Kontentə keç

Yehovanın Şahidləri xidmətlərini yerinə yetirmək üçün hansı təlimi alırlar?

Yehovanın Şahidləri xidmətlərini yerinə yetirmək üçün hansı təlimi alırlar?

 Yehovanın Şahidləri bir məsihi kimi həyatlarının bütün sahələrində, o cümlədən təbliğ işində təlim alırlar. İsa Məsih Allahın Padşahlığı haqda xoş xəbərin təbliği və şagird hazırlamaq işini bütün məsihilərə tapşırmışdı (Mətta 24:14; 28:19, 20). Bu təlim həftəlik görüşlərimizdə və hər il keçirilən toplantılarda verilir. Yığıncaqda və ya təşkilatda məsul mövqeyə sahib olanlar isə xüsusi Müqəddəs Kitab məktəblərində əlavə təlim alırlar.

Bu məqalədə

 Yehovanın Şahidlərinin aldığı təlim nədən ibarətdir?

 İbadət görüşləri. Hər həftə ibadət evlərimizdə iki görüş keçirilir: biri, adətən, həftəarası, biri isə həftəsonu. Qapılarımız hamıya açıqdır, pul yığılmır.

  •   Həftəarası görüş. Biz qiraət, söhbət aparmaq bacarığı, natiqlik qabiliyyəti, təbliğ və tədris işi ilə bağlı təlim alırıq. Təlim vəsaitləri kimi nitqlərin, müzakirələrin, səhnəciklərin və video təqdimatların adını çəkmək olar. Bu cür təlim sayəsində biz Müqəddəs Kitabdakı xəbəri insanlara daha səmərəli şəkildə çatdırır, maraqlananlarla Müqəddəs Kitab dərsləri keçiririk. Bu cür təlim ibadət görüşlərinə qatılan hər kəsə böyük fayda gətirir. Ən əsası isə, görüşlərimiz Allaha imanımızı və məhəbbətimizi, eləcə də dindaşlarımıza sevgimizi daha da möhkəm edir.

  •   Həftəsonu görüş. İki hissədən ibarət olan bu görüş Müqəddəs Kitaba əsaslanan və geniş kütlə üçün nəzərdə tutulan nitqlə başlayır. Görüşün ikinci hissəsində «Gözətçi Qülləsi» jurnalından bir məqalə sual-cavab şəklində araşdırılır a. Məqalədə Müqəddəs Kitabdan müxtəlif mövzular və prinsiplər nəzərdən keçirilir. Onların bizə həm xidmətdə, həm də həyatda köməyi dəyir.

 Toplantılar. Hər il biz üç böyük görüş keçiririk. Bu görüşlərdə bir neçə yığıncaq bir yerdə iştirak edir. Bu tədbirlər Müqəddəs Kitabdan götürülmüş hər hansı bir mövzuya əsaslanır. Proqramda nitqlər, səhnəciklər, müsahibələr və videolar yer alır. Əlbəttə ki, bu cür toplantılar bizə böyük sevinc gətirir. Yığıncaq görüşlərində olduğu kimi, toplantılarda da Müqəddəs Kitab barədə biliyimiz artır. Bunun sayəsində xoş xəbərin müjdəçiləri kimi daha səriştəli oluruq. Toplantılarımıza da hər kəs dəvətlidir. Pul yığılmır.

 Yehovanın Şahidləri üçün Müqəddəs Kitab məktəbləri

 Daha təkmilləşmiş təlim almaq üçün bəzi Şahidlər müxtəlif Müqəddəs Kitab məktəblərinə dəvət alırlar. Bu hansı məktəblərdir? Bu təlimin məqsədi nədir və təlim müddəti nə qədərdir? Bu məktəblərə kimlər dəvət olunur?

Öncül məktəbi

  •   Məqsədi: Öncül b adlanan tamvaxtlı xidmətçilərə təbliğ və tədris işində daha səriştəli olmağı öyrətmək. Dərs zamanı siniflə müzakirələr, səhnəciklər, nitqlər və məşğələlər keçirilir.

  •   Müddəti: Altı gün.

  •   Dəvət olunanlar: Öncül kimi bir il xidmət edənlər bu məktəbə dəvət olunur. Son beş il ərzində təlim keçməmiş öncüllər yenidən məktəbə dəvət oluna bilərlər.


Padşahlıq müjdəçiləri məktəbi

  •   Məqsədi: Təcrübəli tamvaxtlı xidmətçilərə xüsusi təlim vermək. Tələbələr təbliğ və tədris bacarıqlarını təkmilləşdirir, Müqəddəs Kitabdakı mövzuları dərindən araşdırırlar. Bir çox məzunlar daha çox müjdəçiyə tələbat olan ərazilərdə xidmət etməyə dəvət olunur.

  •   Müddəti: İki ay.

  •   Dəvət olunanlar: Müəyyən tələblərə cavab verən və şəraiti tələbat olan ərazidə xidmət etməyə imkan verən öncüllər bu məktəbi keçməyə dəvət olunur.


Yığıncaq ağsaqqalları üçün məktəb

  •   Məqsədi: Ağsaqqallara c yığıncaqdakı məsuliyyətlərini layiqincə görməyə kömək etmək. Onlar bacı-qardaşların qeydinə qalmağı, təlim verməyi, Allaha və dindaşlarına məhəbbətlərini artırmağı öyrənirlər (1 Butrus 5:2, 3).

  •   Müddəti: Beş gün.

  •   Dəvət olunanlar: Yeni təyin olunmuş ağsaqqallar, eləcə də son beş il ərzində məktəbdə olmayan bəzi ağsaqqallar da yenidən dəvət oluna bilərlər.


Rayon nəzarətçiləri və həyat yoldaşları üçün məktəb

  •   Məqsədi: Rayon nəzarətçiləri d adlanan səyyar nəzarətçilərə öz məsuliyyətlərini daha səmərəli icra etmələrinə kömək etmək (1 Timutiyə 5:17). Təlim proqramı ağsaqqallara və onların həyat yoldaşlarına Müqəddəs Kitabı daha dərindən öyrənməyə kömək edir.

  •   Müddəti: Bir ay.

  •   Dəvət olunanlar: Yeni təyin olunmuş rayon nəzarətçiləri və onların həyat yoldaşları xidmətlərini bir il icra etdikdən sonra bu məktəbə dəvət olunurlar. Onlar hər beş ildən bir yenidən bu məktəbdə təhsil ala bilərlər.


Məsul qardaşlar üçün məktəb

  •   Məqsədi: Ağsaqqallara və yığıncaq xidmətçilərinə e dünyadakı vəziyyəti və ərazidəki tələbatı nəzərə alaraq yığıncaqdakı məsuliyyətlərini yerinə yetirməyə kömək etmək (2 Timutiyə 3:1). Məktəb bir neçə ildən bir keçirilir.

  •   Müddəti: Dəyişir, əsasən, bir gün.

  •   Dəvət olunanlar: Rayon nəzarətçiləri, ağsaqqallar və yığıncaq xidmətçiləri.


Beytel xidməti məktəbi

  •   Məqsədi: Beyteldə f xidmət edənlərə gördükləri işdə püxtələşməyə, Allaha və bir-birilərinə dərin məhəbbət bəsləməyə kömək etmək.

  •   Müddəti: Beş gün yarım.

  •   Dəvət olunanlar: Beyteldə xidmətə yeni başlayanlar bu məktəbdə oxumalıdırlar. Son beş il ərzində təlim keçməmiş təcrübəli Beytel xidmətçiləri də yenidən dəvət ala bilərlər.


Gözətçi Qülləsinin Müqəddəs Kitab məktəbi Gilad

  •   Məqsədi: Tələbələrə Allahın Kəlamına dərin rəğbət aşılamaq və öyrəndiklərinə əsasən yaşamağa kömək etmək (1 Salonikililərə 2:13). Gilad məktəbində oxuyan ruhani cəhətdən yetkin kişi və qadınlar Yehovanın təşkilatına və ümumdünya maarifləndirmə işinə daha böyük töhfə verirlər. Məzunlar öz filiallarının ərazisinə, yaxud başqa ölkədə və ya filialda xidmət etməyə təyinat ala bilərlər.

  •   Müddəti: Beş ay.

  •   Dəvət olunanlar: Filial tamvaxtlı xidmətçilər arasından seçdiyi kəsləri bu məktəbdə oxumaq üçün ərizə doldurmağa təşviq edir. Məktəb Birləşmiş Ştatların Nyu-York ştatında Paterson şəhərində yerləşən tədris mərkəzində keçirilir.


Filial komitələrinin üzvləri və həyat yoldaşları üçün məktəb

  •   Məqsədi: Filial Komitələrinin g üzvlərinə öz filiallarında görülən işə, həmçinin filiallarının ərazisində olan ölkə və ya ölkələrdə Yehovanın Şahidlərinin fəaliyyətinə nəzarət etmək üçün təlim vermək.

  •   Müddəti: İki ay.

  •   Dəvət olunanlar: Yehovanın Şahidlərinin Baş idarəsi seçdiyi filial komitələrinin üzvlərini və onların həyat yoldaşlarını Nyu-York ştatının Paterson şəhərində yerləşən tədris mərkəzində keçirilən məktəbə dəvət edir.

 Yehovanın Şahidlərinin aldığı təlim nəyə əsaslanır?

 Yehovanın Şahidlərinin tədris planında əsas dərslik Müqəddəs Kitabdır. Biz inanırıq ki, Müqəddəs Kitab Allahın ruhunun təsiri ilə yazılıb və orada məsihi həyatının bütün sahələri üçün ən yaxşı məsləhətləri tapmaq olar (2 Timutiyə 3:16, 17).

 Yehovanın Şahidləri təlim almaq üçün pul ödəməlidirlər?

 Xeyr. Təlim pulsuzdur. Yehovanın Şahidlərinin fəaliyyəti könüllü ianələr hesabına dəstəklənir (2 Korinflilərə 9:7).

a Müqəddəs Kitab və ona əsaslanan dərs vəsaitlərimiz, o cümlədən videolar jw.org saytında yerləşir.

b Öncül hər ay vaxtının müəyyən hissəsini Müqəddəs Kitabdakı müjdəni başqaları ilə bölüşməyə həsr edən vəftiz olunmuş nümunəvi məsihidir.

c Məsihi yığıncağındakı ağsaqqallar Allaha uzun illər sədaqətlə xidmət edən kişilərdir. Onlar Yehovanın xalqına Müqəddəs Kitab əsasında təlim verir, kömək edir və ruhlandırır. Bu işin müqabilində məvacib almırlar.

d Rayon nəzarətçisi hər həftə təyin olunduğu rayondakı ayrı-ayrı yığıncaqları ziyarət edən tamvaxtlı xidmətçidir. O, Müqəddəs Kitaba əsaslanan nitqlər söyləməklə və xidmətdə bacı-qardaşlarla əməkdaşlıq etməklə onları ruhlandırır.

e Yığıncaq xidmətçiləri bacı-qardaşlara müxtəlif yollarla praktiki köməklik göstərirlər. Onların bu köməyi sayəsində ağsaqqalların təlim vermək və bacı-qardaşların qeydinə qalmaq üçün daha çox vaxtı olur.

f Beytel Yehovanın Şahidlərinin filiallarına verilən addır. Burada xidmət edən tamvaxtlı xidmətçilər öz filiallarının ərazisindəki Şahidlərin fəaliyyətini dəstəkləyirlər.

g Filial komitəsi üç və ya daha artıq ruhani cəhətdən yetkin kişidən ibarət olur.