ailə üzvləri arasında problem olacaq (Mətta 10:32—36). Tarixçi Uill Dürant qeyd edir ki, Roma imperiyası dövründə «məsihilik ev yıxmaqda ittiham olunurdu a», bu gün də Yehovanın Şahidlərinin bəziləri eyni ittihamla üzləşirlər. Amma bu o deməkdirmi ki, ailədəki ixtilaflara səbəb Yehovanın Şahidləridir?
Yehovanın Şahidlərinin ailə dağıtmaqda ittiham olunarkən Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələ ilə bağlı qeyd etdi ki, «ailədə münaqişələrin yaranmasına səbəb ailə üzvünün əqidəsinə şərik olmayan və ya onun öz dininə etiqad etmək hüququna hörmət göstərməyən, yaxud onun bu hüquqa malik olduğunu qəbul etmək istəməyən qohumların törətdiyi müqavimətlərdir». Məhkəmə əlavə etmişdi: «Bu vəziyyət dini cəhətdən bölünmüş ailələrin hamısında var və Yehovanın Şahidləri istisna deyillər» b. Hətta onlar dini dözümsüzlüklə qarşılaşdıqları hallarda belə Müqəddəs Kitabın: «Heç kimə pislik əvəzinə pislik etməyin... İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» məsləhətinə əməl etməyə çalışırlar (Romalılara 12:17, 18).
Nəyə görə Yehovanın Şahidləri fikirləşirlər ki, yalnız öz həmimanlıları ilə ailə qurmalıdırlar?
Şahidlər Müqəddəs Kitabın «Ağanın yolunda olan» insanla ailə qurmaq göstərişinə riayət edirlər (1 Korinflilərə 7:39). Bu, Müqəddəs Kitab əmri olmaqla yanaşı, həm də zamanın sınağından çıxmış məsləhətdir. Misal üçün, «Nikah və ailə jurnalı»nın 2010-cu ildə çıxan məqaləsində deyilir ki, «ər-arvadların eyni dinə mənsub olmaları, eyni dini ayinləri icra etmələri, eyni inanclara sahib olmaları» aralarındakı münasibətləri daha da yaxşılaşdırır c.
Ancaq Yehovanın Şahidləri dindaşlarını başqa dinə mənsub olan həyat yoldaşlarından ayrılmağa təşviq etmir. Müqəddəs Kitabda deyilir ki: «Bir qardaşın iman etməyən arvadı var və arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın. Bir arvadın iman etməyən əri varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın» (1 Korinflilərə 7:12, 13). Yehovanın Şahidləri bu əmrə tabe olurlar.